“Müasir metodist” layihəsi çərçivəsində keçirilən təlimçilərin hazırlığı təlimləri yekunlaşıb
Təhsil İnstitutu tərəfindən “Müasir metodist” layihəsi çərçivəsində keçirilən təlimçilərin hazırlığı (TOT) təlimləri yekunlaşıb.
 
Təhsil İnstitutundan "Azərbaycan müəllimi"nə bildirilib ki, 15 iyul tarixindən başlanan təlimlərdə 46 ümumi təhsil müəssisəsində müəllimlərə metodik dəstək göstərən metodistlər iştirak ediblər.
 
TOT təliminin əsas məqsədi metodistlərin metodika və pedaqogika üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsinə imkan yaratmaq, onların idarəetmə və təlimçilik bacarıqlarını inkişaf etdirmək olub.
 
Təlim metodistlər üçün nəzərdə tutulmuş xüsusi təlim proqramı əsasında keçirilib. Bu prosesdə metodistlər üçün səmərəli öyrənmə mühiti yaradılıb. Müzakirələr təlim proqramındakı mövzular arasında məntiqi əlaqələrə, təlim nəticələrinə, qiymətləndirmə və pedaqoji strategiyaların təhlilinə yönəlib, müdavimlər də bu istiqamətdə aktiv fikir mübadiləsinə cəlb ediliblər.
İştirakçılar problemlərin həlli və innovativ ideyaların təklif edilməsi ilə bağlı müzakirələrdə öz metodist fəaliyyətlərində əldə etdikləri təcrübələri bölüşüblər. Onlar təlim modullarına uyğun təqdimatlar hazırlayaraq öz tədris bacarıqlarını nümayiş etdiriblər. Təqdimat bacarıqlarını təkmilləşdirmək üçün metodistlərə konstruktiv rəylər verilib.
 
Qeyd edək ki, təlimçi hazırlığı təlimindən uğurla keçən müdavimlərin növbəti metodist təlimlərinə təlimçi qismində cəlb olunması planlaşdırılır.


29.07.2024 | 11:30