Kibertəhlükəsizlik problemlərinin həllində süni immun sistemlərinin tətbiqinə dair tədqiqat aparılıb
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda kibertəhlükəsizlik problemlərinin həllində süni immun sistemlərinin (SİS) tətbiqinə dair tədqiqat aparılıb. Aktual elmi problemlərdən olan süni immun sistemlərinin tədqiqi kibertəhlükəsizlik problemlərinin həlli baxımından böyük əhəmiyyət kəsb edir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik Rasim Əliquliyev elmi seminarda məlumat verib.
 
Akademik R.Əliquliyev kibertəhlükəsizlik kontekstində məlumatların Big Data texnologiyaları vasitəsilə analiz olunması ilə bu sistemlərin qiymətləndirilməsinin vacib məsələlərdən olduğunu qeyd edib. O, kibertəhlükəsizliklə bağlı işlənilmiş monitorinq sisteminin altsistemi kimi süni immun sistemləri ilə bağlı tədqiqatların dərinləşdirilməsinin və əldə olunan nəticələrin nüfuzlu jurnallara təqdim olunmasınin vacibliyini vurğulayıb.
 
SİS kompleks kibertəhlükəsizlik problemlərinin həlli üçün perspektivli və innovativ yanaşmadır. Bu sistem istifadəçi davranışını effektiv şəkildə izləyə və həssas məlumatların qorunması üçün vacib olan şübhəli fəaliyyətləri müəyyən edə bilər. Müvafiq sistem robotlar, idarəetmə, optimallaşdırma, neyron şəbəkə yanaşmaları, anomaliyaların aşkarlanması, agent-əsaslı yanaşmalar, təlim, induktiv problemlərin həlli, nümunələrin tanınması, kompüter modelləşdirməsi və digər sahələrdə tətbiq olunur. Həmçinin bu sistemlərdən kibertəhlükəsizlik sahəsində müdaxilələrin, zərərli proqramların üzə çıxarılması, şəbəkə təhlükəsizliyi, eləcə də fırıldaqçılığın aşkarlanması məqsədilə istifadə olunur.


29.07.2024 | 16:06