Dövlət Proqramının üstünlükləri - Mütəxəssis rəyləri | |
Məlum olduğu kimi, 2024-2025-ci tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində ilkin siyahı təsdiq olunub.
Sənədə əsasən, təqaüd qazanan 295 nəfərdən 99-u "Harvard University", "Massachusetts Institute of Technology", “Columbia University”, "National University of Singapore", "ETH Zurich", "University of Oxford", "University College London" və "University of Cambridge" kimi nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaq.
Sirr deyil ki, bu proqramın ölkəmiz üçün strateji əhəmiyyəti var. Çünki proqram Azərbaycanın intellektual potensialını artırmaq və beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mütəxəssislər yetişdirmək məqsədi daşıyır.
Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, gənclərimizin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbulu Azərbaycanın gələcək inkişafı və təhsil həyatı üçün ciddi və böyük bir hadisədir:
“Ona görə ki, bu universitetlər artıq dünyada oturuşmuş bir ənənəsi olan, bütün işəgötürənlərin, biznes sektorunun, süni intellekt sahəsində çalışan şirkətlərin diqqət mərkəzində olan ali təhsil müəssisələridir. Bu mənada data analitika, informasiya texnologiyaları, süni intellekt sahəsi üzrə peşəkar mütəxəssislər hazırlayan bu universitetlərin tələbələri həmişə diqqət mərkəzində olur. Hesab edirəm ki, tələbələrimiz üçün də bu imkanların əlçatan olması, peşəkar akademik təhsil qazanması, öz peşəkarlığını artırması üçün imkanlar əldə etməsi Azərbaycan üçün əhəmiyyətlidir.
Onların təhsil aldıqdan sonra Azərbaycana dönüşü və özləri ilə yeni innovasiyalar gətirməsi həmin mütəxəssislərin əməyindən bu sahə üzrə kadrların hazırlanması üçün istifadə edilə biləcəyi anlamına gəlir. Bu mənada düşünürəm ki, proqram kifayət qədər əhəmiyyətlidir. Çünki burada qalib gəlmək üçün müxtəlif mərhələləri keçmək lazımdır. Hesab edirəm ki, proqramın dövlət tərəfindən inkişaf və davam etdirilməsi ən yaxşı tələbələrimizin, gənclərimizin bu vasitə ilə xaricdə bakalavr, magistr, doktorant təhsili alması kifayət qədər əhəmiyyətlidir. Gənclərimizin Azərbaycanın gələcəyindəki xüsusi yerini görürəm və onları təbrik edirəm”.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, ADA Universitetinin müəllimi Orxan Kərimzadə qeyd edib ki, builki statistika çox qürurvericidir və ölkəmizin gənc nəslinin beynəlxalq səviyyədə təhsil almağa olan marağının, potensialının artdığını göstərir:
“Gənclərdən 99-nun dünya reytinqlərində ilk 10-luqda olan universitetlərdə təhsil alacaq olması, ölkəmizin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Bu universitetlər dünya miqyasında təhsil və tədqiqat imkanları ilə tanınır və məzunlarına geniş imkanlar yaradır. Məlum olduğu kimi, son illər ölkədə elmi olimpidalara maraq artmaqdadır və bu da artıq öz bəhrəsini verir. Beynəlxalq olimpiada qalibi olan 4 gəncimiz də fundamental və tətbiqi elmlər üzrə Sinqapur Respublikasında təhsil alacaqlar. Bu gənclər təhsillərini başa vurduqdan sonra öz sahələrində yüksək ixtisaslı mütəxəssislər olaraq ölkəmizə qayıdaraq, Azərbaycanın sosial-iqtisadi və elmi inkişafına böyük töhfələr verə bilərlər. Proqram Azərbaycanın gələcəyinə olan inamı və güvəni artırır, vətənimizin inkişafı üçün vacib bir addım olaraq qiymətləndirilir”.
Onun sözlərinə görə, gənclər tərəfindən seçilən ixtisas istiqamətləri də çoxşaxəli və ölkənin əmək bazarının tələblərinə uyğundur:
“Bunların arasında informasiya texnologiyaları, mühəndislik, dövlət idarəetməsi, statistika və verilənlərin təhlili kimi sahələr ön planda dayanır. Bu ixtisaslarda təhsil alacaq tələbələr gələcəkdə ölkəmizin iqtisadiyyatının və idarəetmə sisteminin inkişafında mühüm rol oynayacaqlar. Onların qazanacağı bilik və bacarıqlar, ölkəmizin modernləşməsi və qlobal iqtisadiyyatla daha sıx inteqrasiya olunması üçün vacibdir. Dövlət Proqramı bu gənclərin dünya səviyyəsində bilik və təcrübə qazanmalarını təmin edərək, onların gələcəkdə Azərbaycanın inkişafına töhfə vermələrinə şərait yaradır”.
Günel ABBAS
|
|
25.07.2024 | 20:37 | |
|
|
|