Sağlamlıq məhdudiyyətli qadınların inkişafı və peşə təhsilinə dəstək layihəsi həyata keçirilib | |
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək İctimai Birliyi tərəfindən “Sağlamlıq imkanları məhdud qadınların peşə təhsilinə dəstək” layihəsi həyata keçirilib. Layihə Sosial Tədqiqatlar Mərkəzinin təşkilati dəstəyi ilə reallaşıb.
Mərkəzdən "Azərbaycan müəllimi"nə bildirilib ki, iki hissədən ibarət layihə çərçivəsində xanımlara dekorativ tətbiqi sənət (ev dekorları, yaradıcı materialların və s. hazırlanması) və dizayn nümunələri (sertifikat, məlumat kitabçaları, CV və s.) hazırlanması işləri öyrədilib. İştirakçıların əl işlərindən ibarət kiçik sərgi də təşkil edilib. Artıq layihə iştirakçıları əldə etdikləri bilikləri biznes sahəsində tətbiq edə bilərlər. Onların hazırladıqları əl işlərini nümayiş etdirən onlayn səhifələrin yaradılması üçün blogerlər tərəfindən dəstək göstərilməsi nəzərdə tutulub.
Layihənin bağlanış mərasimində iştirakçılarla yanaşı, vətəndaş cəmiyyəti təşkilatlarının sədrləri və fəal ictimai şəxslər iştirak ediblər. Həssas qrup üzvlərinə bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayan qonaqlar layihənin davamlı olacağına ümidvar olduqlarını söyləyiblər.
Sonda təlimləri uğurla bitirən iştirakçılara sertifikatlar təqdim olunub.
|
|
30.07.2024 | 14:34 | |
|
|
|