Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanına ehtiyac varmı? – Mütəxəssis rəyi
Avqustun 4-də "Jurnalist" ixtisasına yiyələnmək istəyən abituriyentlər üçün keçirilən qabiliyyət imtahanı bir məsələni gündəmə gətirdi: Bu ixtisası seçən gənclər üçün qabiliyyət imtahanı vermək hazırda nə dərəcədə aktualdır?
 
Məlumat üçün bildirək ki, əvvəllər "Jurnalistika" ixtisasına qəbul həm şifahi, həm də yazılı olmaqla iki mərhələdən ibarət təşkil edilirdi. Və sözün həqiqi mənasında əsl ələnmə məhz bu mərhələdə olurdu. Həmin mərhələdən çox az sayda gənc keçə bilir, sonra qəbul imtahanları başlayırdı. Ümumiyyətlə, jurnalistikaya digər ixtisaslarla müqayisədə daha az abituriyent qəbulu aparılırdı. Bu ixtisas üzrə təhsil almaq istəyənlərin sayına yox, keyfiyyətinə, nə qədər peşəkar və yaradıcı olduqlarına üstünlük verilirdi. Daha sonralar qabiliyyət imtahanları ləğv edildi və sadəcə blok imtahanlarında müvafiq keçid balını toplayanlar qəbul edilməyə başlanıldı. Artıq bir neçə ildir qabiliyyət imtahanı mərhələsi yenidən bərpa olunub. Lakin maraqlıdır ki, proses effektiv nəticə verirmi?
 
Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmlinin mövzu ilə bağlı paylaşımında qabiliyyət imtahanlarının bərpasından sonra "Jurnalist" ixtisasının keçid balının aşağı düşməsi, təkcə esse əsasında jurnalistik bacarıqlarının müəyyən edilməsinin mümkünsüzlüyü öz əksini tapıb. Söylənilən fikirlə razılaşanlar da oldu, qarşı çıxanlar da. Hətta qabiliyyət imtahanına müsahibə mərhələsinin əlavə olunmasının zəruri olduğu da səsləndirilən fikirlər arasında idi.
 
 
Mövzunun aktuallığını nəzərə alaraq “Azərbaycan müəllimi” Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmlinin və jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlunun fikirlərini öyrənib.  
        
"Jurnalistikada praktika öndə olmalıdır"
 
Qulu Məhərrəmlinin fikrincə qabiliyyət imtahanının keçirilməsi abituriyentlər üçün əlavə həyəcandır:
 
"Ən pisi odur ki, bu imtahanın tədris üçün heç bir praktik əhəmiyyəti yoxdur. Çünki abituriyentin qəbulda yazdığı esse (inşa) ilə onun jurnalist qabiliyyətini aşkar etmək mümkünsüzdür. Hekayə qurmaq, ona forma vermək, giriş, əsas hissə və nəticəyə gəlmək kimi qabiliyyətlər bizim şagirdlərə orta məktəblərdə öyrədilir. Digər tərəfdən, axı jurnalistika ədəbi yaradıcılıq (hekayə, şeir və s.) sahəsi deyil, cəmiyyətə bağlı olan sosial institutdur. Amma biz abituriyentə (fantaziyanın gücü ilə) esse yazdırmaqla (publisistika), onu ibarəli, obrazlı ifadə tərzinə yönəltməklə faktiki olaraq indidən jurnalistikanın, ilk növbədə isə fakta əsaslanan xəbərləmənin mahiyyətini təhrif edirik". 
 
Professorun sözlərinə görə, əsas məsələ odur ki, qabiliyyət imtahanının xofuna görə jurnalistikaya sənəd verənlərin sayı kəskin şəkildə azalıb, qəbul balları və ümumi səviyyə isə çox aşağı düşüb:
 
"Yəni təcrübə göstərir ki, "Jurnalist" ixtisasına qəbulda qabiliyyət imtahanı tamamilə artıq bir şeydir və xeyirdən çox zərəri var. Təbii ki, bu məsələyə başqa yanaşmalar da ola bilər, amma acı reallıq dediyim kimidir. Mən jurnalistikada qabiliyyət imtahanının olmasının effektini görmədiyim, əvvəlki illərlə müqayisədə heç bir irəliləyişin olmadığını, əksinə bir geriləmənin olduğunu gördüyüm üçün hesab edirəm ki, belə bir imtahanın keçirilməsinə  ehtiyac yoxdur. Əlbəttə, insanın özünün də müəyyən qabiliyyəti olmalıdır. Bu qabiliyyət müəllimdə, həkimdə, mühəndisdə, memarda və digər adlarını qeyd etmədiyimiz ixtisaslara yiyələnmək istəyənlərin hər birində olmalıdır. Ona görə jurnalistikanı bu cür artıq prosedurlarla yükləmək və abituriyentləri həmin ixtisasdan çəkindirmək olmaz. İndi bilirsiniz ki, jurnalistikanın tətbiqi sahələri genişlənir.Texnologiya, sistem, yanaşmalar dəyişir, ciddi peşə bacarıqları tələb olunur. Bunlardan danışmaq lazımdır. Belə baxanda, nəzəri cəhətdən demək olar ki, qabiliyyət söylədiyim kimi bütün sahələrə aiddir. Qabiliyyət imtahanı insandan xüsusi istedad tələb edən sahələrdə, məsələn, musiqi, aktyorluq, idman, rəssamlıq və s. üzrə aprılmalıdır. Jurnalistika isə tədricən yazmaqla, vərdişləri formalaşdırmaqla hasilə gələn peşədir. Burada yazı vərdişləri sahə və janrlar (xəbər, analitika, data, reportaj və s.) üzrə öyrədilir.
 
Mütəxəssis qeyd edir ki, digər məsələ bu yazıların necə yoxlanılması ilə bağlıdır: “Bəs bu yazıları kimlər necə yoxlayır, obyektivlik nə dərəcədə gözlənilir? Bunu demək də çətindir. Əvvəlki illərdən fərqli heç bir dəyişiklik müşahidə olunmur. Hər qrupda təqribən 5-10 istedadlı tələbə olur. Geridə qalanların isə jurnalistika haqqında təsəvvürü belə doğru-düzgün deyil. Mənim fikrimcə, belə bir qabiliyyət imtahanının olması nə gənclərə, nə jurnalistikaya, nə də təhsil sisteminə fayda verir. Onun ləğvi daha məqsədəuyğundur”.
 
Bəs keyfiyyətli jurnalist kadrlarının hazırlanması üçün nə kimi işlər görülməlidir?
 
Qulu müəllim jurnalistikanın tədrisi ilə bağlı məsələlərə yenidən baxılmasının zəruri olduğunu bildirir. O, hesab edir ki, fənlər dövrlə, reallıqla səsləşməlidir:
 
"Həm bakalavr, həm də magistratura səviyyələrində yeni ixtisaslara ehtiyac var. Jurnalistikada praktika öndə olmalıdır. Yəni, gənclər yazmağı, reportaj hazırlamağı, saytlarla işləməyi, dizayn verməyi, duymağı, çatdırmağı, təqdimatı, media marketinqi kimi vacib məsələləri bilməli, onların praktiki bacarıqları olmalıdır. Tələbələrimiz bunların hamısını tədris prosesində öyrənməlidirlər. İkinci vacib məsələ isə bizim tədrisi necə yaxşılaşdırmağımızdır. İndi bəzi insanlar sovet dövrü üçün nostalji hissləri keçirirlər. O dövrdə jurnalistlərə müəyyən tələblər qoyulurdu. Müəyyən çətinliklərə, qadağalara baxmayaraq o sistem çərçivəsində də açıqfikirli, cəsarətli, fədakar, prinsipial jurnalistlərimiz var idi. Bax o prinsipiallıq, həqiqətə sadiqlik, peşəyə bağlılıq jurnalistikanın gözəl keyfiyyətlərindəndir. Məhz həmin keyfiyyətləri  - jurnalistin cəmiyyətə həqiqəti çatdırmasını, nöqsanları açıq-aşkar tənqid etməsini, gözəl və cəsarətli yazılar yazmalarını tədris prosesində tələbələrimizə aşılamalıyıq. Bunlar hamısı vacibdir və əlbəttə ki, xüsusi müzakirəyə ehtiyacı olan məsələlərdir”.     
  
"Bu şəkildə qabiliyyət imtahanının keçirilməsinin praktik cəhətdən faydası yoxdur"
 
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu da bildirib ki, əslində ali təhsil ocaqlarında bakalavr səviyyəsi üzrə “Jurnalist” ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanlarının keçirilməsi məsələsinə münasibət birmənalı deyil və bu da anlaşılandır. Bunun başlıca səbəbi də həmin imtahanlarla bağlı gözləntilərdir:
 
 
""Həmin gözləntilər özünü nə dərəcədə doğruldur?" sualı açıq olaraq qalır. Və məsələ ilə bağlı fikir ayrılıqlarının olması da buradan qaynaqlanır. Təbii ki, jurnalistika xüsusi diqqət və eyni zamanda istedad tələb edən bir peşədir. Bu mənada qabiliyyət imtahanının olması müsbət haldır. Sovet dövründə də "Jurnalist" ixtisasına qəbul olmaq istəyənlər üçün xüsusi kriteriyaralar mövcud idi və qabiliyyət imtahanı keçirilirdi. Lakin bizim mövqeyimiz bundan ibarətdir ki, bu şəkildə qabiliyyət imtahanının keçirilməsinin praktik cəhətdən faydası yoxdur”.
 
Vüqar Zifəroğlunun sözlərinə görə, "Jurnalist" ixtisası üzrə qabiliyyət imtahanı yalnız yazı bacarığını deyil, eyni zamanda intellektual səviyyəni, dünyagörüşünü, müasir vizyonu üzə çıxartmalı, gəncin niyə məhz bu peşəni seçmək istəyinə aydınlıq gətirməlidir:
 
"Lakin hazırkı formada qabiliyyət imtahanında biz sadəcə 11-ci sinif səviyyəsində inşa yazısının, bir çox hallarda qrammatik nöqteyi-nəzərdən yoxlanılması və qiymətləndirilməsi prosesinin şahidi oluruq. Halbuki essenin özünə yanaşmalar da artıq dəyişib. Gəlin baxaq, imtahana qatılan abituriyentlərin neçə faizi müasir essenin ən vacib komponenti olan tezis-arqumentləşdirmə strukturundan yararlanmaqla yazı işi ortaya qoya bilir? Yəni, məqsəd sadəcə yazı vərdişinin qiymətləndirilməsi üzərində aparıla bilməz, bu, doğru yanaşma deyil. Ümumiyyətlə, jurnalistika yalnız esse yazmaqdanmı ibarətdir?! Unutmaq olmaz ki, jurnalistikada yazı vərdişləri sahə və janr özəlliyinə görə öyrədilir və bunlar fərqlənir. Bir daha xüsusi vurğulamaq istərdim ki, jurnalistika ədəbi-bədii yaradıcılıq sahəsi deyil, jurnalistika cəmiyyətə təsir etmək gücünə malik sosial-siyasi institutdur. Strateji sahədir, XXI əsr insanı üçün olduqca vacib istiqamətdir. Bu peşəyə yanaşma da bu formada olmalıdır. Hazırkı şəkildə qabiliyyət imtahanının keçirilməsinin nəticəsi isə bundan ibarətdir ki, qəbul balları aşağı düşür, qəbul olunanların səviyyəsi isə zəif olur”.
 
Samirə KƏRİMOVA


06.08.2024 | 10:07