AzTU daha 16 şəhər və rayonda şəhərdaxili mobillik planının icrasına başlayıb
Azərbaycan Texniki Universiteti (AzTU) “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədilə daha 16 şəhər və rayonda şəhərdaxili mobillik planının icrasına başlayıb.
 
Bu barədə "Azərbaycan müəllimi"nə AzTU-dan məlumat verilib. 
 
Belə ki, 15-16 iyul tarixlərində AzTU ilə Balakən, Zaqatala, Oğuz və Qəbələ rayon icra hakimiyyətləri arasında müqavilə imzalanıb.
 
AzTU-nun rektoru Vilayət Vəliyev, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin iştirakı ilə keçirilən görüşlərdə mobillik planının əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, sözügedən layihə rayonların dayanıqlı inkişafına, yol şəbəkələrinin planlı layihələndirilməsi və icrasına xüsusilə əhəmiyyətli olacaq. Belə ki, layihə hamı üçün əlverişli, əlçatan və dayanıqlı nəqliyyat sistemləri, o cümlədən həssas əhali qrupundan olanların, qadınların, uşaqların, fiziki qüsurlu və yaşlı insanların ehtiyaclarına xüsusi diqqət yetirməklə, ictimai nəqliyyatın genişləndirilməsi yolu ilə yol təhlükəsizliyinin yaxşılaşdırılmasını ehtiva edir. Bildirilib ki, dövlət-universitet-sənaye tandeminin ən bariz nümunəsi olan “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” üzrə məsləhət xidmətinin–layihəsi adıçəkilən rayon icra hakimiyyətləri ilə AzTU arasında yerinə yetiriləcək ilk layihədir.
 
Görüşlərdə Balakən, Zaqatala, Oğuz və Qəbələ rayon icra hakimiyyətlərinin nümayəndələri ilə yanaşı, AzTU-nun Ömürboyu Öyrənmə Məktəbinin direktoru Aynurə İsmayılova, Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, AzTU-nun rəqəmsal transformasiya üzrə məşvərət şurasının koordinatoru, universitetin İctimai şurasının sədri Osman Gündüz, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc İsgəndərova iştirak edib. 


18.07.2024 | 17:02