İsveçdə STEAM | |
“Avropa Regionlar Komitəsi”nin (European Committee of the Regions) son hesabatında göstərilir ki, STEAM təhsilinin gücləndirilməsi Avropa İttifaqı ölkələrinin iqtisadiyyatının inkişafına töhfə verə biləcək sahələrdən biridir. İsveçdə STEAM təhsilinin və məşğulluğunun əsas məqsədi düşüncə və yaradıcılığı təşviq etmək, müasir iqtisadiyyatın sürətlə dəyişən ehtiyaclarına uyğun bacarıqları inkişaf etdirməkdir. Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramının (PISA) 2022-ci il hesabatına əsasən, İsveçin 15 yaşlı məktəbliləri dəqiq elmlər üzrə 494, riyaziyyat üzrə 482, oxu üzrə isə 487 bal toplayaraq 19-cu sırada yer alırlar. İsveçin 2022-ci il PISA nəticələri göstərir ki, COVID-19 pandemiyasının təhsildə yaratdığı böhranın nəticəsi olaraq riyaziyyat və oxu üzrə şagirdlərin topladığı ballar 2018-ci illə müqayisədə aşağıdır, dəqiq elmlər üzrə isə təxminən eyni səviyyədədir.
Açıq havada bitkinin böyüməsini seyr edir, biologiyanı öyrənirlər
STEAM məktəbəqədər təhsil müəssisələrində: İsveçdə son statistikaya əsasən, 1-5 yaşlı uşaqların 86-90 faizi məktəbəqədər təhsil müəssisələrinə gedir. Məktəbəqədər təhsil milli kurikulumu uşaqlarda yaradıcılığı, marağı və öyrənmə sevincini artıran vahid fənlərarası yanaşmanı əhatə edir. Məqsəd estetik ifadə formalarından, kəşfiyyat və praktiki işlərdən istifadə etməklə oyun, hərəkət və yaradıcılıq yolu ilə körpələrin fantaziyalarını, təcrübələrini, kommunikasiya, əməkdaşlıq və öyrənmək bacarıqlarını inkişaf etdirməkdir. İsveçdə məktəbəqədər təhsilin STEAM əsaslı məzmunu aşağıdakı istiqamətlər üzrə müəyyən edilir: dil və kurikulum; ifadənin yaradıcı və estetik formaları; riyazi əsaslandırma və ifadə formaları; təbiət, texnologiya və cəmiyyət; oyunlar, fiziki fəaliyyətlər və açıq havada ekskursiyalar.
Uşaq bağçalarında azyaşlılar oyunlar vasitəsilə elmlərin əsaslarını mənimsəməyə başlayır, əldə etdikləri bilikləri real həyatda tətbiq etməyi, problemə yaradıcı yanaşmağı öyrənir, yeni ideyalara həvəsləndirilirlər. STEAM təhsili sadə slaym və plastilindən fiqurlar düzəltməkdən başlayaraq robotlar yaratmağa və onlarla rəqabət aparmağa qədər imkanlar təklif edir. Kiçikyaşlı uşaqlar açıq havada bitkinin böyüməsini seyr edərək biologiyanı öyrənirlər. Uşaqların yaradıcılığını ifadə etmək üçün stimullaşdırıcı imkanlar - texnoloji materiallar, lövhələr, qələmlər, boyalar, rəqəmsal kitablar, ipad ilə təmin olunmuş emalatxanalar təqdim edilir.
STEAM təhsili 6 yaşdan məcburidir
Dünyanın bir çox ölkələrində olduğu kimi, İsveçdə də çoxlu sayda beynəlxalq məktəblər fəaliyyət göstərir. Beynəlxalq məktəblər şagirdlərinə yüksək səviyyəli STEAM təhsili verir. Beynəlxalq məktəblərdə fəaliyyət göstərən müəllimlər yüksək ixtisaslıdır və ən müasir peşəkar təcrübəyə malikdirlər.
İsveçlilərin formal təhsildən kənarda STEM/STEAM ilə məşğul olmasının bir yolu da Milli Elm və Texnologiya Muzeyi və ya ildə 300 mindən çox ziyarətçini cəlb edən “Tekniska”dır. Muzeydə karbon qazı emissiyaları, süni intellekt, genomun redaktəsi, kompüter oyunları, mədənçilik və riyaziyyat ilə bağlı müxtəlif sərgilər mövcuddur. İctimaiyyət üçün açıq olan sərgilərdən başqa, muzey məktəblər üçün seminarlar da təşkil edir.
Eyni zamanda İsveçdə məktəblilər üçün STEAM ilə bağlı müxtəlif yay düşərgələri mövcuddur. Yay düşərgələrində 3D modelləşdirmə, qrafik dizayn, Scratch proqramlaşdırma, sahibkarlıq, Python, veb dizayn və oyun dizaynı üzrə bir sıra seminarlar təklif edilir.
Mühəndislik və İT sahəsində iş imkanları
STEAM ali təhsildə: İsveçdə mühəndislik üzrə bir sıra kurslar təklif edən və beynəlxalq tələbələr üçün açıq olan, dünya miqyasında tanınan müxtəlif ali təhsil ocaqları vardır. Bundan əlavə, İsveçin yüksək həyat standartı, mənzərəli təbiəti, mühəndislik və İT sahəsində yaxşı iş imkanları ölkəni mükəmməl bir məkana çevirir.
STEM sahələrini öyrənmək üçün İsveçin ən münasib şəhərləri Stokholm, Qotenburq, Lund, Uppsala, Linkopinqdir. ABŞ-nin “U.S. News and World Report” jurnalına əsasən, “İsveçin Mühəndislik üzrə Ən Yaxşı Qlobal Universitetləri” kimi Kral Texnologiya İnstitutu, Çalmers Texnologiya, Lund, Linkopinq, Uppsala, Lulea Texnologiya universitetləri qeyd olunub. Bu ali təhsil müəssisələrində müxtəlif STEM ixtisasları tələbələrin ixtiyarındadır. Təhsil sahələri riyaziyyat, fizika, kimya, biologiya, kodlaşdırma, iqtisadiyyat, robot texnikası, animasiya, kompüter elmləri, süni intellekt, informasiya texnologiyaları, yer və ətraf mühit, mühəndislik elmləri, aerokosmik sənaye, mexanika, maşınqayırma, həyat elmləri, statistika, biotibbi elmlər, əczaçılıq və s. ixtisasları əhatə edir.
Tələbələr arasında STEM proqramlarının cəlbediciliyinə əsaslanaraq, İsveç ali məktəbləri artıq STEAM konsepsiyasını təklif etməyə başlayıblar. STEAM əsaslı kurikulum təkcə elmi konsepsiyalara yönəldilmir, həm də tələbələrin tənqidi düşüncəsini, dialoq mübadiləsini və anlaşmasını stimullaşdırmaq üçün elm, texnologiya, mühəndislik, riyaziyyat və incəsənətdən istifadə edərək öyrənmə yanaşması ilə xarakterizə olunur. Hazırda həm STEM, həm də STEAM təhsili Avropa İttifaqı üçün təhsil və təlim sahəsində strateji prioritet məsələdir.
Əksər ölkələr kimi, STEM sektoru İsveçin iqtisadiyyatının böyük bir hissəsini təşkil edir. İƏİT-in (OECD) ən son 2022-ci il statistikası göstərir ki, 2020-ci ildə ölkənin ümumi işçi qüvvəsi təxminən 5,064 milyon nəfər təşkil edib. İsveç işçi qüvvəsinin məşğulluq fəaliyyətinin bölgüsünü təqdim edən cədvəldə göstərilir ki, bu ölkədə işçilərin əksəriyyəti səhiyyə və təhsil sektorlarında çalışır. STEM ilə əlaqəli fəaliyyətlərlə məşğul olanların əhəmiyyətli bir hissəsini mexaniki, istehsalat, tikinti və informasiya texnologiyaları sektorları kimi sahələrdə işləyən və ya digər peşəkar, elmi və ya texniki fəaliyyətlərlə məşğul olan insanlar təşkil edir.
İsveçdə ilbəil universitet səviyyəsində STEM kurslarına müraciət edənlərin sayının artması ilə ölkənin qlobal bazarlarda uğurunu qorumaq və davam etdirmək məqsədilə STEM/STEAM təhsilinin bütün səviyyələrdə tətbiqi müvəffəqiyyətlə həyata keçirilməkdədir.
Lamiyə ƏLİMƏRDANOVA
|
|
02.08.2024 | 09:44 | |
|
|
|