Uşaqların yay tətilini daha maraqlı və səmərəli təşkil etmək üçün nələr edilməlidir? - Ekspert rəyi
Artıq şagirdlər yay tətilinə çıxıblar. Bu, valideynlərin məsuliyyətini daha da artırıb. Bəs uşaqlar yay tətilini maraqlı və səmərəli keçirmək üçün nə etməlidirlər?
 
Məsələnin aktuallığını nəzərə alaraq sahə üzrə mütəxəssislərdən mövzu ilə bağlı fikirlərini öyrəndik. Belə ki, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova “Azərbaycan müəllimi”nə bildirib ki, uşaqlar üçün yay tətili yeni təcrübələr, aktiv istirahət və faydalı fəaliyyətlər dövrüdür. Yayda uşaqların istirahətinin təşkili cəmiyyətin qarşısında duran ən mühüm vəzifələrdən biridir:
 
"Tətil uşaqların səbirsizliklə gözlədiyi vaxtdır və buna görə də bu vaxtın onlar üçün maraqlı və təhlükəsiz keçməsinə çalışmalıyıq. Yayda uşaqların istirahətinin təşkilində ilk addım müxtəlif fəaliyyətlərdən ibarət proqram hazırlamaqdır. Uşaqlara idmanla məşğul olmaq, müxtəlif yaradıcılıq seminarlarında, ekskursiyalarda iştirak etmək, dostları ilə ünsiyyət qurmaq  və bacarıqlarını inkişaf etdirmək üçün şərait yaratmaq vacibdir".
 
Bu zaman seçim və müxtəlifliyi təmin etmək önəmlidir
 
Onun sözlərinə görə, yayda uşaq tətillərinin təşkilinin eyni dərəcədə vacib bir tərəfi təhlükəsizlikdir: "Bütün proqram təhlükəsizlik standartlarına ciddi şəkildə uyğun gəlməlidir və uşaqlarla işləyən işçilər ilk tibbi yardım haqqında məlumatlı olmalı və gözlənilməz hallarda bütün iştirakçıların təhlükəsizliyini təmin edə bilməlidirlər. Yayda uşaqların istirahətinin təşkili həm də hər bir uşağın fərdi ehtiyaclarını əhatə etməlidir. Bəziləri ekologiya və təbiətlə, digərləri incəsənət və mədəniyyətlə, bəziləri isə idman və aktiv oyunlarla maraqlana bilər. Buna görə də proqramda seçim və müxtəlifliyi təmin etmək xüsusilə əhəmiyyətlidir".
 
Müxtəlif proqramlar və fəaliyyətlər uşaqların inkişafına müsbət təsir edir
 
İcraçı direktor, həmçinin vurğulayıb ki, müxtəlif sosial təbəqələrdən olan, xüsusilə aztəminatlı ailələrin, sosial baxımsızlıqdan əziyyət çəkən və övladları ilə kifayət qədər vaxt keçirə bilməyən, onların asudə vaxtının individual olaraq təşkilini həyata keçirə bilməyən uşaqların istirahətə çıxışını təmin etmək lazımdır: "Sosial statusundan və maddi vəziyyətindən asılı olmayaraq, müxtəlif proqramlar və fəaliyyətlərin uşaqlar üçün əlçatan olması, bu uşaqların inkişaf və iştirak hüquqlarının qorunmasına və inkişafına müsbət töhfə verir. Həmçinin istirahətin təşkili təkcə əyləncə və ya asudə vaxtla bağlı deyil, həm də hər bir uşağın fiziki, intellektual və mədəni inkişafı üçün əlverişli mühitin yaradılması ilə bağlı qayğıdır. Gənc nəsli gələcəyə hazırlamaq, onların bu dövrünün tam və unudulmaz keçirmələrini təmin etmək üçün cəmiyyət bütün səy və resurslarını sərf etməlidir".
 
Müsahibimiz qeyd edir ki, belə tədbirləri həyata keçirərkən nəzərə alınmalı olan bəzi əsas məqamlar aşağıdakılardır:

1. Fəaliyyətlərin müxtəlifliyi: Proqrama idman oyunları, yaradıcı işlər, ekskursiyalar və maarifləndirici müzakirələr kimi müxtəlif fəaliyyətlərin daxil edilməsi vacibdir. Bu, uşağın hərtərəfli inkişafına kömək edir.

2. Sosial qarşılıqlı əlaqə: Yay düşərgələri və digər istirahət fəaliyyətləri uşaqlara yeni dostlar tapmaq, ünsiyyət bacarıqlarını inkişaf etdirmək və komanda şəklində işləmək imkanı verir. Həmçinin sosial bacarıqların və özünə inamın yaxşılaşdırılması üçün faydalıdır.
 
3. Təhsilə töhfə: Yayda belə intellektual fəaliyyət, yəni maarifləndirici oyunlar, ekskursiyalar, həmçinin kitab oxuyaraq müzakirələr etmək öyrənməyə həvəsin artmasına kömək edəcək.

4. Təhlükəsizlik: Yay tətilinin təşkili zamanı bütün təhlükəsizlik tədbirləri nəzərə alınmalıdır. İstirahət məkanlarını seçərkən onların gigiyenik cəhətdən təmiz olduğuna diqqət etmək vacibdir.

5. Seçim azadlığı: Uşaqlara təklif olunan proqram çərçivəsində fəaliyyətləri seçmək imkanının verilməsi vacibdir. Bu, müstəqillik və özünə inamı inkişaf etdirməyə kömək edəcək. 
       
 
Beləliklə, düzgün təşkil edilmiş yay tətilləri uşağın inkişafına əhəmiyyətli dərəcədə töhfə verə, sağlamlığını və emosional vəziyyətini yaxşılaşdıra bilər:
 
"Bununla belə, qeyd etmək lazımdır ki, telefon, kompyuter oyunlarından asılılığın qarşısını almaqda yay tətilinin düşərgələrdə keçirilməsi effektivliyi düşərgə təşkil edənlərin proqramlarından və yanaşmalarından asılıdır. Uşaqları fiziki və sosial fəaliyyətlərə aktiv şəkildə cəlb edən düşərgələr texnologiyadan istifadəyə daha sağlam alternativdir".  
 
Uşaqlar üçün bütün zəruri təhlükəsizlik və rahatlıq standartlarına riayət olunmasına lazımi diqqət yetirməsi vacibdir
 
Kəmalə Aşumova uşaqların düşərgələrdə istirahəti zamanı nəzərə alınmalı olan bəzi məsələlərə diqqət çəkərək deyir: "Təəssüflər olsun ki, heç də hər zaman təşkil edilən yay düşərgələri uşaqlarda xoş təəssüratlar yaratmır, onların inkişafına töhfə və təhlükəsizliyinin təminatı baxımından qənaətbəxş olmur. Bu cür hallarda uşaqlara təhlükəsizlik tədbirlərinin təmin olunmaması, uşaqların sağlamlığı və rifahı üçün risklərlə nəticələnmə, pis yaşayış şəraiti, qeyri-kafi qidalanma və ya gigiyena standartları ilə bağlı problemlər, düşərgə daxilində zəif inkişaf etmiş proqram və fəaliyyətlər, uşaqlarla qayğı və qarşılıqlı əlaqənin keyfiyyətinin aşağı olması qeyri-peşəkar əməkdaşların uşaqlarla adekvat ünsiyyət qurmaması, proqramların onların ehtiyaclarına və təhlükəsizliklərinə uyğunlaşdırılmaması və digər bu cür çatışmazlıqlar ümumi düşərgə təcrübəsinə, uşaqların və onların valideynlərinin məmnunluğuna, yay tətili zamanı uşaqların sağlamlıq və inkişaf məqsədlərinə çatmasına mənfi təsir göstərə bilər".
 
Düşərgələrin yüksək keyfiyyətli proqram və xidmətlərin təmin edilməsinə, eləcə də uşaqlar üçün bütün zəruri təhlükəsizlik və rahatlıq standartlarına riayət olunmasına lazımi diqqət yetirməsi vacibdir:
 
"Yay düşərgələri uşaqların fiziki fəaliyyətini, sosial qarşılıqlı əlaqəsini, yaradıcılığını və ətraf aləmi kəşf etməyi təşviq etməklə onların inkişafı üçün dəyərli platformadır. Texnologiyadan istifadəni məhdudlaşdırmaqla və müxtəlif təcrübələr təklif etməklə düşərgələr uşaqların ümumi rifahını təşviq edir və həddindən artıq ekran vaxtı və rəqəmsal asılılıq ilə bağlı riskləri azaltmağa kömək edir". 
 
Məktəblilərin yay tətili günlərinin təşkilində müəyyən problemlər də var
 
İcraçı direktorun sözlərinə görə hazırda asudə vaxtının səmərəli təşkili və uşaqların yay tətili günlərində dincəlməsində problemlər də var: "Bu sahədə təəssüf ki, pərakəndə fəaliyyət davam edir. Bu gün “Uşaqların istirahətinin və asudə vaxtının səmərəli təşkil edilməsi haqqında Qanun”unun qəbul olunmaması, ölkədə uşaqların istirahət hüququnu məhdudlaşdırır. Həm də nəzərə almaq lazımdır ki, heç də hər bir ailə öz övladının yay tətilini təmin etmək imkanına malik deyil. Məktəb yaşlı yeniyetmələrimizin, gənc nəslin daha hazırlıqlı, daha dünyagörüşlü vətəndaşlar kimi yetişməsi üçün onların dərsdənkənar asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkili və təmini üçün ciddi addımlar atılmasına ehtiyac var". 
   
Digər tərəfdən valideynlər də nəzərə almalıdır ki, uşaqların hərtərəfli ahəngdar inkişafı onların daxili hisslərindən, əhval-ruhiyyələrindən çox asılıdır. Tətil günləri müsbət hisslərlə, əhval-ruhiyyə ilə müşayiət olunarsa, növbəti dərs ilində şagirdlərin uğurları, təhsilə olan maraqları da artmış olacaq. Çünki onlar tətil və yaxşı istirahət sayəsində daxili komfort hissi əldə etmiş olacaqlar.
   
Paytaxtdakı 91 nömrəli tam orta məktəbin müəllimi Aybəniz Hacıyevanın, fikrincə, yay tətili uşaqların istirahəti ilə yanaşı, onların səmərəli vaxt keçirmələri və intellektual inkişafı üçün də yaxşı fürsətdir:
 
"Hər bir valideyn çalışmalıdır ki, övladı telefon və kompüter oyunlarından uzaq dursun. Birlikdə rəsm çəkmək, kitab oxumaq, sonra müzakirələr aparmaq uşaqlara daha faydalı olar və onların zövqünü formalaşdırar. Bu tapşırıqlar uşaqların rabitəli nitqinin və yazı mədəniyyətinin düzgün formalaşmasına kömək edəcək. Bununla bərabər, çalışın ki, övladınız dostluq etdiyi uşaqlarla vaxt keçirsin. Bu, övladınızın sosial ünsiyyət qurmasına çox xeyirlidir.
   
A.Hacıyeva vurğulayıb ki, 10-15 yaşlı uşaqların sosial şəbəkələrdən istifadəsinə valideynlərin ciddi nəzarət etməsini məsləhət görür: “Bu yaşda uşaqlar ziyanlı və böyük təhlükələrə yol aça biləcək oyunlardan uzaq olmalıdırlar. Çalışmaq lazımdır ki, uşaqlar yayda sevdiyi idman növü ilə məşğul olsun və yaxud maraqlı bir kitab oxusun. Valideynlər uşaqlarının istəyini dəstəkləməli və ona nizamlı nəzarət etməlidirlər”. 
 
Qeyd edək ki, başqa fəsillərdən fərqli olaraq yay fəsli məktəblilər üçün daha şən və maraqlı keçir. Çünki onlar tətil müddətində valideynləri ilə birlikdə müxtəlif yerlərdə istirahət edirlər. Yayda təbiət bütün gözəllikləri ilə uşaq dünyasına xoş ovqat bəxş edir. Onlar təbiət qoynunda olarkən istirahət etməklə bərabər, yaşıllıqlara xüsusi gözəllik verən güllərin, çiçəklərin ağacların, dağ və yamacların şəkillərini çəkir, öz yaddaş dəftərçələrində xoş xatirə kimi saxlayırlar.

 
Sifai SƏFƏROVA


17.07.2024 | 13:00