Dövlət Proqramı iştirakçısı “Qlobal Tələbə Mükafatı”nın TOP 50 finalçısı siyahısında yer alıb | |
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində Oksford Universitetində "Siyasət elmləri" ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Nuranə Məmmədova “Qlobal Tələbə Mükafatı”nın (Global Student Prize) TOP50 finalçısı siyahısında yer alıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, Dövlət Proqramı təqaüdçüsü Nuranə Məmmədova Chegg.org və Varkey Fondu tərəfindən təşkil edilən Qlobal Tələbə Mükafatının TOP50 finalçısı siyahısına daxil edilib.
Həmin müsabiqənin finalçıları 176 ölkədən olmaqla, 11 mindən çox iştirakçı arasından seçiliblər. Yekun siyahıda cəmi 30 ölkənin təmsilçiləri yer alıb. Azərbaycan Respublikası bu siyahıda Nuranə Məmmədovanın təmsilçiliyi ilə vurğulanıb.
Qeyd edək ki, finalçılar akademik nailiyyətləri, yaşıdlarına təsirləri, icmalarında və onun hüdudlarından kənarda təsir seçim meyarlarına, o cümlədən yaradıcı və innovativ yanaşmaları və qlobal vətəndaş kimi necə fəaliyyət göstərmələrinə görə qiymətləndiriliblər.
Qlobal Tələbə Mükafatının əvvəlki qaliblərinin mükafatlarını ABŞ-nin sabiq Prezidenti Bill Klinton, Papa Fransisk və digər nüfuzlu şəxslər təqdim ediblər.
Qeyd edək ki, Nuranə Məmmədova Şəmkir şəhər tam orta məktəbini fərqlənmə ilə bitirdikdən sonra bakalavriat səviyyəsi üzrə təhsilini Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində alıb. Nuranə Məmmədova magistratura təhsilini Fransa, Almaniya və Türkiyədə fərqlənmə ilə bitirib. Hazırda Oksford Universitetində diplomatiya üzrə magistr təhsilini yekunlaşdırmaq üzrədir və həmin universitetdə doktorant kimi akademik təhsilini davam etdirməyə dəvət alıb. Qlobal uğurlarından biri də 2019-cu ildə ABŞ-nin Denver Universitetinin versiyasına görə dünyanın 13 qadın liderinin siyahısında yer almasıdır.
|
|
23.07.2024 | 09:43 | |
|
|
|