Ceyhun Kərəmov: Bərpa olunan enerji sahəsində yeni ixtisaslar yaradılır - MÜSAHİBƏ (FOTO/VİDEO) | |
2024-2025-ci il tədris ilində peşə təhsili üzrə son 10 ilin ən yuxarı qəbul planı təsdiqlənib. 23 mindən çox dövlət sifarişli yerlər ayrılıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Trend-ə müsahibəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.
O qeyd edib ki, bu il, eyni zamanda, ali təhsilə keçid imkanı verən yüksək texniki peşə üzrə qəbul planı artırılıb.
“Ən vacib məsələlərdən biri də odur ki, cari ildə 9 yeni ixtisas yaradılıb. Bu ixtisaslar həm sənayenin tələblərinə, həm də dövrün reallıqlarına cavab verir, ölkəmizdə baş verən böyük iqtisadi, sosial, siyasi tədbirlərlə ayaqlaşır. Bu il biz alternativ, "yaşıl" enerji sahəsində 2 yeni ixtisas yaratdıq. Ölkəmizdə COP29 tədbiri keçiriləcək, "yaşıl" iqtisadiyyatla bağlı konkret prioritetlər müəyyənləşdirilib və biz bu il həm günəş panellərinin texniki təmiri, həm də alternativ enerji sistemləri üzrə mütəxəssis hazırlığı üzrə ixtisaslar üzərində işləyirik. Bu ixtisaslar bizə imkan verəcək ki, Azərbaycanda hazırda yeni formalaşan, amma gələcəkdə daha böyük planlarımız olan bərpa olunan enerjinin külək və günəş istiqamətində texniki kadrlar hazırlayaq və bu sahəni gücləndirək. Ümid edirik ki, buradakı tədrislə nəzəri, texniki, praktiki bilikləri gənclərimizə aşılaya bilərik ki, onlar daha yaxşı mütəxəssis olsunlar.
Bu il yeni olan məsələlərdən biri ondan ibarətdir ki, bir neçə yeni müəssisəmizin layihələndirilməsi istiqamətində iş gedir”, – deyə o əlavə edib.
Peşə təhsilində ləğv edilən və yeni yaradılan ixtisaslar
C.Kərəmov bildirib ki, peşə təhsili sistemi əmək bazarının tələblərinə digər təhsil pillələrindən daha çevik, daha tez reaksiya verir.
"Bunun baş verməsi üçün bir neçə vacib şərt var. Ən vacib şərt odur ki, peşə təhsili müəssisələri, agentlik olaraq, biz işəgötürənlərin tələblərini anlamalı, ehtiyaclarını duymalıyıq. Adətən, ölkədə əmək bazarında aparılan araşdırmalar, eyni zamanda, ölkənin növbəti 5-10 ildə iqtisadi inkişaf prioritetlərini nəzərə alaraq, yeni ixtisaslar təqdim etməyə başlayırıq. Həmçinin, bir çox hallarda sənayedə sektoral məlumatlar, işəgötürənlərin təklifləri əsasında yeni ixtisaslar üzrə tələbə qəbulu elan edirik.
Bu il 9 yeni ixtisas üzrə tələbə qəbulu həyata keçirəcəyik. Peşə təhsili ixtisas təsnifatında bir sıra ixtisaslar var ki, bugünkü əmək bazarında onlara ehtiyac yoxdur. Onlar təsnifatdan çıxarılacaq. Bu səbəbdən peşə təhsili ixtisas təsnifatının dəyişdirilməsi istiqamətində fəaliyyətə başlamışıq. Gələn il peşə təhsili ilə bağlı yeni ixtisas təsnifatları təqdim ediləcək.
Bu il dediyim 9 ixtisasdan ikisi alternativ enerji istiqamətində, "yaşıl" enerjiyə keçidlə bağlı yaratdığımız ixtisaslardır. Digər ixtisaslar isə həm yeni sahələri, həm də ənənəvi sahələrdə yeni proqramları ehtiva edir. Məsələn, biz bu il dronlara texniki xidmət və təmir üzrə texnik ixtisasını ilk dəfə təqdim edirik. Bu ixtisaslar yalnız iki müəssisəmizdə pilot layihə kimi tətbiq olunacaq.
Şəhərimizə, ölkəmizə baxsaq, hər il idxal olunan elektrik və hibrid avtomobillərin sayı artır və bu da artıq bu sahədə xidmət göstərə bilən mütəxəssislərə ehtiyac yaradır. Bunu nəzərə alaraq artıq bu istiqamətdə bir illik texniki peşə səviyyəsində kadr hazırlığını həyata keçirəcəyik. Bu il ilk dəfə olaraq, tibbi avadanlıqların təmiri və xidməti üzrə ixtisas yaradacağıq.
Bir çox hallarda işəgötürənlərlə işləyərkən müəyyən edirik ki, hazırladığımız kadrlar, proqramlar və yaxud da ixtisaslar onların tələblərinə uyğun deyil. Agentlik olaraq açıq kommunikasiyaya çox maraqlıyıq”, - deyə o əlavə edib.
Peşə məktəblərinin infrasturktur problemi
Agentlik direktoru vurğulayıb ki, ölkəmizdə peşə təhsili infrastrukturu bu gün istənilən səviyyədə deyil.
“Nəzərə alsaq ki, peşə təhsilinə il keçdikcə maraq artır, hər il qəbul plan yerləri artırılır.
Ermənistanın Azərbaycan torpaqlarını işğalı dövründə bir çox sahələrə olduğu kimi, təhsil sahəsində də infrastruktur məcburi köçkünlərimizin yerləşdirilməsi istiqamətində istifadə edilib. Buna baxmayaraq, eyni zamanda, bir çox peşə təhsilinin forması və tələblər dəyişdiyi üçün artıq bu günün peşə təhsili müəssisələri əvvəlki peşə təhsili müəssisələrindən fərqlənir və ölkəmizdə son 10 ildə çox müasir peşə təhsili müəssisələri tikilib.
Məsələn, Bakıda, Gəncədə, Qəbələdə, Cəlilabadda bizim yeni peşə təhsili müəssisələrimiz tikilib, istifadəyə verilib. Bizim bu gün peşə təhsili müəssisələrinə ehtiyac və tutumumuz ölkədə olan ehtiyacı tam qarşılamağa imkan vermir. Ölkə üzrə baxsaq, 9-cu sinfi bitirən şagirdlərimizin təqribən 10-25 faizini peşə təhsili müəssisələrinə cəlb edə bilirik. Bakı üzrə baxsaq, 20-25 min şagird 9-cu sinfi bitirir. Təqribən 4 minini peşə məktəblərinə qəbul etmişik. Bu ehtiyacın nə dərəcədə olduğunu görə bilərik. Hesablamalarımız göstərir ki, növbəti 5-10 ildə ölkə ərazisində 25 yeni müəssisə tikilməli və ya bərpa edilməlidir ki, peşə təhsilinə daha çox şəxs cəlb edə bilək”, – deyə o bildirib.
Peşə təhsili müəssisələrində təhsilverənlərin monitorinqi
Ceyhun Kərəmov qeyd edib ki, təhsilverənlərin keyfiyyətinin artırılması vacib prosesdir.
“Biz bu il ilk dəfə yeni qaydalar çərçivəsində təhsilverənlərin işə qəbul prosesini həyata keçiririk. Növbəti illərdə sertifikasiya keçirilməsi nəzərdə tutulur. Hazırda konkret zaman deyə bilməyəcəyik. Çünki peşə təhsilində sertifikasiyanın keçirilməsi uzun prosesdir. Biz yalnız 136 ixtisas üzrə tələbə qəbulu həyata keçiririk. Yəni hər bir ixtisas sahəsi üzrə sertifikasiyanın keçirilməsi kifayət qədər vaxt və resurs tələb edən bir prosesdir. Amma növbəti qısa və orta müddətdə sertifikasiyanın keçirilməsini planlaşdırırıq.
Bir çox hallarda peşə təhsili məktəblərində təhsilverənlərin işə götürülməsində qaydaların olmaması, həqiqətən, uyğun təhsili və ya təcrübəsi olmayanların təhsilverən kimi işə götürülməsi ilə nəticələnib. Onlar bizim gənclərimizi, tələbələrimizi əmək bazarına hazırlaya bilmirlər. Bu da bizim üçün müəyyən çətinliklər yaradır. Bu baxımdan, bu, günümüzün reallığıdır, tələbidir və belə deyim ki, qısa və orta müddətdə biz bu istiqamətdə konkret fəaliyyətlərlə bağlı ictimaiyyəti məlumatlandıracağıq”, – deyə o əlavə edib.
İllik təhsil haqqında dəyişikliklər
Agentlik direktoru bildirib ki, son iki ildə peşə təhsilində adambaşına maliyyələşmə metodundan istifadə edilir.
"Adambaşına maliyyələşməyə keçid bizə imkan verir ki, peşə təhsili müəssisələrində tələbə hazırlığına lazım olan xərclər daha real qiymətləndirilsin. Gəlin, razılaşaq ki, Azərbaycanda ödənişli əsaslarla peşə təhsilində tələb olunan ödəniş haqqı təhsil üçün çox aşağıdır. Yəni 650 manata keyfiyyətli qaynaqçı hazırlamaq mümkün deyil. Amma hazırda qaynaqçı ixtisası üzrə təhsil haqqı 650 manatdır. Bir çox hallarda müəyyən edilən ödənişlər bizə müəllimlərin əməkhaqlarını ödəməyə imkan vermir. Bu, reallıqdır və bir çox müəssisəmizdə bu kimi hallar mövcuddur.
Adambaşı maliyyələşməyə keçdiyimiz müəssisələrdə bir sıra ixtisaslarda artıq qiymətlər fərqlənir. Məsələn, qaynaqçı, kompüterlərin təmiri üzrə mütəxəssis, kibertəhlükəsizlik üzrə mütəxəssis ixtisaslarında qiymətlər fərqlidir. Biz bilirik ki, kargüzarlıq üzrə mütəxəssis hazırlanması ilə qaynaqçı hazırlanmasının qiymətləri eyni deyil. Çünki kargüzarlıqda istifadə etdiyimiz material, elektrik enerjisi sərfiyyatı çox aşağı olduğu halda, qaynaqçı ixtisasında bu, daha çoxdur. Eynilə kibertəhlükəsizlik üzrə texnik hazırlayırıqsa, başa düşməliyik ki, bu sahədə keyfiyyətli tədris keçə bilən müəllimlərin əməkhaqqı tələbləri daha yüksəkdir. Bu baxımdan, növbəti illərdə peşə təhsilində qiymətlərin uyğunlaşdırılmasına ehtiyac var", - deyə C.Kərəmov əlavə edib.
Agentlikdə aşkarlanan nöqsanlar
Direktor onu da vurğulayıb ki, bir çox peşə təhsili müəssisələrində bir sıra problemlər aşkar edilib.
“Burada bir neçə istiqamətdə problemlər mövcuddur. Məsələn, dərs yükünün bölüşdürülməsi istiqamətində ciddi nöqsanlar olan müəssisələrimiz olub. Eyni zamanda, dövlət əmlakının idarə edilməsi və tələbələrin hüquqlarının pozulması ilə bağlı böyük nöqsanlar aşkarlanıb. Agentlik olaraq tabe müəssisələrimizdə mütəmadi monitorinq və auditlər həyata keçiririk, hesabatlar hazırlayırıq. Bir çox hallarda güman edirik ki, məsələdə cinayət tərkibli əməllər var və ya hüquq-mühafizə orqanlarının cəlb edilməsi vacibdir, biz müvafiq olaraq bu məsələlərlə bağlı həmin müvafiq qurumlara müraciət edirik.
İnanırıq ki, bu xoşagəlməz hallar aradan qaldırılmalıdır. Agentlik olaraq növbəti illərdə bu istiqamətdə fəaliyyətimizi gücləndirəcəyik. Bu ilin ilk altı ayında 10-a yaxın müəssisə rəhbərini işdən azad etdik, bir neçəsi inzibati qaydada tənbeh olunub. Davamlı şəkildə qaydaların tətbiqi, eyni zamanda, onlara əməl olunmasına nəzarət bu tip halların aradan qaldırılmasına və minimuma endirilməsini gətirib çıxaracaq. Bu, həm də keyfiyyət məsələsidir”, - deyə C.Kərəmov bildirib.
Peşə təhsilində "yaşıl" enerjiyə keçid
C.Kərəmov vurğulayıb ki, peşə təhsili sistemində yeni ixtisaslar yaradılır.
"Həmin proses çərçivəsində günəş panelləri quraşdırıcısı və təmirçisi üçün, eyni zamanda, alternativ enerji qurğu və avadanlıqlarının istismarı üçün təhsilverənlərin işə qəbulu elan edilib.
Hazırda bu, Azərbaycanda yeni sahə olduğundan biz bu sahədə müəssisələrimizdə çoxlu mütəxəssislərin olduğunu iddia etmirik. Yeni mütəxəssislər cəlb etməyə çalışırıq.
Bu enerji sistemlərinin tədrisini, praktiki təcrübəsini təşkil etmək üçün emalatxana sistemlərinin qurulması işlərinə başlamışıq və bu sahədə Azərbaycanda fəaliyyət göstərən enerji şirkətləri ilə yaxından əməkdaşlıq planlaşdırırıq”, – deyə o əlavə edib.
Qarabağda peşə təhsili alacaq şəxslərə güzəştlərin tətbiqi
Agentlik rəsmisi əlavə edib ki, Qarabağda 8 peşə təhsili müəssisəsinin istifadəyə verilməsi nəzərdə tutulur.
"Hazırda Füzuli şəhərində 850 nəfərlik tələbə tutumu olan müəssisə tikilir. Eyni zamanda, Qubadlı, Zəngilan, Ağdam və Şuşada müəssisələrin layihələndirilməsi işi ilə məşğuluq. Yanaşmamız ondan ibarətdir ki, hər rayondakı peşə təhsil müəssisəsi həmin regionun potensialına uyğun olsun.
Artıq biz bilirik ki, bütün məktəblərimizdə "yaşıl" enerji ilə bağlı ixtisaslarımız olacaq. Şuşa Dövlət Peşə Təhsil Mərkəzində 3 yeni ixtisas ölkədə ilk dəfə tədris olunacaq. Həmin peşələr daş memarlıq abidələrinin bərpaçısı, bədii tikmə ustası, musiqi alətlərinin ustası ixtisaslarıdır. İxtisaslar çox fərqli olacaq.
Hazırda Qarabağda peşə məktəblərində təhsil alacaqlar üçün konkret güzəştlər təsdiq olunmayıb. Biz belə bir təklif vermişik ki, oraya qayıdan və peşə təhsili alan əhaliyə müəyyən güzəştlər tətbiq edilsin. Amma bu hələ də təklif mərhələsindədir. Digər qurumlar məqbul sayarsa, bu təklif qəbul edilsə, oraya qayıdan əhali üçün yeni imkanlar olacaq", - deyə C.Kərəmov bildirib.
|
|
08.08.2024 | 09:30 | |
|
|
|