BMU-nun rektoru yay məktəbində tədris aparan koreyalı müəllimlərlə görüşüb | |
Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev ikili diplom proqramı çərçivəsində tələbələr üçün yay məktəbində tədrisə cəlb edilən Koreya Respublikasının INHA Universitetinin 22 nəfərdən ibarət professor-müəllim heyəti ilə görüşüb.
Bu barədə "Azərbaycan müəllimi"nə BMU-dan məlumat verilib.
Görüşdə Yaqub Piriyev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini, xüsusilə texniki sahədə yüksəkixtisaslı kadrların hazırlanmasının ölkəmiz üçün prioritet təşkil etdiyini diqqətə çatdırıb. O bildirib ki, sənədə uyğun olaraq 2020-2021-ci tədris ilindən BMU ilə INHA Universiteti arasında ikili diplom proqramının icrasına başlanılıb və bu il 61 tələbə bu proqramdan məzun olub. İlk buraxılış mərasimində INHA Universitetinin rektoru Cho Myong Voonun iştirakının məzunlar və onların valideynlərində xoş ovqat yaratdığını qeyd edən Yaqub Piriyev proqramın tələbələrə gərəkli bilik və bacarıqlar qazandırdığına əminliyini, həmçinin tədris prosesinin davamı olan ənənəvi yay məktəbinin təhsilalanların savad və təcrübələrinin artırılmasında müsbət rol oynadığını söyləyib.
BMU və INHA arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini önə çəkən rektor bu yaxınlarda imzalanan Niyyət Məktubuna toxunub, sənədin hər iki tərəfin tələbələri üçün təhsil təcrübəsi və imkanlarını artırmaq məqsədi daşıdığını, eləcə də INHA Universitetinin proqram məzunlarının 10 faizinə bu universitetin magistr proqramlarına qəbul olunduqları təqdirdə tam təqaüd ayıracağını deyib.
Nümayəndə heyəti adından çıxış edən INHA Universitetinin Mühəndislik fakültəsinin dekanı Jaehyun Park yay məktəbinin tələbələrin nəzəri və təcrübi biliklərinin artırılmasındakı rolundan danışıb. Proqram üzrə təhsil alan tələbələrin dərsə intizamlı münasibətindən razı qaldıqlarını deyən dekan yay məktəbi üçün lazım olan bütün şəraitin yaradıldığını vurğulayıb.
Koreyalı müəllimlərə uğurlar arzulayan rektor Yaqub Piriyev müxtəlif fənləri tədris edən müəllimlərlə və nümayəndə heyətinin tərkibində təmsil olunan INHA-nın özbək əsilli əməkdaşları ilə səmimi söhbət edib, tədris etdikləri fənlərlə yaxından maraqlanıb.
Görüş INHA Universitetinin professor-müəllim heyətinə hədiyyələrin təqdim olunması ilə başa çatıb.
|
|
17.07.2024 | 16:59 | |
|
|
|