UFAZ və ADNSU əməkdaşları geofizika sahəsinə dair birgə araşdırma aparıblar
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) müəllimi Klara Codri və UFAZ məzunlarının birgə məqaləsi “The Leading Edge” jurnalında dərc olunub. Onların tədqiqat işi “SEG yay sahə düşərgəsi: Azərbaycanın Astara bölgəsindəki su layının multigeofiziki görüntülənməsi” mövzusuna həsr edilib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə UFAZ-dan məlumat verilib.
 
Birgə tədqiqat işi ötən ilin SEG (Cəmiyyətin Geofizika Tədqiqatları) ADNSU/UFAZ bölməsi tərəfindən təşkil edilmiş geofizikaya dair yay düşərgəsinin nəticəsi kimi ərsəyə gəlib. Bu tədbir SEG, BP və “EiGroup”un maliyyə dəstəyi, həmçinin UFAZ və ADNSU-nun dəstəyilə həyata keçirilib. Bu qurumlar geofizikaya dair avadanlığın təmin edilməsi, mütəxəssislərinin könüllü olaraq fəaliyyətə cəlb olunması və bütün iştirakçılar üçün tədris təcrübəsinin böyük ölçüdə zənginləşdirilməsi üçün töhfə veriblər.
 
UFAZ-ın müəllimi Klara Codri və məzunları Daşqın Abakarov, Nigar Kərimova, Zaur Bayramov, ADNSU-nun müəllimi Murad Abdullazadə və məzunu Cavid Əliyev tərəfindən birgə yazılmış məqalə yay düşərgəsindən əldə edilən mühüm nəticələri təqdim edir. Onların tədqiqatı Azərbaycanın Astara bölgəsindəki su layının multigeofiziki görüntülənmə üsullarının tədqiqinə yönəlib. Bu tədqiqat müəlliflərin akademik fəaliyyətlərinin praktiki tətbiqi və tədqiqatların real dünyaya təsiri barəsində fikir formalaşdırır.


16.07.2024 | 13:00