Şagirdlərimiz Beynəlxalq Kopernik olimpiadasında 36 medal qazanıblar
Azərbaycanlı şagirdlər ABŞ-nin Nyu-York ştatında Beynəlxalq Kopernik olimpiadasının riyaziyyat üzrə final mərhələsində iştirak ediblər. Kolumbiya Universitetində təşkil edilən final mərhələsində komandamız yüksək nailiyyət əldə edib. Belə ki, Azərbaycanın müxtəlif məktəblərinin 3-11-ci siniflərində oxuyan şagirdlərimiz 6 qızıl, 20 gümüş, 10 bürünc medal qazanıblar.
 
"Azərbaycan müəllimi"nə verilən məlumata görə, olimpiadada 14-18 iyul tarixlərində dünyanın 54 ölkəsindən 1000-dən çox şagird qalib adı uğrunda mübarizə aparıb. Azərbaycan millisi 5 kateqoriyada 42 istedadlı şagird ilə təmsil olunub.
 
İki şagirdimiz bütün rəqiblərini qabaqlayaraq, ən yüksək mükafata layiq görülüb. Bələ ki, Sadıq Sadiqli dünya ikincisi, Turab Haqverdiyev dünya üçüncüsü adını qazanıb.
 
Mükafatlandırma mərasimində iştirak edən Azərbaycan Respublikasının ABŞ-dəki səfirliyinin nümayəndəsi Sənan Fərəcov ölkəmizin şagirdlərinə baş çəkib, səlahiyyətli səfirimiz Xəzər İbrahimin təbriklərini şagirdlərimizə çatdırıb.
 
Qeyd edək ki, Kopernik Olimpiadası 2020-ci ildə ABŞ-nin Texas Ştatının Hyuston şəhərinə təhsil sahəsində beynəlxalq təcrübəyə malik pedaqoqlar tərəfindən təsis edilib. Kopernik adı bir vaxtlar Yerin Kainatın mərkəzi olduğuna dair iddianın əksinə olaraq, planetlərin Günəş ətrafında fırlanması ilə bağlı inqilabi nəzəriyyəni irəli sürən məşhur polşalı riyaziyyatçı, fizik və astronom Nikolay Kopernikdən götürülüb. Kopernik olimpiadasında dünyanın hər yerindən olan tələbələr fizika, astronomiya, təbiət elmləri və riyaziyyat üzrə öz bilik və bacarıqlarını sınaqdan keçirirlər. Ötən il Azərbaycan yığması dünya biricisi adına layiq görülmüşdü. Onlar bu il də eyni uğuru təkrarlayıblar.


22.07.2024 | 11:27