ADPU tələbəsi “Ədibin Evi”ndə əski əlifba kursunu uğurla başa vurub
XX əsr milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlalın 1920-1940-cı illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılmış “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu əski Azərbaycan əlifbasında yazılan ədəbiyyatımızın tədris və tədqiqi məqsədilə ilin əvvəlindən ilk dəfə olaraq Azərbaycanın müxtəlif ali təhsil ocaqlarının tələbələri üçün “Ədibin Evi”ndən qazandıqları təqaüdlə “Əski Azərbaycan Əlifbası” kursuna başlayıb. Kursun məqsədi əski əlifba ilə yazılmış əsərləri tədqiq etməyi bacaran peşəkar gənc mütəxəssislər yetişməkdir. 
 
ADPU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, fevral ayının 1-dən start götürən kursun ilk sinfi bu günlərdə keçirilən tədbirdə sertifikatla təltif olunublar. Qeyd olunub ki, kursu uğurla başa vuraraq təltif olunan 10 tələbədən biri Azərbaycan Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsinin “Tarix və coğrafiya müəllimliyi” ixtisasının IV tədris ilinin tələbəsi Seyranə İbrahimovadır. 
 
“Əski Azərbaycan Əlifbası” kursunun gələcəkdə də davam edəcəyini elan edən Fondun direktoru Şəfəq Mehrəliyeva nəzəri bilikləri möhkəmləndirmək məqsədilə ilk məzun sinfinin növbəti akademik semestr ərzində Azərbaycan Respublikasının  Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin bölmə müdiri, filologya üzrə fəlsəfə doktoru Şəhla Abdullayevanın rəhbərliyi ilə birgə transliterasiya layihəsi üzərinə çalışacağını elan edib.


22.07.2024 | 09:10