“Müasir metodist” müsabiqəsi çərçivəsində metodistlərə keçirilən təlimlərin birinci mərhələsi yekunlaşıb | |
Təhsil İnstitutu tərəfindən “Müasir metodist” müsabiqəsi çərçivəsində 2024-2025-ci tədris ilində fəaliyyətə başlaması nəzərdə tutulan metodistlərə keçirilən təlimlərin birinci mərhələsi yekunlaşıb.
"Azərbaycan müəllimi"nə Təhsil İnstitutundan bildirilib ki, ümumi təhsil müəssisələrində metodik fəaliyyətin təşkili məqsədilə ARTİ tərəfindən reallaşdırılan “Müasir metodist” müsabiqəsi çərçivəsində keçirilən metodist hazırlığı təlimlərinin birinci mərhələsi yekunlaşıb. Təlimlərdə iştirak edən müdavimlər sertifikasiyadan müvəffəqiyyətlə keçmiş Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, xarici dil və riyaziyyat fənlərini tədris edən müəllimlər olub.
Təlimlərin keçirilməsinin əsas məqsədi ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilində fəaliyyətə başlaması nəzərdə tutulan metodistlərin metodiki və pedaqoji bacarıqlarının təkmilləşdirilməsi, müəllimlərə metodiki dəstəyin göstərilməsi ilə bağlı təcrübə mübadiləsinin aparılması, münbit öyrənmə mühitinin yaradılması olub.
Müdavimlərin nəzəri biliklərinin və praktiki səriştələrinin artırılması üçün təlimlərdə aparılan fəaliyyətlər metodist təlim proqramına əsasən həyata keçirilib. Təlim proqramı metodik xidmətin effektiv təşkil edilməsi üçün vacib olan müxtəlif aspektləri əhatə edən öyrənmə modullarından ibarətdir.
Təlimin əsas komponentlərinə dərsin planlaşdırılması və məktəbdaxili qiymətləndirmədə qabaqcıl metodologiyalar, effektiv sinif idarəetmə üsulları, müxtəlif öyrənmə ehtiyaclarına uyğunlaşdırılmış innovativ tədris metodları, oxuyub-anlama bacarıqlarının inkişafı, səmərəli, sağlam emosional öyrənmə mühitinin yaradılması və qorunması, müəllimlərə diferensial metodik dəstəyin göstərilməsi strategiyaları və s. daxil olub.
Təlim boyu aparılan interaktiv müzakirələr, keçirilən praktiki məşğələlər və situasiya simulyasiyaları müdavimlərin metodiki bacarıqlarının inkişafı, məktəblərdə bu bacarıqların tətbiqi, metodiki dəstəyin göstərilməsi zamanı müəllimlərə informasiyanın düzgün ötürülməsi bacarığının formalaşdırılması üçün nəzərdə tutulub. Müdavimlər müzakirə prosesində aktiv iştirak edib, təcrübə mübadiləsi aparıb, metodistlik və xidməti liderlik üzrə rollarını istiqamətləndirmək üçün xüsusi tövsiyələrdən yararlanıblar.
Qeyd edək ki, “Müasir metodist” müsabiqəsi üzrə metodist hazırlığı təlimlərinin növbəti qruplarla da keçirilməsi nəzərdə tutulur.
|
|
25.07.2024 | 10:02 | |
|
|
|