Məktəbli formaları necə hazırlanır? - Bakı Tikiş Evindən REPORTAJ
Yeni tədris ilinin başlamasına 1 aydan çox vaxt qalsa da, Bakı Tikiş Evi (BTE) artıq məktəbli formalarının istehsalına və satışına başlayıb. Bundan əlavə, BTE məktəbli formalarının qiymətini də müəyyən qədər endirib. 
 
“Azərbaycan müəllimi” məktəbli formasına tələbatı, istehsal prosesini, satış və qiymətdəki vəziyyəti araşdırıb.
 
BTE-nin əsas ofisində yeni dərs ili ərəfəsində olduğu kimi sıxlıq müşahidə olunmasa da, məktəbli forması almaq üçün tək-tək alıcılar müraciət edirlər. Mağazaya gələn valideyn Elnarə Quliyeva 1-ci sinfə gedən övladı üçün məktəbli forması seçir. Həmsöhbətimiz deyir ki, ilk dəfə məktəbli forması aldığı üçün formaların qiymətindəki fərqdən məlumatlı deyil: “Lakin BTE-nin təklif etdiyi hazırkı qiymət büdcəmizə münasibdir”.
 
 
 
Bu il məktəbə ilk qədəmlərini qoyacaq Elton Quliyevlə də söhbət edirik. Geyim otağından çıxan kimi sevinclə bizə öz formasını göstərir, deyir ki, məktəbli formasını çox bəyənib.
 
Övladı üçün geyim seçməyə gələnlər arasında təkcə azyaşlıların valideynləri deyil, yeniyetmə məktəblilərin valideynləri də var. 9-cu sinifdə təhsil alacaq övladı ilə birgə geyim seçməyə gələn Əfsanə Mustafayeva deyir ki, BTE-nin geyimləri keyfiyyət cəhətdən daha yaxşıdır: “Biz hər yeni tədris ilində məktəbli formalarını BTE-dən alırıq. Çünki buranın geyimləri keyfiyyətli materialdan hazırlanıb. Bir neçə il əvvəl ticarət mərkəzlərindən birindən daha münasib qiymətə olduğu üçün məktəbli forması almışdım, lakin bu geyimin ömrü az oldu. Ümid edirik ki, buradan aldığımız forma daha uzunmüddətli olacaq”.
 
 
Gündəlik 100-150 satış olur
 
Satıcı Sevinc Abbasova deyir ki, ilin bu vaxtlarına görə satışlar olduqca yaxşıdır: “Hazırda günə təxminən 100-150 satış olur. Qiymətlərdən də hər kəs razıdır, çünki endirimlər var. Belə ki, ətək və şalvarlar 20 manat, polo köynəklər 15 manat, jaketlər isə 30 manatdır. Hələ ki, qiymət və keyfiyyətdən narazılıq edən olmayıb”.
 
Qeyd edək ki, Sevinc Abbasovanın dediyi qiymətlər 26-54 ölçülərə aiddir. 54 ölçüdən böyük formadalarda isə ətək və şalvarlar 25, köynəklər 20, jaketlər isə 35 manatdır.
 
 
Satış evindəki vəziyyətlə tanışlığımızın sonlarına doğru BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov söhbətimizi istehsalat fabrikində davam etdirmək üçün bizə yaxınlaşır. Bir vaxtlar - məktəbdə təhsil aldığımız müddətdə geyindiyimiz formaların tikiş prosesi ilə tanışlıq bizim üçün də maraqlıdır.
 
Fabrik işçilərinin fəaliyyətini müşayiət edirik. Hiss olunur ki, günlərinin çox hissəsini burada keçirirlər. Gərgin iş rejimində çalışırlar. İş gününün sonlarına doğru olsa da, hamı həvəslə çalışır. Səbəbini isə əlavə forma sifarişlərini çatdırmalı olduqları ilə izah edirlər.
 
 
 
Məktəbli formalarının istehsalında artım var
 
BTE-nin dərzisi Həcər Allahverdiyeva deyir ki, 13 ildir Bakı Tikiş Evində çalışır və burada məktəbli formalarının tikişini həyata keçirir: “Siyəzəndə peşə məktəbində dərzi peşəsi üzrə təhsil almışam. Əvvəllər Qubada evimizin yaxınlığında fabrikdə öz peşəm üzrə çalışırdım. Həmin fabrik bağlanandan sonra işləmək üçün buraya gəldim”.
 
Onun sözlərinə görə, məktəbli formalarının istehsalında artım müşahidə edilir: “Bütün yaşlara, ölçülərə uyğun geyimlərimiz var. Mən öz yaxınlarıma da buradan almağı tövsiyə edirəm”.
 
 
Həcər xanımla söhbətimiz əsnasında bizdən bir az aralıda parça üzərinə xüsusi alətlə döymə edən bir xanım diqqətimi çəkir. Yanına gedəndə öyrənirəm ki, baş usta Nəzirə Şirinova sağ və sol tərəflərinin eyni olması üçün ölçüləri müəyyən edir: “30 ildir ki, BTE-nin ustası kimi fəaliyyət göstərirəm. 1994-cu ilə qədər Ağdamda “Qarabağ” dəri emalı zavodunda çalışırdım. Ən böyük arzum bundan sonrakı illərdə, qismət olsa, fəaliyyətimi öz doğma torpaqlarımızda davam etdirməkdir. Ailə üzvlərimdən artıq Qarabağda çalışmağa başlayanlar da var”. 
 
Əslində, çoxumuzun arzusu Nəzirə xanımla eynidir. Onun arzularına şərik olaraq düşünürəm ki, artıq bizi öz doğma torpaqlarımızdan ayıran hansısa sərhəd yoxdur. 
 
 
BTE-nin 45 illik ustası…
 
Sərhəd demişkən, Nəzirə xanımla söhbətimizə başlayandan bu yana masaların yaratdığı balaca sərhəddən o tərəfdə canfəşanlıqla götür-qoy edən xanımlar da diqqətimi çəkir. Bir tərəfdən işlərini görürlər, digər tərəfdən söhbətləşir, prosesi bir-birlərinə ötürürlər. Fabrikin bu tərəfindəki masalarda əyləşənlərin ab-havası o biri tərəfdəkilərdən tamamilə fərqlidir.
 
 
 
Masalardan birində əyləşən xanıma yaxınlaşıram. Öyrənirəm ki, Xuraman Şıxalıyeva 45 ildir ki, burada çalışır. Bu da az müddət deyil. Xüsusilə, fabrik işçiləri üçün şərtlər bir az da fərqlidir. İlk dəfə tikiş fabrikində olurdum. Bu günə qədər öz peşəmin ağır bir sahə olduğunu düşünmüşəm, amma indi anlayıram ki, oturaq mühitdə, qapalı məkanda çalışmaq daha ağır və məsuliyyətlidir. Bəlkə də hər işin öz çətinliyi var məsəli özünü bu yerdə tam mənası ilə ifadə edir.
 
Ancaq BTE-nin dərzisi Xuraman xanım belə düşünmür, o deyir ki, peşəsini sevə-sevə çalışdığı üçün çətinliklər olanda gözünə görünmür: “Əvvəldən dərziliyə marağım olub. Peşə təhsil məktəbini də fərqlənmə ilə bitirmişəm. Buraya ilk dəfə təcrübəçi kimi gəlmişəm. Öz bacarıqlarımı nümayiş etdirəndən sonra BTE-də çalışmağa başladım”.
 
Xuraman Şıxalıyeva deyir ki, burada çalışdığı illər ərzində məktəbli formalarının materialı hər zaman müəyyən edilmiş qaydalara əsasən təyin edilib və geyimlərdə keyfiyyətli materialdan istifadə olunub. 
 
 
 
100 mindən artıq məktəbli formamız var
 
Müşahidələrimizin yekunlarına yaxın BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimovla da həmsöhbət oluruq. Bizə maraqlı olan digər sualların cavabını ondan alırıq. Onun sözlərinə görə, tikiş prosesi əsasən qış vaxtı həyata keçirilir: “Biz məktəb formalarının materiallarını Nazirlər Kabinetinin qərarına uyğun olaraq tənzimləyirik. Bu materialları da Türkiyə və Belarusiyadan alıb gətiririk. Bütün formaları tikib anbarlara yığılmışıq. Lazım olan qədər - 100 mindən artıq məktəbli formamız var”. 
 
 
E.Əzimov bildirib ki, BTE-nin Bakı şəhərində 11 satış mərkəzi var: “Satış mərkəzlərindən alınan bütün məktəb formalarına bir il zəmanət veririk. 6-7 rayonda da satış mərkəzləri açılıb, yeniləri də olacaq. Bölgələrdən bizə edilən müraciətlərə əsasən mağazaları açırıq. Bəzən də orada olan iş adamları bizdən topdansatış qiymətinə alıb bizim qiymətlərlə satırlar. Bundan əlavə, hər məktəb seçdiyi rəngi minimum üç il geyməlidir. Bəyənirsə, dördüncü il də eyni rəngi istifadə edə bilər, ancaq dəyişmək hər il dəyişmək olmaz. Çünki hər il yenisini almağa hər kəsdə maddi imkan yoxdur”. 
 
 
Saxta məktəbli formaları uşaqlarda allergiya yarada bilər
 
 
 
 
Şöbə müdiri qeyd edib ki, məktəbli formalarının qiyməti müəssisənin daxili imkanları hesabına ucuzlaşıb: “Əlbəttə, bu çox yaxşı haldır, alıcılar da məmnundur. Həm də qiyməti daha əlçatan etdik ki, insanlar saxta formalardan qaçıb, keyfiyyətli məhsula üstünlük versinlər. Keyfiyyət fərqi də adi gözlə görünür. Əvvəla, onun materialı çox nimdaş olur. Ona görə kim istəyir ki, uşağı keyfiyyətli məktəb forması geyinsin, bizim rəsmi mağazalara üz tutsunlar. Çünki saxta mallar uşaqlarda səpkilərə, allergik reaksiyalara da səbəb ola bilir. Biz sırf bu cür halların baş verməməsi üçün ən uyğun addım kimi, qiyməti endirdik. Bundan sonrası vətəndaşların özlərinin seçim etməsindən asılıdır”.
 
Günel ABBAS
Foto: Kənan QAFAROV


09.08.2024 | 16:29