“Müasir metodist” layihəsi çərçivəsində növbəti qruplar üçün təlimlərə başlanılıb
Təhsil İnstitutu tərəfindən ümumi təhsil müəssisələrində metodiki işin qurulması məqsədilə həyata keçirilən “Müasir metodist” layihəsi çərçivəsində növbəti qruplar üçün təlimlərə başlanılıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, 5 avqust tarixindən başlanılan təlimlərə “Müasir metodist” layihəsinin müsahibə mərhələsindən uğurla keçmiş Bakı şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil İdarələrinin tabeçiliyində olan ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, xarici dil və riyaziyyat fənlərini tədris edən müəllimləri cəlb olunub.
 
Təlimin məqsədi ümumi təhsil müəssisələrində metodiki işin təşkilinə cəlb olunacaq metodist namizədlərinin metodiki bacarıqlarının inkişaf etdirilməsi, metodist fəaliyyəti üçün zəruri olan nəzəri, praktiki bilik və bacarıqlarının təkmilləşdirilməsi və münbit öyrənmə mühitinin yaradılmasıdır.
 
Namizədlər təlimin indiyə qədər olan hissəsində XXI əsr bacarıqları, şagirdlərdə və müəllimlərdə açıq düşüncə tərzi, şagirdlərdə təfəkkürü inkişaf etdirən tapşırıqlar hazırlamaq məqsədilə interaktiv fəaliyyətlərdə iştirak ediblər. Praktik əsaslı təlimdə müəllimlər verilən tapşırıqları yerinə yetirir, aktiv müzakirələrdə iştirak edir, real situasiyalara əsaslanan problem əsaslı öyrənmə vasitəsilə bacarıqlarını təkmilləşdirirlər.
 
Təlimin növbəti günlərində müdavimlərin qiymətləndirmə, şagirdlərə fərdi yanaşma, planlaşdırma, oxuyub-anlama, yumşaq bacarıqlar, idarəetmə, liderlik və metodist fəaliyyəti üçün zəruri olan digər bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur.


07.08.2024 | 09:47