Dünyanın ən böyük kitabxanaları - ARAŞDIRMA
Kitabxanalar cəmiyyətin intellektual inkişafına və məlumatlı olmasına böyük töhfə verir. Kitabxanalar ona üz tutan şəxslərə müxtəlif mövzularda məlumat və resurslar, şagirdlər və tələbələr üçün dərsliklər və araşdırma materialları təqdim edir. Həmçinin tarixi kitablar və sənədlərin saxlanması ilə mədəni irsi qoruyur. İnternet və müasir texnologiyalardan istifadə imkanı yaradır. Bununla yanaşı, Böyük kitabxanalar cəmiyyətin intellektual inkişafını daha effektiv şəkildə dəstəkləyə bilər. Müxtəliflik, araşdırma imkanları, tarixi irsin qorunması və geniş şəkildə bazalarda yerləşdirilməsi, müasir texnologiyaların tətbiqi üçün şərait yaradır. 
 
“Azərbaycan müəllimi” dünyanın geniş kolleksiyalara və tarixi əhəmiyyətə malik olan 5 böyük kitabxanası ilə bağlı araşdırmanı təqdim edir:
 
1. Vaşinqton Kitabxanası (Library of Congress) ABŞ-nin ən böyük kitabxanasıdır və Vaşinqton D.C.-də yerləşir. Kitabxanaya 170 milyon fərqli sənəd, o cümlədən kitablar, jurnallar və s. daxildir.
 
ABŞ Konqres Kitabxanası 1800-cü il aprelin 24-də ABŞ prezidenti Con Adamsın göstərişi ilə yaradılıb. Prezident kitab alınmasına və saxlanılmasına o vaxtın pulu ilə böyük məbləğ — 5 000 dollar pul ayırır və qərar imzalayır ki, kitabxananı ancaq prezidentlər, Konqresin üzvləri ziyarət edə bilərlər. O vaxtdan etibarən kitabxananın adı Konqres Kitabxanası olaraq qalır.
 
1814-cü ildə ABŞ-Britaniya müharibəsi vaxtı kitabxana demək olar ki, məhv olur. İngilis əsgərləri kitabxananın yerləşdiyi Kapitoli binasını yandırırlar. 3000-dən çox kitab məhv olur. Eks-prezident və kitab həvəskarı Tomas Cefferson özünün yarım əsr ərzində yığdığı 6 487 cilddən ibarət kitab kolleksiyasını kitabxanaya bağışlayır. Belə bir kitabxana ABŞ-də heç kimdə yox idi.
 
2. Britaniya Kitabxanası (British Library) dünyanın ən böyük kitabxanalarından biridir və İngiltərədə yerləşir. Kitabxana 170 milyon fərqli sənədi öz arxivlərində qoruyur.
 
Bu kitabxana 5 kitabxana sistemini özündə birləşdirir. 1759-cu ildə yaranan Britaniya Milli Kitabxanasında əvvəl az sayda kitab olub. İxtisasca həkim və bioloq olan ser Hans Sloan özünün botanika, zoologiya və mineralogiyaya aid kitablarını kitabxanaya bağışladıqdan sonra burada kitab fondunun sayı 3500 nüsxəyə çatıb. Hans Sloan öz vəsiyyətnaməsində bildirir ki, dövlət bu kitabxananı qorumaq üçün tədbirlər görməlidir. İngiltərə parlamenti kitabxananın qorunması haqqında qanun qəbul edir.
 
Bu gün Britaniya Milli Kitabxanasında tibb elminə, Britaniya imperiyasının, ayrı-ayrı Avropa dövlətlərinin tarixinə aid qədim sənədlər və dünyanın, demək olar ki, bütün dillərində çap olunmuş 150 milyona yaxın kitab saxlanılır. Bundan əlavə, İngiltərə və İrlandiyada çap olunan gündəlik qəzetlər buraya gətirilir.
 
Fondlarında 310 000 əlyazması, 4 milyondan çox xəritə, 260 min musiqi valları və filateliya kolleksiyası saxlanılır. Filateliya kolleksiyasında 8 milyondan çox marka var. Musiqi fondunda 19 əsrə aid silindr formasında hazırlanmış səs yazıları, həmçinin müasir SD, DVD və mini-disklər mühafizə olunur.
 
3. Sankt-Peterburqda yerləşən Rusiya Milli Kitabxanası Rusiyanın ilk milli kütləvi kitabxanası və dünyanın ən böyük kitabxanalarından biridir. Kitabxana bütün tarixi boyunca milli çap məhsullarını əldə etməyi və sahib olduğu kolleksiyaların pulsuz şəkildə əlçatanlığının təmin edilməsini qarşısına məqsəd qoymuşdur. Bu kitabxana dünyanın ən böyük kitabxanalarından biridir və 47 milyondan çox sənədi özündə cəmləşdirir.
 
4. Pekin Milli Kitabxanası 1909-cu ildə fəaliyyətə başlayıb. Əvvəlcə Pekin Universitetinin tərkibində olub, 1916-cı ildə isə ona ölkənin əsas kitabxanası statusu verilib. Kitabxana 3 binada yerləşir. Bu kitabxana dünya kitabxanaları sırasında beşinci yeri tutur, ərazisi 170.000 kvadrat metr təşkil edir. Onun fondlarında 40 milyon cild kitab və sənəd saxlanılır. Hər il bu say 600–700 min ədəd yenilənir. Burada xüsusi fondda 1 milyon nadir kitab, qədim atlas və xəritələr, Çində yaşayan milli azlıqların dilində çap olunmuş bədii əsərlər, görkəmli adamların əlyazmaları, tarixi sənədlər saxlanılır. Kitabxana ilin bütün günləri açıq olur, gündə 8 min adama xidmət edir. Eləcə də sutkada 24 saat ərzində oxuculara İnternet vasitəsilə onlayn xidmət göstərir.
 
5. Vatikanda yerləşən Vatikan Kitabxanası (Vatican Library) dünyanın ən qədim və ən məşhur kitabxanalarından biridir. Bu kitabxana 1475-ci ildən fəaliyyət göstərir və dini, tarixi, mədəni əhəmiyyətə malik olan zəngin bir kolleksiyaya sahibdir. Burada 1.6 milyondan çox material saxlanılır.
 

Adları qeyd edilən universitetlərin hər biri beynəlxalq əməkdaşlıqlara açıqdır və dünya kitabxanaları ilə əlaqələr qurur. Bu əməkdaşlıqlar sayəsində tələbələr və tədqiqatçılar dünya miqyasında mövcud olan elmi resurslara və məlumat bazalarına asanlıqla çıxış əldə edə bilirlər.

Beləliklə, beynəlxalq kitabxana şəbəkələrinə qoşulmaq universitetlərə fərqli dillərdə, müxtəlif elmi sahələrdə yazılmış materiallara çıxış imkanı yaradır. Bununla yanaşı, kitabxana sistemləri müasir texnologiya ilə birləşdirilərək inkişaf edir. Belə ki, elektron kitabxanalar, rəqəmsal arxivlər və onlayn mənbələr vasitəsilə oxucular istənilən vaxt və istənilən yerdən resurslara çıxış əldə edə bilirlər.

Həmçinin kitabxana xidmətləri mobil tətbiqlər və internet platformaları vasitəsilə dəstəklənir ki, bu da məlumatların əlçatanlığını və istifadəsini asanlaşdırır. Müasir texnologiyanın tətbiqi kitabxana idarəçiliyini optimallaşdırır və istifadəçi təcrübəsini yaxşılaşdırır, nəticədə daha səmərəli və effektiv təhsil mühiti yaranır.

 
Günel ABBAS


17.07.2024 | 16:25