YURD sevgisi, QAYIDIŞ amalı | |
21 iyun 2024-cü il Azərbaycan Respublikasının ictimai-siyasi və kulturoloji həyatında mühüm bir faktı xatırladacaq amil kimi həmişəlik qalacaqdır. Bu, həmin tarixdir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin birbaşa himayəsi və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” festival-konqresi baş tutdu. Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarətlə başlayan festival-konqresin rəsmi açılış mərasimi Zəngəzur Milli Parkının ərazisindəki Batabat yaylağında keçirildi. Batabat yaylağının əhatəsində bayram rəmzi olan üç tonqalın alovlarının rəmzi mənası ancaq igidlərimizin sərvaxt olmasının deyil, alovun işığında əsrlərlə gizlin qalan həqiqətlərin açılması idi.
NDU Tələbə Teatr Studiyasının təqdim etdiyi “Dərələyəz” kompozisiyasının ardından 2023-cü ildə keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresindən məzmunlu videoçarxın nümayişindən sonra festival-konqres iştirakçılarını salamlayan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbirin fəlsəfəsi barədə danışdı. Ümumiyyətlə, festival-konqresin hər bir iştirakçısı və çıxışçısının baxışlarından iki əsrə yaxındır Qərbi Azərbaycanın taleyi, orada əsrlərlə yaşamış soydaşlarımızın keçdiyi yolları xatırlayıram.
Qərbi Azərbaycan bu gün də varisi olduğu İrəvan xanlığının maddi və mənəvi həyatının canlı daşıyıcısı olaraq ümumazərbaycan mədəniyyətinə töhfələr verməkdə davam edir. Şərti olaraq həmin ərazilər quruluşuna görə bir-birindən təbii sərhədlər olan çaylar və arxlarla ayrılan mahallara, mahallar isə kəndlərə bölünmüşdü. Səfəvilərdən miras olaraq qalan, Rusiya imperiyasının işğalına qədər və ondan sonra da siyasi şəraitin diqtəsindən asılı olaraq ərazi dəyişikliyinə uğrasa da, kiçik istisnalar olmaqla mahalların, həmçinin o mahalların ərazilərini şərtləndirən kəndlərin adları dəyişilməz qalırdı. XX əsrin ikinci onilliyinin sonlarında tarixi ərazilərimizdə zamanın imperialist təfəkkürü ilə silahlanan güclü dövlətlərin uzağa gedən siyasətinin nəticəsi olaraq regionda ilk erməni dövlətinin yaradılması fakta çevrilənə qədər belə də qaldı. Tarixi ərazilərimizdə yaradılan daşnak Ermənistanı özünü elan edəndən dərhal sonra aborigen əhaliyə qarşı amansız tədbirlərə start verdi. Daşnak Ermənistan hökumətinin ilk başçısı Hovhanes Kaçaznuni həyata keçirilən həmin qanlı tədbirlərdən sonra - 1923-cü ilin payızında Rumıniyanın Konstantsa şəhərində “Daşnaksutyun” partiyasının məşhur konfransına təqdim etdiyi “Daşnaksutyunun edəcəyi nəsə qalmadı” adlı məruzəsində partiyadaşları qarşısında etiraf edirdi: “Bizim gələcək Ermənistan qarşısında edəcəyimiz ancaq xaraba bazara çevrilmiş müsəlman kəndləri oldu”. Bu, Zəngəzur və Göyçədə, Dərələyəz mahalında və Lori dərələrində yüzlərlə kəndlərin sakinlərinə tutulan qanlı divandan, minlərlə dinc, silahsız insanların, o cümlədən qadın və körpələrin, qoca və xəstələrin, köməksiz camaatın ölümü ilə xarakterizə olunan cinayətlərin dilə gətirilməsi idi.
XX əsrin 20-ci illərində regionun sovetləşməsi, Rusiyadan ixrac olunan “bolşevik inqilablarının” nəticəsi olaraq daşnak Ermənistanının yerində qurulan Sovet Ermənistanında sələflərindən fərqli olaraq azərbaycanlılara qarşı səssiz mübarizə metodu seçildi. Bu mübarizə metodunun sayəsində 1988-ci ilə qədər olan müddətdə azərbaycanlılara qarşı total etnosid siyasəti həyata keçirildi və nəticədə Sovet Ermənistanında, demək olar ki, Azərbaycanmənşəli toponimlərin total şəkildə erməniləşdirilməsi prosesi davam etdirildi. 1988-1990-cı illərdə oradakı azərbaycanlıların silah gücünə, ölüm qorxusu altında çıxarılması ilə onlar 70 illik prosesi başa çatdırdılar. Bundan sonra Azərbaycan Respublikasının ərazisində, ilkin olaraq Qarabağın dağlıq hissəsində, daha sonra Gəncəətrafı rayonlarda erməni separatizmi eyni ardıcıllıqla fəaliyyətini davam etdirir, o vaxtacan müxtəlif platformalardan Naxçıvan Muxtar Respublikasının bütün ərazilərinə iddialarını rəsmi İrəvan səviyyəsində səsləndirirdi. Hadisələr elə ardıcıllıq və bu ardıcıllıqla ayaqlaşan sürətlə baş verirdi ki, sinxronlaşma Azərbaycan xalqına nikbin nəsə fikirləşməyə əsas vermirdi. Nəticədə isə Qərbi Azərbaycandan tarixi vətənlərindən çıxmaq məcburiyyətində qalan soydaşlarımızın taleyini yenicə dövlət müstəqilliyini elan etdikdən 2 il sonra ərazisinin 20 faizindən çoxu himayədar dövlətlərin dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal zonasına çevrilən Azərbaycan Respublikasında 1 milyona yaxın azərbaycanlı yaşadı.
1993-cü il, ölkəmizin təqviminə Qurtuluş Günü kimi düşən, ümumilikdə isə dünya azərbaycanlılarının harada yaşamalarından asılı olmayaraq, onların hər biri üçün qürur mənbəyinə çevrilən müasir, qüdrətli, QALİB Azərbaycan Respublikasının memarı Heydər Əlirza oğlu Əliyevin iyunun 15-də siyasi hakimiyyətə qayıdışına qədər ümidsizlik girdabında qalmağın nə demək olduğunu xalqımız şəxsi taleyində yaşadı.
Belədir və sübuta gərək olmayan həqiqət ondan ibarətdir ki, dünyada hər bir xalq öz tarixinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edir, qalır həmin imkandan nə dərəcədə bəhrələnmək məsələsi. Xalqımız üçün o faktor da sirr deyil ki, yaradılan hər oxşar məqamdan bəhrələnməksə qətiyyən birmənalı mümkün olmur. Uzun əsrlər boyu xalqımızın tarixin müəyyən məqamlarında itirdiyi dövlətçilik amili belə, onun şüurunda dövlət və dövlətçilik şüurunu qoruyub saxlamağa imkan verdi. Ümummilli Lider Heydər Əliyevin ətrafında monolit birləşməni bir tərəfdən şərtləndirən faktor böyük dövlət adamının illərin sınağından çıxan şəxsi keyfiyyətləri idisə, digər tərfədən xalqımızın təhtəlşüurunda özünə yuva qurmuş dövlətçilik, dövlətçilik ənənələri oldu - desək, inanmırıq ki, bu, hansısa polemika mövzusuna çevrilsin. Məhz Azərbaycan seçicisinin şüurunda qərarlaşmış bu düşüncənin nəticəsi idi ki, 2003-cü ilin payızında keçirilən növbəti Azərbaycan Respublikasının Prezidenti seçkilərində prezidentliyə namizəd Heydər Əliyev səhhəti ilə əlaqədar ölkə seçicilərinə müraciəti zamanı namizədliyini İlham Əliyevin xeyrinə geri götürdüyünü bəyan edərkən xalq Ümummilli Liderin seçiminə hörmət və inamını ifadə etdi.
Bu anın özü geniş mənada növbəti zaman imtahanından çıxmaq üçün Azərbaycan xalqına verilmiş şans idi və onun qiymətləndirilməsinin köklərini millətin yaratdığı kulturoloji qatlarda axtarmaq lazımdır. 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçkilərində iştirak edən birmənalı böyük əksəriyyət İlham Əliyevin şəxsində, ümumilikdə Heydər Əliyev siyasi kursuna səs verdi. Ümummilli Liderin bioloji olmaqla, həm də siyasi varisi Prezident İlham Əliyev fəaliyyətinin ilk illərində bütün fərqlənən dövlət adamları kimi, seçicisinə, vətəndaşına verdiyi hər bir vədin əmələ çevrildiyini praktik fəaliyyəti ilə ortaya qoydu. Prezident deyirdi ki, birinci mərhələdə Azərbaycanı iqtisadi cəhətdən regionun lider ölkəsinə çevirəcəyik və bu, elə də oldu. İlham Əliyev təkcə yerli kütləvi informasiya vasitələrinə yox, dünyanın ən nüfuzlu media nümunələrində, söz demək imkanı olan hər bir platformada bəyan etdi ki, Azərbaycan Respublikasının ərazilərini işğalda saxladığı müddətdə Ermənistanın heç bir regional layihədə iştirakı mümkün deyil, müşahidəçilər bunun da söz yox, əməl olduğunu, illər boyunca reallıq olduğunu gördülər.
2018-ci il dekabrın 24-də Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edənlər və o insanların şəxsində həmin mərasimdə Prezident İlham Əliyevin çıxışını izləyən hər kəs, fərqi yoxdur, həmin şəxs Azərbaycanda, yoxsa onun sərhədlərindən kənarda yaşayır, onlar dövlət başçımızın növbəti bəyanatını bir daha eşitdilər. Prezident məcburi köçkünlərə üz tutaraq xatırladırdı: “Sizin üçün bu, müvəqqəti yaşayış yeridir. Əlbəttə ki, burada gözəl şəraitin yaradılması bizim borcumuzdur. Mən bilirəm ki, burada yaşayacaq vətəndaşlar çox ağır şəraitdə yaşamışlar. İndi burada gözəl şərait yaradılır. Ancaq yenə də bu, müvəqqəti yaşayış yeridir, gün gələcək belə gözəl şəhərciklər bu gün işğal altında olan torpaqlarda açılacaqdır”.
2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanla başlanan 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin xalqımıza qazandırdığı tarixi Zəfər həmçinin regionda yeni bir reallıq yaratdı, 2023-cü ilin sentyabrında Qarabağda baş tutan iki günlük antiterror əməliyyatı isə Azərbaycan Respublikasının bütün ərazisində onun suverenliyini təmin etdi. Yaranan yeni reallıq daha bir tarixi ədaləti bərpa etməyə şərait yaratdı: bu, Zəngəzur dəhlizinin açılması ilə bərabər Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının bərpasını, onların tarixi vətənlərinə qayıtmasını gündəmə gətirdi.
2022-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Azərbaycan dövlətinin öz soydaşlarının hüquqlarının bərpası işində onların yanında olduğunu bəyan etməsi soydaşlarımızın 34 illik ayrılıqdan sonra vətənlərinə qayıtmaq ümidi yaratdı. Bu ümid isə həmin insanlarda üzvi bağlantıları olan o torpaqlara - Qırxbulaq, Şərur, Zəngibasar, Sürməl, Gərnibasar, Dərəkənd-Parçenis, Vedibasar, Göyçə, Səədli, Talın, Seyidli-Ağsaqqallı, Sərdarabad, Abaran, Dərəçiçək, Talın, Loru-Pəmbək, Ağbaba və digər mahallara qayıtmağın zaman məsələsi olduğu anlamını verir. Həmin mahallarda o insanların yolunu gözləyən ancaq 831 kənd var.
Bu, inkarolunmaz həqiqətlərdən biridir və minnətdarlıq hissi ilə xatırlayırıq ki, 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərmanı imzalamaqla o yerlərə qayıtmağın hüquqi olmaqla bərabər, siyasi əsaslarını da Ümummilli Liderimiz yaratdı.
Bunun üçün, ilk növbədə, mənəvi hüquq var və o hüququ təsbit edən faktları xatırlayıram.
İrəvan bölgəsi və ümumilikdə Qərbi Azərbaycan bu günün özündə də əsrlərin təcrübəsi ilə yanaşı, hər bir çalarında milli kimliyin diqqət çəkdiyi zəngin memarlıq ənənələrini saxlayır. Bu nümunələr arasında məscidlərin öz xüsusi çəkisi fərqlənir. Həm də mənəvi-dini duyğuların ifadəsi olan abidələr, müqəddəs yerlər ilk dəfə təcavüzə uğradığı XIX əsrin 30-cu illərində Rusiya imperatorluğunun İrəvan xanlığını işğalından sonra ilk zərbələri hiss ediblər. Onlardan bəziləri rus pravoslav kilsəsinə, bəziləri isə silah anbarına çevrilmişdi. Hər bir xalqın həyata baxışının unikal inikası olan digər tarixi-memarlıq abidələri, məsələn, Çuxur-Səəd vilayətinin mərkəzi olan İrəvanda Fərhad Paşa tərəfindən Zəngiçayın sahilində inşa etdirilən İrəvan qalası qismən Rusiyanın işğalı zamanı, sonradan isə daşnak Ermənistanı və Sovet Ermənistanındakı hakimiyyət zamanı tamamilə məhv edilib. Daş və çiy kərpicdən ikiqat, yaxud üçqat divara malik, eni 790 m, uzunluğu 850 m olan İrəvan qalasının 50-dən çox bürcü, 3 möhkəm dəmir darvazası barədə iki əsrdən artıq müddətdə avropalı səyyahların və yaxud Rusiya İmperatorluğunun ilhaqdan sonra təşkil etdiyi elmi ekspedisiya üzvlərinin qeydlərindən oxumaq mümkündür. Tarixi-memarlıq xüsusiyyətlərinə görə seçilən digər abidələrdən Hüseynqulu xanın əmri ilə əsası 1810-cu ildə qoyulan, Arazın sol sahilində, dördbucaqlı formada düzən yerdə salınan, 1815-ci ildə isə tikintisi başa çatdırılan məşhur Sərdərabad qalası dabu taleyi yaşadı.
Bunlardan əlavə, XIX yüzilliyin 50-ci illərində Sərdar sarayındakı süjetli kompozisiyaları bərpa edən, “Fətəli şah”, “Abbas Mirzə”, “Hüseynqulu xan”, “Sərkərdə” və digər portret janrında olmaqla 100-dən çox rəsm əsərinin yaradıcısı, İrəvan rəssamlıq sənətinin ən görkəmli nümayəndəsi Mirzə Qədim İrəvaninin əsərlərinin böyük əksəriyyəti də məhv edilib. Söhbət Mirzə Qədim İrəvanidən gedir ki, möcüzə nəticəsində xilas edilən rəsmlərinin 25-i Bakı İncəsənət Muzeyində, digərləri (böyük ehtimalla, qənimət kimi götürülənləri) isə Tbilisi və Sankt-Peterburqdakı muzey və qalareyalarda saxlanılır.
Ağqoyunlular, daha sonra Səfəvilər dönəmində Çuxur-Səəd vilayətinin, sonralardan İrəvan xanlığının inzibati mərkəzi olan İrəvan şəhərində bunlarla paralel olaraq Qərbi Azərbaycan ərazisində elm və təhsilin sabit, artan xətt üzrə dimanik inkişafının mənzərəsini salnamələrdən və bu ərazilərdən keçmiş məşhurların xatirələrində təsəvvür etmək mümkündür. Əsasən din xadimlərinin iştirakı ilə təşkil edilən təhsil özündə bir sıra elementləri ehtiva edirdi. Bu, ilk olaraq onunla xarakterizə olunurdu ki, məscidlərin nəzdində fəaliyyət göstərən böyük və yaxud kiçik mədrəsələrdə “müdərris” adlanan aşağı sinif müəllimləri və “vaiz”- deyə çağrılan yuxarı sinif müəllimləri uşaqların təhsilində əsas fiqurlardan idilər. Rusiya İmperiyasının İrəvan xanlığını istila etdiyi zaman, ancaq xanlığın mərkəzi olan şəhərdə 200 şagirdin təhsil aldığını xatırlasaq, bu, stabil və sistemli təhsil ilə bağlı aydın mənzərə yarada bilər. İstiladan əvvəl və sonralar təhsilin himayədarları İrəvan, ümumilikdə Qərbi Azərbaycanda ayrı-ayrı imkanlı şəxslər olsa da, bu tendensiyanın Güney Qafqaz üzrə siyasətə çevrilməsi birbaşa Qafqaz müsəlmanlarının II Şeyxülislamı Fazil İrəvaninin xidmətlərindən sayıla bilər. İrəvan şəhərində anadan olan, ilk təhsilini oradakı mədrəsədə aldıqdan sonra ali dini təhsilə yiyələnmək üçün 20 yaşında Qahirənin Əl-Əzhər Unversitetinə göndərilən Şexülislam təkcə Qərbi Azərbaycanda deyil, regiondakı müsəlman əhali üçün dini məktəblərin açılması və idarə olunmasının nəinki ideoloqu, həmçinin təşkilatçısı kimi də canlı nümunə idi.
“Sonrakı dövrlərdə Ermənistanda bərqərar olan sovet hakimiyyətinin ilk illərində Qərbi Azərbaycan üzrə 1922-1923-cü illərdə 36, 1924-cü ildə 62, 1929-1930-cu illərdə 112, 1931-ci ildə isə 245 Azərbaycan məktəbi fəaliyyət göstərib. Həmin dövrdə 113 azərbaycandilli məktəbəqədər təhsil müəssisəsi mövcud olub. 1981-1982-ci tədris ilində Qərbi Azərbaycanda 155 azərbaycandilli məktəb, 1986-1987-ci tədris ilində isə 206 azərbaycandilli məktəb fəaliyyət göstərib”. Bu rəqəmləri “Qərbi Azərbaycana qayıdış” festival-konqresdəki çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev xatırlatdı. Nazir həmçinin vurğuladı ki, Qərbi Azərbaycandakı Azərbaycan məktəblərinin məzunları arasından elmin müxtəlif sahələrini əhatə edən 10 akademik, akademiyanın 9 müxbir üzvü, 140 elmlər doktoru və 740 elmlər namizədi yetişib. Emin Əmrullayev ali təhsil proqramlarına Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, toponimləri, İrəvan Müəllimlər Seminariyası ilə bağlı dərslərin, seçmə fənlərin daxil edilməsinin olduqca vacib olduğunu bildirib. Azərbaycanın elm və təhsil müəssisələrində Qərbi Azərbaycan tarixinin araşdırılması sahəsində ardıcıl, sistemli tədqiqatların aparılması və elmi-tarixi nəzəri əsərlərin yaradılması zərurətini qeyd etdi.
Onu da faktlar təsdiq edir ki, təhsilin canlanması ilə ədəbiyyatın xüsusilə, aşıq ədəbiyyatının inkişafı İrəvan və ümumilikdə Qərbi Azərbaycan ədəbi mühitinin formalaşmasına təkan verirdi. Bu isə aşıq məktəbinin nümunəsində qabarıq görünürdü. Göyçə aşıq məktəbinin nümayəndələri Miskin Abdal, Aşıq Allahverdi, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Məhərrəm, Aşıq Əziz, Aşıq Musa, Gümrü aşıq məktəbindən Aşıq Tüccarı, Aşıq Şenlik, Aşıq Beymurazı, Şirəkli Həsən və digərləri nəinki bütövlükdə Azərbaycanda, həmçinin Türkiyə, İraq və İranda məşhur idilər.
“Qərbi Azərbaycana qayıdış” festival-konqresdəki çıxışları xatırlayıram. Bu xüsusda Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycana qayıdış ideyasının ilk dəfə beynəlxalq müstəviyə çıxarıldığı, dünyanın bir çox ölkələri, beynəlxalq qurumları, həmçinin ayrı-ayrı siyasətçilərinə məktub və müraciətlər ünvanlandığını deyir, ümumilikdə icmanın 225 bəyanat qəbul etdiyini vurğulayırdı. Bütün bu fəaliyyətin intensiv olduğu qədər də ardıcıllığı Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin dönməz iradəsinə bağlılığından xəbər verirdi. Hər bir dövlət ali siyasi iradəsinin ifadəsi olduğu xalqın, ilk növbədə, başlıca əvəzolunmaz təminatçısıdır. Maraqlıdır ki, bu fikir festival-konqresdə “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibi olmuş şagirdlərin mükafatlandırılması zamanı qəribə məmnuniyyət yaşatdı və etiraf edim ki, qürurla dalğalanan bayrağımıza sevgi və minnətdarlıqla baxdım. Belə ki, “Qərbi Azərbaycana qayıdış” olimpiadasında ölkəmizin müxtəlif bölgələrindən 10 mindən çox şagird iştirak edirdi. Onlar Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəni irsi, toponimləri, tarixi şəxsiyyətləri ilə bağlı biliklərini nümayiş etdirib və festival-konqres başlamazdan iki gün öncə Naxçıvan Dövlət Universitetində 36 şagirdin iştirakı ilə olimpiadanın final mərhələsi olmuşdu. Həmin final mərhələsində yeniyetmə və gənclərimizin biliyi, dünyagörüşü ilə bərabər, vətənpərvərliyi qəlbimi silkələdi və bu nəslin Heydər Əliyevin vəsiyyətlərinə layiq şəkildə yetişən, Prezident İlham Əliyevin siyasəti ilə çiçəklənən Azərbaycanı təmsil edəcəkləri fikrini yaşamaq xoş idi.
Festival-konqresdə Qərbi Azərbaycanda yaşamış və yenə də yaşayacaq soydaşlarımızın yaradaraq yaşatdığı mədəniyyəti təbliğ etməklə yanaşı, böyük qayıdışa elm və təhsil ictimaiyyətinin dəstəyinin ifadəsi kimi ölkəmizin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında, həmçinin Türkiyə universitetlərində fəaliyyət göstərən tədqiqatçıların bir araya gəldiyini görmək də xoş idi.
Yeri gəlmişkən, festival-konqresdə iştirak edən Türkiyənin İğdır Universitetinin rektoru professor Mehmet Hakkı Alma çıxışı maraqlı araşdırmanın təqdimatı ilə diqqət çəkdi. Bu, İnkişaf Agentliklərinin Baş Direktorluğu, Sərhəd İnkişaf Agentliyi və İğdır Universitetinin Zəngəzur dəhlizinin regional inkişaf və regional inkişaf artımının strateji əməliyyatı ilə bağlı seminarın hesabatındakı məqamları ifadə edirdi. Rektor Naxçıvanın sadəcə Azərbaycan və Türk dünyası üçün deyil, bütün dünya üçün önəmli bir coğrafiya olduğunu fakt və sənədlərin dili ilə təqdim etdi. İşə düşəcəyi hətta düşmən ölkədə şübhə doğurmayan və türk-islam mədəniyyəti tarixinin önəmli parçası olan Zəngəzur dəhlizinin Avropa və Asiyanı birləşdirən mühüm bir körpü rolunu oynayacağı fikri isə gözlərimin önündə regionda 250 il əvvəl mövcud olmuş mənzərəni canlandırdı.
Bu, həmin mənzərə idi ki, o zamanlar İrəvandan müxtəlif karvan yolları keçirdi. Bunlardan biri Hindistan, Mərkəzi Asiya və İranı Təbriz və Naxçıvan vasitəsilə İrəvan xanlığına bağlayan karvan yolu idi. Bu karvan yolu “Ərzurum yolu” və ya “Bəzirgan yolu” adlanırdı. İrəvandan Ərzuruma gedən digər karvan yolu Abaran və Alagöz dağının şimal ətəyindən keçib Qarsa, oradan da Həsənqalaya yetişir və burada ana xəttə qovuşurdu...
Mahirə Hüseynova, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü
|
|
26.07.2024 | 10:54 | |
|
|
|