“mygov” portalına yeni təhsil sənədləri və məlumatları əlavə olunub
İyulun 19-da Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə brifinqi keçirilib.  
 
"Azərbaycan müəllimi" xəbər verir ki, brifinqdə Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Rəşad Xalıqov, Rəqəmsal məhsulların inkişafı departamentinin rəhbəri Vurğun Hacıyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz təqdimatlarla çıxış ediblər.
 
Brifinqdə Azərbaycan Texniki Universitetinə bakalavriat səviyyəsi üzrə sənəd qəbulunun rəqəmsallaşdırılmasından danışılıb. Bildirilib ki, artıq vətəndaşlar sənəd qəbulu prosesini portal.edu.az vasitəsilə tam rəqəmsal formada həyata keçirə biləcəklər. Eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan–Fransız Universitetində (UFAZ) sənəd qəbulunun rəqəmsallaşdırılması ilə bağlı işlərə başlanıldığı vurğulanıb.  
 
Brifinqdə “mygov” portalına daha 6 təhsil sənədi və  məlumatın əlavə edilməsi mövzusunda təqdimat da nümayiş etdirilib. Məlumat verilib ki, vətəndaşlar portalda “Peşə təhsili sənədləri haqqında məlumatlarım”, “Ümumi təhsil haqqında məlumatlarım”, “Cari ali və orta ixtisas təhsili haqqında məlumatlarım”, “Cari ümumi təhsil haqqında məlumatlarım”, “Cari peşə təhsili haqqında məlumatlarım”, “Övladlarımın cari ümumi təhsili haqqında məlumatları” bölmələrindən müvafiq təhsil sənədləri və məlumatlarını elektron formada əldə edə bilərlər. Bununla da ümumilikdə 10 təhsil sənədi və məlumatı tam rəqəmsal formada vətəndaşlara təqdim olunur.
 
Brifinqdə həmçinin qeyd edilib ki, vətəndaşlar təhsil məlumatlarını “mygov” tətbiqi üzərindən QR kodu vasitəsilə paylaşmaq, PDF formatında yükləmək, o cümlədən yaranmış problemi “Dəstək” bölməsinə müraciət edərək aradan qaldırmaq imkanına malikdirlər. 
 
Bundan başqa, portalda təhsil məlumatlarının nə vaxt, kiminlə, harada paylaşıldığının tarixçəsinə nəzər yetirməyin mümkünlüyü də əlavə edilib. 
 
“mygov” tətbiqinin “Sənədlər” bölməsində tələbə kartının rəqəmsal versiyası da təqdim olunur.


20.07.2024 | 13:49