Yeni tələbə kartlarının istifadəyə verilməsinə dair memorandum imzalanıb | |
Bu gün Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında yeni tələbə kartlarının istifadəyə verilməsi məqsədilə əlamətdar bir memorandum imzalanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Azərbaycan üzrə ölkə meneceri, Baş direktoru Nurlan Hacıyev imzalayıblar.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov dövlət-özəl tərəfdaşlığı çərçivəsində atılan bu addıma görə hər iki tərəfdaş quruma təşəkkürünü bildirib. E.Nəsibov bu layihənin tələbələrimizin gündəlik həyatını asanlaşdırmaq və onlara müxtəlif imtiyazlar təqdim etməklə yanaşı, rəqəmsal texnologiyaların təhsildə geniş tətbiqini təmin etmək məqsədi daşıdığını qeyd edib. Təhsilin İnkişafı Fondu olaraq, daima tələbələrin ehtiyaclarına diqqət yetirdiklərini vurğulayan Fond sədri onlara ən yüksək səviyyədə dəstək verməyə hazır olduqlarını bir daha vurğulayıb.
Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə Kapital Bankın ölkənin ən böyük işəgötürən maliyyə qurumlarından biri olaraq hər zaman təhsilin və elmin inkişafına dəstək göstərdiyini bildirib.
Fərid Hidayətzadə bugünkü təşəbbüsün Kapital Bank üçün olduqca önəmli olduğunu, rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə, tələbələrin bu imkanlardan faydalanmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. Bu günün təhsilli gənclərinin, gələcəyin peşəkar mütəxəssisləri olduğunu vurğulayan F.Hidayətzadə, bu gün investisiya edilən hər bir gənci gələcəkdə Bankın əməkdaşı kimi dəyərləndirdiyini dilə gətirib.
“Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Azərbaycan üzrə ölkə meneceri, Baş direktoru Nurlan Hacıyev bildirib ki, təhsil sahəsi və insan kapitalının inkişafı hər zaman şirkətin diqqət mərkəzindədir. “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Azərbaycan təhsilinə dəstək göstərməyə hər zaman hazır olduğunu qeyd edən N.Hacızadə, şirkətinin bu layihənin bir hissəsi olmasından məmnunluq hissini və gələcəkdə layihənin bütün ölkə tələbələrini əhatə etməsini hədəflədiyini bildirib.
Görüşdə iştirak edən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev və Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında baş tutan bu əməkdaşlığın uğurla nəticələnəcəyinə və gənclərimizin gələcəkdə daha böyük nailiyyətlər əldə etməsinə zəmin yaradacağına əmin olduqlarını vurğulayıblar.
|
|
08.08.2024 | 18:34 | |
|
|
|