Sinifdə də, səngərdə də QƏHRƏMAN MÜƏLLİMLƏR | |
44 günlük müharibədə Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalanlar, qazi olub sinfə qayıdan təhsil işçilərinin sayı kifayət qədərdir.
Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub. Şanlı qələbənin qazanılmasına təhsil işçiləri də öz töhfələrini veriblər. Beləki, II Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda 700-dək təhsil işçisi böyük qəhrəmanlıqla döyüşüb. Müharibə zamanı 20 təhsil işçisi şəhid olub.
Müharibənin məktəbli qurbanları
Ermənistanın Vətən müharibəsi zamanı Azərbaycanın cəbhə xəttindən çox uzaqda, dinc əhalinin sıx məskunlaşdığı şəhərləri raket atəşinə tutması nəticəsində 12 uşaq həlak olub. Onlardan 10-u məktəblidir:
Fərid İsgəndərov - 14 yaş, Fidan Qurbanova - 14 yaş, Şəhriyar Qurbanov - 13 yaş, Artur Mayakov - 13 yaş, Məryəm Xəlilli - 6 yaş, Orxan İsmayılzadə - 16 yaş, Nigar Əsgərova - 15 yaş, Orxan Xəlilli - 11 yaş, Aysu İsgəndərova - 7 yaş, Şahmalı Rəhimov - 13 yaş.
10 aylıq Nəzrin Əsgərova və 1 yaşlı Mədinə Şahnəzərli də müharibənin körpə qurbanları, şəhidləridir.
Müharibənin yaralarını daşıyanlar
Bu müharibənin təsirini ən ağır şəkildə hiss edən təhsil işçiləri arasında müharibənin izlərini əzalarında daşıyan qazilər, ağır itkilərinə baxmayaraq ayaqda qalmağa çalışan şəhid ailələri də var. Onlar bu yaraları qürurla daşıyırlar. Məsələn, Biləsuvar rayonundan olan qazi müəllim Cavid Güllərov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində deyib: “Şagirdlərimə həmişə deyirdim ki, torpaqlarımızı əvvəl-axır müharibə yolu ilə də olsa, qaytaracağıq. Ona görə də şagirdlərimi hərbi hazırlıq dərslərində fəal olmağa çağırırdım. Hər zaman deyirdim, gələcək əsgərlərin özünü bu istiqamətdə yetişdirmələri çox vacibdir. Torpaqlarımızı biz geri aldıq. Birinci Qarabağ müharibəsində mən uşaq idim, 3-4 yaşım olardı. Torpaqlarımızı geri almaq, həmin döyüşlərdə iştirak eləmək arzum olub. Arzuma çatdım”.
Humanitar fənlər təmayüllü məktəb-liseyin ibtidai sinif müəllimi, şəhid anası Yeganə Şükürova, sadəcə, övlad yox, həm də şəhid şagirdləri ilə qürur duyur.
Şagirdlərinə sevgisi onu ağrı-acıları ilə mübarizə aparmağa, yeni nəslin tərbiyəsində qoşulduğu bu məsuliyyətli missiyanı davam etdirməyə ruhlandırır: “Liseydəki ilk buraxılışımdan bir şagirdim, tanınmış psixoloq Ruhid İslamlı Vətən müharibəsində şəhid oldu. Onu, öz balamı, yetişdirdiyim şagirdlərimin axırda böyüyüb kimlər olduğunu düşünəndə özümlə qürur duyuram. Görürəm ki, uşaqlarıma Vətənimizi tanıtmışam, ədaləti göstərə bilmişəm. Ona görə hər biri həyatda, karyerada uğurlu insana çevriliblər. Ən əsası, vətənpərvərlər olaraq yetişiblər. Vətən üçün şəhid olan, oğlumla da, özümlə də qürur duyuram”. |
|
26.07.2024 | 09:49 | |
|
|
|