ADNSU qızıl hasilatı ilə məşğul olan şirkətlə Anlaşma Memorandumu imzalayıb | |
Noyabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azərbaycan İnterneyşnl Mayninq Compani Limited” (AİMK) şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, AİMK-nin texniki işlər üzrə vitse-prezidenti Fərhəng Hedjazi, həmçinin ADNSU və AİMK-nin nümayəndə heyəti və digər qonaqlar iştirak edib.
Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı çıxış edərək universitetdə həyata keçirilən islahatlar barədə məlumat verib, ali məktəblə müəssisələr arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyətindən danışıb.
AİMK-nin texniki işlər üzrə vitse-prezidenti Fərhəng Hedjazi təmsil etdiyi qurum haqqında məlumat verib, görülməsi planlaşdırılan işlər və gələcək perspektivlər barədə danışıb.
Görüşdə AİMK şirkətinin istehsalat bazasında onun profilinə uyğun təhsil alan ADNSU tələbələrinin istehsalat təcrübəsi keçməsi, ixtisaslaşmış kadr potensialının hazırlanması, universitetin elmi-texniki potensialını cəlb etməklə şirkətin istehsal prosesində rastlaşdığı problemlərin həll edilməsi istiqamətində əməkdaşlıq proqramının həyata keçirilməsi baxımından imzalanacaq memorandumun əhəmiyyəti qeyd olunub.
ADNSU-nun doktorantları Famil Həmidov “Dağ mədən sənayesində tətbiq olunan SAG dəyirmanların iş görmə qabiliyyətinin yüksəldilməsi”, Aydın Bayramov “Gədəbəy, Qədir və Uğur filiz yataqlarının potensial imkanları və istehsalının effektivliyi” mövzusunda təqdimatla çıxış ediblər
Geologiya-mineralogiya üzrə elmlər doktoru, professor Musa Məmmədov iki qurum arasındakı əlaqələrin əhəmiyyətini qeyd edib, geologiya və dağ-mədən sahəsinin inkişafı üçün elm və təcrübənin birliyinin vacibliyindən danışıb.
Sonra tərəflər arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sonda ADNSU-nun rektoru, prof. M.Babanlı AİMK-nin texniki işlər üzrə vitse-prezidenti Fərhəng Hedjaziyə təşəkkür edərək bu anlaşma memorandumunun təhsilə və elmi-texniki inkişafa dəstək, eləcə də geologiya və dağ-mədən sahəsində ixtisaslaşmış insan resurslarının formalaşdırılmasına töhfə verilməsi baxımından vacibliyini qeyd edib.
Qeyd edək ki, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited”(AİMK) Azərbaycanda qızıl hasilatı sahəsində fəaliyyət göstərən şirkətdir. AİMK Azərbaycan Höküməti ilə “RV Investment Group Services” şirkəti arasında 1997-ci ildə imzalanmış Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazışə müvafiq olaraq 1998-ci ildə təsis edilib. Şirkət Gədəbəy kontrakt sahəsində qızıl hasilatı üzrə əməliyyatlar aparır, Qoşa və Ordubad kontrakt sahələrində isə kəşfiyyat işləri ilə məşğuldur.
Hazırda AİMK Azərbaycanın dağ-mədən sənayesində flaqman müəssisi olmaqla, 2017-ci ilin yekunlarına görə qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin və fiziki şəxslərin siyahısında birinci yerdədir. |
|
19.11.2018 | 17:32 | |
|
|
|