Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul elan edilir

Dövlət İmtahan Mərkəzi (DİM) 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün 2024-cü il avqustun 1-dən 8-dək ixtisaslaşma seçimi elan edir.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.

 

Boş qalan plan yerlərinə qəbul 11 fevral və 28 aprel 2024-cü il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır (müsabiqə şərtləri). Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

 

Keçirilmiş müsabiqə nəticəsində magistraturaya qəbul olmuş bakalavrın müəyyən olunmuş  müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu bakalavrların ixtisaslaşmaların boş qalan yerlərinə keçirilən müsabiqədə iştirak etməsinə icazə verilmir.

 

Həmin bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 8 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə daxil olaraq seçdikləri ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə qeyd edib təsdiqləməlidirlər.

 

Bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində və müsabiqədə imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə (topladıqları bal) əsasında iştirak edə bilərlər. Hər iki imtahan nəticəsi müsabiqə şərtini ödəyən bakalavrlar müsabiqədə iştirak etmək istədikləri imtahan nəticəsini seçirlər.

 

İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan proqram(lar)ı və həmin proqram(lar)a aid olan 20-dək boş qalmış ixtisaslaşmanın kodunu seçərək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilən bütün ixtisaslaşmalar seçim cədvəlinə əsasən bakalavrın bitirdiyi ixtisasa görə seçmək hüququ olan bir və ya daha çox sayda qəbul proqramına aid ola bilər.

 

Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub.

 

Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkün olacaq.

 

 



01.08.2024 | 10:05