“Son 10 il ərzində şagirdlərimiz beynəlxalq olimpiadalarda 470 medal qazanıblar” - Fuad Qarayev | |
Ümumilikdə, son illərdə Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarında nəticələri olduqca yaxşıdır. Lakin idman yarışlarında olduğu kimi fənn olimpiadalarında da nəticələr heç də hər zaman yüksələn dinamika üzrə olmur.
Bunu "Azərbaycan müəllimi" qəzetinə müsahibəsində Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev deyib.
O bildirib ki, çünki nəticələr həmin il komandada olan şagirdlərin hazırlığından, elmi potensiallarından, həmin il təqdim edilən tapşırıqların çətinlik səviyyəsindən, komandanın psixoloji hazırlığından və daha bir çox amillərdən asılıdır:
"Azərbacan məktəbliləri 1993-cü ildən etibarən rəsmi olaraq beynəlxalq fənn olimpiadalarında iştirak edirlər. 1993-2013-cü illərdə, yəni 20 il ərzində məktəblilərimiz müxtəlif fənlər üzrə fərqli miqyaslı beynəlxalq fənn olimpiadalarında 25 qızıl, 65 gümüş və 141 bürünc medal olmaqla, cəmi 231 medal qazanıblar.
2014-2024-cü il illərdə, yəni 10 il ərzində isə şagirdlərimiz 31 qızıl, 133 gümüş və 306 bürünc medal olmaqla, cəmi 470 medal əldə ediblər. Diqqətinizi çəkim ki, 2014-cü ildən etibarən əldə edilən medalların sayı daha çoxdur. Məhz 2014-cü il Respublika fənn olimpiadalarının təşkili və keçirilməsində yeni yanaşmaların tətbiqi və eyni zamanda beynəlxalq fənn olimpaidalarına hazırlıq prosesinə nazirlik səviyyəsində diqqət edildiyi ildir. Azərbaycan məktəbliləri son 5 ildə fənlər üzrə ən nüfuzlu müxtəlif miqyaslı beynəlxalq olimpiadalarda riyaziyyat fənni üzrə 5 qızıl, 23 gümüş və 48 bürünc medal, fizika fənni üzrə 6 gümüş və 28 bürünc medal, kimya fənni üzrə 6 gümüş və 23 bürünc medal, informatika fənni üzrə 4 qızıl, 12 gümüş və 27 bürünc medal və s. nailiyyətlər əldə ediblər. Diqqətinizi çəkim ki, iştirak edilən bütün olimpiadalar deyil, sadəcə hər fənn üzrə ən nüfuzlu olimpiadaların nəticələri qeyd edilib.
Ümumiyyətlə, sözügedən prosesə kompleks baxıldıqda görülən işlərin və nəticələrin qiymətləndirilməsinin fərqli olacağını düşünürəm. Olimpiadalara hazırlıq prosesinə qeyd edildiyi kimi hər il yüzlərlə istedadlı şagird qoşulur. Milli komanda tərkibində beynəlxalq olimpiadalarda onların cüzi bir hissəsi iştirak edir, çünki komanda tərkibi üçün say məhdudiyyəti olur. RFO-da qalib ola bilməyən və ya beynəlxalq fənn olimpiadalarına hazırlaşan, ancaq milli komandaya düşə bilməyən gənclər də ixtisaslarını çox yaxşı və dərindən bilənlərdir. Hər il məktəblərimizdən bu sahə ilə məşğul olan yüzlərlə gənc məzun olur. Yəni, olimpiada hərəkatı qiymətləndirildikdə sadəcə əldə edilən medallarla deyil, eyni zamanda proses əsnasında yetişən zəkalı, parlaq gənclərin sayı və onların gələcəkdə ictimaiyyətə verəcəkləri fayda da nəzərə alınmalıdır".
|
|
02.08.2024 | 13:45 | |
|
|
|