“Keyfiyyətin yüksəldilməsində psixoloji xidmətin mühüm rolu var” | |
Nigar Əsədova 1969-cu ildə İmişli rayonunda anadan olub. 1992-ci ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu, sonra isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin psixologiya fakültəsini bitirib. 2008-ci ildən şəhər 5 nömrəli məktəb-liseyin psixoloqu vəzifəsində çalışır.
- Nigar xanım, öncə istərdik ki, məktəbdə psixoloji xidmətin məqsəd və vəzifəsini qısaca səciyyələndirəsiniz. - İlk olaraq onu deyim ki, təhsildə keyfiyyətin yüksəldilməsində psixoloji xidmətin mühüm rolu var. Bu mənada, məktəbdə psixoloji xidmət işi də müvafiq məqsəd və vəzifələrə, prinsip və funksiyalara əsaslanır. Hal - hazırda psixoloji xidmətin əsas vəzifəsi təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqların üzə çıxarılması məqsədilə şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq etməkdir. Bir sözlə, məktəb psixoluqunun başlıca məqsədi təhsilalanlar və təhsilverənlər üçün əlverişli psixoloji inkişaf mühitinin yaradılmasına nail olmaqdır.
Məktəb psixoloqu öz vəzifələrini yerinə yetirmək, qarşıya qoyduğu məqsədə çatmaq, daha doğrusu, təhsilalanların psixoloji sağlamlığına, təhsil uğurlarına nail olmaq üçün məktəb rəhbərliyi, müəllim və valideynlərlə birgə fəaliyyət göstərir və məsləhətlər verir.
- Siz psixoloji xidmətdə ən çox nəyə diqqət yetirirsiniz? - Birincisi, şagirdlərin uğurla sosiallaşmalarında, sağlamlıqlarının qorunması və möhkəmləndirilməsi, uşaq və yeniyetmələrin hüquqlarının qorunması, onların inkişafı və davranışında kənara çıxmaların qarşısının alınması və s.
İkincisi, şagirdlərin psixoloji-pedaqoji diaqnostikası, onlarla profilaktik işlərin aparılması, müəllim, şagird və valideynlərin maarifləndirilməsi və metodiki işlərdir.
- Konkret olaraq sizin məktəbin timsalında hansı psixoloji məsələləri həll etməyi problem sayırsınız? - Problemləri iki hissəyə bölərək belə deyərdim: Birincisi, şagirdlərinin şəxsiyyətlərinin və şagird kollektivlərinin öyrənilməsi, müəllimlər, şagirdlər və valideynlər arasında sağlam həyat tərzinin təbliği, dərslərlə bağlı çətinliklərin aradan qaldırılması.
İkincisi isə sosial cəhətdən təhlükəli bir vəziyyətdə olan uşaqların və yeniyetmələrin, onların inkişafında özünüidarəetmədə sapmaların və düşdükləri çətin vəziyyətlərin vaxtında aşkar edilərək aradan qaldırılmasıdır.
- Psixoloq şagirdlərə necə köməklik edə bilər? - Şagirdlər özləri və ya ailələri ilə bağlı hər hansı bir məsələdə psixoloqa müraciət edə bilərlər. Məktəb psixoloqları isə onlara karyera məsləhətləri, ailədaxili problemlərin həlli, insanlararası münasibətlər, təhsilə və s. ilə bağlı kömək edə bilərlər. Lakin məktəb psixoloquna yalnız uşaqların problemlərinin həlli ilə məşğul olan bir mütəxəssis kimi baxmaq olmaz. Onun bu işdə rolu pozitivdir - şagirdlərin sosiallaşma mərhələsindən keçməsinə və potensialını ortaya qoymasında onlara kömək edir.
Bu gün psixoloqlar uşaqlarla öz işlərinə məktəbəhazırlıq qruplarına uşaqların yığılması zamanından başlayır. Ümumiyyətlə, məktəb psixoloqları iş vaxtlarının əsas hissəsini müxtəlif növ diaqnostikaların aparılmasına həsr edir. Məsələn, o, birinci sinif şagirdlərinin məktəbə uyğunlaşmalarını öyrənə bilər. O, məktəbə çətinliklə uyğunlaşan uşaqlarla xüsusi işləməlidir.
Həmçinin, psixoloq uşaq - valideyn münasibətlərinin diaqnostikasını apara və sinifdə əlaqələri araşdıra, məktəblilərin şəxsiyyətlərini, düşüncə səviyyəsini, diqqətini öyrənə bilər. Psixoloq müxtəlif diaqnostik testlər vasitəsilə həm sinifdə, həm də xaricdən görünməyən, lakin fəlakətə səbəb ola biləcək xüsusi şagirdlərlə problemləri müəyyənləşdirə bilər. Bu vəziyyətlərdə o, qrup və fərdi təlimlər aparmalıdır.
- Valideynlər sizə müraciət edirlərmi? - Bu sualı valideynlərə ünvanlasanız, deyərdim ki, cavabları “xoşbəxtlikdən yox” olardı. 10 ilə yaxındır ki, bu məktəb psixoloqu vəzifəsində çalışıram. Təəssüf hissilə deyərdim ki, hələ də valideynlər övladları ilə bağlı müəyyən məsələlərdə məktəb psixoloqu ilə görüşüb fikirlərini bölüşməyə tərəddüd edir və ya heç müraciət etmirlər. Bu da bizim psixoloji xidmət işini təşkil etməyimizə çox mane olur. Görünür, daha çox maarifləndirmə işi aparmaq lazımdır.
- Buraxılış imtahanları öncəsi şagirdlərlə hansı işləri görürsünüz? - Bunun üçün xüsusi bir iş planı hazırlayıram. İş planına uyğun olaraq şagirdlərdə imtahanlara psixoloji cəhətdən hazırlaşmaq üçün xüsusi testlər keçirirəm, qruplarla iş aparıram, bəzi hallarda isə fərdi məsləhətlər verirəm. Bizim vəzifələrimizdən biri də şagirdlərdə narahatlıq hisslərini aradan qaldırmaq, onlarda özünə hörmət hissini gücləndirmək, həyəcan və qorxuların aradan qaldırılmasıdır. Qeyd etdiklərimlə bağlı həm valideynlər, həm də şagirdlər üçün iş planına dair olan məsləhətlər hazırlayıram. Valideynlərlə görüşlərdə onlara məsləhətlər verirəm. Bu məsləhətlərə qeyd etdiyiniz hallarda valideynlərin övladlarına necə kömək etmələri daxil edilir.
- Uşaqlar məktəb psixoloqu kimi sizi necə qəbul edir, onlar öz problemləri ilə bağlı sizə müraciət edirlərmi? - Uşaqlar özləri nadir hallarda müraciət edirlər. Mən şagirdlərə məktəb psixoloqunun hardasa bir tibbi təhsili olan həkim olduğunu izah edirəm. Necə ki, həkimlər xəstələrə şəfa verirlər - məktəb psixolqu isə şagirdlərin düşdükləri psixoloji gərginliklərdən çıxmaqda kömək edir. Psixoloqu onlara düşdükləri psixoloji gərginliklərdən çıxmaqda kömək edən bir şəxs kimi təqdim edirəm.
- Şagirdlərlə aparılan söhbətlərin məzmununun gizli qalmasına dair bir zəmanət varmı? - Əlbəttə. Bütün məsləhətləşmələr gizli saxlanılır, bu, psixoloqun etikasıdır.
Uşaqlar müxtəlif suallarla psixoloqa müraciət edə bilərlər. Onlarla yaşıdları ilə ünsiyyət qurmaqda çətinliklərin, müəllim və valideynlərlə olan konfliktlərin fərdi keyfiyyətləri necə inkişaf etdirmək və başqalarına qarşı qıcıqlarının, qəzəblərinin aradan qaldırılması ilə bağlı aparılan söhbətlər kabinetin divarları arasında qalır.
- Hansı hallarda şagirdlərin sizə müraciət etmələri lazımdır və ya vacibdir?
- Təhsildə çətinliklərlə bağlı: Bəzi uşaqlar istədikləri kimi oxuya bilmirlər. Buna yaxşı yaddaşın, diqqət və ya həvəsin olmaması, müəllim problemi və ya müəllimin başa düşülməməsi, yaxud bütün bunlar nəyə lazımdır kimi məsələlər səbəb ola bilər. Məsləhətləşmələrdə biz bunun səbəbini və onun necə həll olunmasını müəyyən etməyə çalışırıq. Başqa sözlə, daha yaxşı öyrənmək üçün nə etmək lazımdır sualına cavab tapırıq.
- Sinifdaxili münasibətlər: Başqaları ilə asanlıqla təmasda olan, hətta tanımadıqları insanlarla asanlıqla ünsiyyət qura bilənlər və ya bunların tam əksi olanlar da var. Belə hallarda onlar biz psixoloqların köməyi ilə müxtəlif hallarda və müxtəlif insanlarla münasibətlər qurmaq yollarını öyrənə bilərlər.
- Valideynlərlə münasibətlər: Bəzən valideynlərlə və ya ən yaxın olan insanlarla belə isti münasibətlər itirilir. Konfliktlər, mübahisələr, qarşılıqlı anlaşılmazlıqlar kimi hallar həm valideynlər, həm uşaqlar üçün çətinliklər yaradır. Bəziləri həllini tapır, bəziləri isə belə vəziyyətlərdən çıxış yolunu tapmaqda çətinlik çəkirlər. Belə hallarda biz psixoloqlar şagirdlərə valideynlərlə yeni münasibətlər qurmağı və onları anlamağı, valideynlərin onları başa düşüb və qəbul etmələri ilə bağlı məsləhətlər veririk.
- Özünüinkişaf və özünüidarəetmə: Həyatımız o qədər çox maraqlı və çoxyönlüdür ki, daim qarşımızda çoxsaylı məsələlər, vəzifələr qoyur. Onların bəziləri bizlərdən müxtəlif şəxsi keyfiyyətlər, bacarıqlar tələb edir. Buna görə də, biz özümüzdə liderlik, məntiqi təfəkkürü və ya yaradıcılıq bacarıqlarını inkişaf etdirməliyik. Bunun üçün yaddaşımızı, diqqətimizi, təxəyyülümüzü inkişaf etdirməliyik. Həyatımızı idarə, məqsədləri isə təyin və əldə etməyi öyrənə bilərik.
Məktəb psixoloqu müəyyən keyfiyyətləri, bacarıqları və qabiliyyətləri inkişaf etdirmək texnologiyasına sahib olan və onları uşaqlarla bölüşəndir.
- Gələcək həyat yönünün seçilməsi: 9-11-ci siniflər şagirdlərinin artıq gələcək peşə seçimi etmələri və ümumiyyətlə, gələcək həyatlarını necə qurmaları haqqında düşünmə zamanlarıdır. Şagirdlərin bu məsələlərdə yəqinlikləri olmasa və çıxış yolunun tapılmasına ehtiyacları yarananda biz psixoloqlara müraciət edirlər. Mən də şagirdlərə öz arzu, istək və məqsədlərinə çatmaq üçün onların imkan və qabiliyyətlərini nəzərə alır, hansı sahələrdə istəklərini reallaşdıra bilmələri üçün məsləhətlər verirəm.
Vilayət ƏLİYEV, İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi |
|
18.11.2018 | 11:49 | |
|
|
|