“Silk Way Flavor Fest: Baku Edition” adlı beynəlxalq aşpazlıq yarışması davam edir - FOTOLAR
17-19 iyul 2024 tarixləri arasında Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi “WorldSkills Azerbaijan” İctimai Birliyi və CASA Kulinariya Mərkəzinin dəstəyi ilə “Silk Way Flavor Fest: Baku Edition” adlı beynəlxalq aşpazlıq yarışması həyata keçirilir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu müsabiqə “WorldSkills Azerbaijan” platforması tərəfindən təşkil edilən ilk beynəlxalq tədbirdir. Müsabiqə çərçivəsində ölkəmiz xarici yarışmaçılara ev sahibliyi etməklə bu sahədə bir ilkə imza atır. Sözügedən yarışda ölkəmizin təmsilçiləri ilə yanaşı, Qazaxıstan və Özbəkistandan gələn gənclər də iştirak edirlər.
 
İndiyə kimi, aşpazlıq ixtisası üzrə 3 fərqli təsnifat mərhələsi baş tutub və 100-dən çox müraciətçi qeydiyyata alınıb. Sonrakı mərhələlərdə isə namizədlərin nəzəri və praktiki biliklərini ölçən müsabiqə keçirilib.
 
Qeyd edək ki, tədbirin əsas məqsədi bu ilin 10-15 sentyabr tarixlərində keçiriləcək 47-ci beynəlxalq “WorldSkills” yarışına milli komandamızın hazırlığını gücləndirmək, ölkəmizdə peşə təhsilinə marağın artırılmasına töhfə vermək və bu sahədə beynəlxalq təcrübə mübadiləsinə şərait yaratmaqdır.


18.07.2024 | 12:08