Radiasiya Problemləri İnstitutu bölgələrdə ekoloji problemlərə həsr olunmuş tədbirlər keçirib
Radiasiya Problemləri İnstitutu “Ruzgar” Ekoloji İctimai Birliyi ilə birgə 11-13 iyul, 2024-cü il tarixlərində Şəki, Mingəçevir və Gəncə şəhərlərində “Plastik tullantısız Yaşıl Dünya” adlı dəyirmi masalar keçirib.
 
İnstitutdan "Azərbaycan müəllimi"nə bildirilib ki, dəyirmi masalarda Şəki, Mingəçevir və Gəncə Regional Ekologiya idarələrinin, Kommunal təsərrüfatı işçilərinin, bu şəhərlərdə yerləşən ali məktəblərin, qeyri-hökumət təşkilatları nümayəndələri və jurnalistlər iştirak ediblər.
 
Plastik tullantıların ətraf mühitə və insan sağlamlığına təsiri və onların idarə olunmasında qarşıya çıxan problemlər ətraflı müzakirə olunub, bu problemlərin həlli yolları barədə geniş məlumat verilib. Prof. İslam Mustafayev “Plastik tullantıların idarə olunması: problemlər və onların həlli yolları”, kimya üzrə fəlsəfə doktoru Rəna Xankişiyeva “Azərbaycanda plastiklərin istehsalı və onların xassələri”, fizika üzrə fəlsəfə doktoru Əminə Mikayılova “Yaşıl dünya naminə həmrəylik” ilində COP29-a doğru” adlı məruzələr ediblər.
 
Qeyd edilib ki, bu cür tədbirlər Azərbaycanın ekoloji problemlərin həllində beynəlxalq səviyyədə nümunəvi bir ölkə olduğunu bir daha sübut edir. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirlər ölkəmizin ekoloji siyasətininin inkişafına yeni təkan verməkdədir.


16.07.2024 | 13:30