Peşə təhsili üzrə fənn müəllimi və təlim ustalarının işə qəbul müsabiqəsi başlayır | |
2024/2025-ci tədris ili üçün peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi və istehsalat təlimi ustalarının işə qəbul müsabiqəsi keçiriləcək.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, müsabiqə iyulun 22-də başlayacaq.
Qeyd edilib ki, peşə təhsili müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi çalışmaq istəyən şəxslər ixtisaslaşdıqları istiqamət üzrə 22-29 iyul tarixləri arasında https://portal.edu.az elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçməlidirlər.
Müsabiqə çərçivəsində Bakı və regionlarda yerləşən peşə təhsili müəssisələri üzrə 551 ixtisas fənn müəllimi, 574 istehsalat təlimi ustası, 82 yüksək texniki peşə təhsili səviyyəsi üzrə vakansiya elan olunması proqnozlaşdırılır. Cari ildən etibarən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında yerləşən peşə təhsili müəssisələrinə də işəqəbul prosesi mərkəzləşdirilmiş müsabiqə vasitəsilə aparılır.
İxtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsi elektron әrizәlәrin qәbulu, təqdim edilən mәlumatların müsabiqәnin şәrtlәrinә uyğunluğunun müsabiqə komissiyası tәrәfindәn yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərindən ibarətdir.
Ərizələri təsdiq edildikdən sonra, 2 avqust tarixində, ixtisas fənn müəllimi vakansiyası üzrə müraciət edən namizədlər ixtisas modulları üzrə təhsil proqramlarına aid 40 sual və tədris metodikasına və təlim strategiyalarına aid 20 sual, istehsalat təlimi ustası vakansiyası üzrə müraciət edən namizədlər tədris edəcəyi təlim modullarına aid 40 sual, təlim metodikasına və təlim strategiyalarına aid 15 sual, həmçinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarına aid 5 sualdan ibarət test imtahanında iştirak edəcəklər.
İxtisas fənn müəllimi və istehsalat təlimi ustası üzrə test imtahanında ümumi 40 bal və daha yüksək nəticə göstərən müraciətçilər vakant yerlərin seçiminə buraxılır. Namizədlərə maksimum 8 vakant yer seçmək imkanı verilir.
Müsahibə mərhələsində namizədlərin ümumi dünyagörüşü, peşə keyfiyyətləri, ünsiyyət, təlimi planlaşdırma, təlimin təşkilində istifadə olunan forma və üsulları tətbiq etmək bacarığı komissiya tərəfindən yoxlanılır. Müsahibənin nəticəsinə əsasən, namizədin vəzifəyə uyğun olub olmaması barədə qərar verilir. Müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.
Peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinə qanunvericiliklə müəyyənləşdirilmiş, aşağıda qeyd edilən tələblərə uyğun namizədlər müraciət edə bilər:
İxtisas fənn müəllimləri - orta ixtisas və ya ali təhsilli və ixtisası üzrə istehsalat və xidmət sahələrində ən azı 1 il əmək stajı olan şəxslər;
İstehsalat təlimi ustaları - peşə, orta ixtisas və ya ali təhsilli və ixtisası üzrə istehsalat və xidmət sahələrində ən azı 5 il əmək stajı olan şəxslər.
|
|
19.07.2024 | 11:23 | |
|
|
|