Milli Kitabxananın direktoru: 2024-cü ildə oxucularımızın sayı artaraq 257 697 nəfərə çatıb - MÜSAHİBƏ
Yaşadığımız əsr sürətlə inkişaf edən informasiya texnologiyaları ilə formalaşır və təkmilləşir. Belə şəraitdə həyatımızın bütün sahələrində baş verən irəliləyişlərə uyğunlaşaraq, ictimaiyyəti elmi nöqteyi-nəzərdən maarifləndirməklə öz informasiya rolunu qoruyub saxlamağa çalışan əsas faktor kitabxanalardır. Sözsüz ki, prosesin öz axarında və effektiv davam etməsi üçün insanlar mütəmadi olaraq kitabxanalara üz tutmalıdırlar.
 
Cəmiyyətin maariflənməsi üçün lazım olan bu cür əhəmiyyətli məqamlar tez-tez qeyd edilir, diqqətə çatdırılır. Bəs cəmiyyət buna nə dərəcədə uyğunlaşır? Əslində, belə bir fikir formalaşıb ki, insanlar son illərdə texnologiyanın sürətli inteqrasiyası səbəbi ilə kitablardan və kitab evlərindən uzaqlaşıblar.
 
Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət işçisi professor Kərim Tahirov “Azərbaycan müəllimi”nə müsahibəsində bu məsələlərə aydınlıq gətirib.
 
- Kərim müəllim, Milli Kitabxananın illik oxucu sayı təxminən nə qədər olur, illərə görə say nisbətində artım, yaxud azalma müşahidə edilirmi?
 
- İstər ənənəvi xidmətdə, istərsə də virtual istifadəçilərin sayında hər il artım müşahidə olunur. 2023-cü ilin statistik göstəricilərinə görə Milli Kitabxanada daimi oxucuların sayı 247 508 nəfər, ədəbiyyat verilişi isə 1 474 834 nüsxə olub. 2023-cü ildə Milli Kitabxananın virtual istifadəçilərinin sayı isə 6 983 987 nəfər olub. 
 
2024-cü ilin 6 aylıq statistik göstəricilərinə görə Milli Kitabxanada daimi oxucuların sayı artaraq 257 697 nəfər, ədəbiyyat verilişi 810 484 nüsxə, virtual istifadəçilərin sayı isə 3 778 941 nəfər olub.
 
- Oxucular kitabxanaya, əsasən, tədqiqat işləri, yoxsa mütəmadi mütaliə məqsədilə üz tuturlar?
 
- Qeyd etmək istəyirəm ki, Milli Kitabxanaya bütün istifadəçi qrupları müraciət edir. Bunların içərisində alimlər də, gənclər də, evdar qadınlar da, uşaqlar da var. Milli Kitabxanada 13 oxu zalı fəaliyyət göstərir. İxtisaslaşmış zallarımız var: Humanitar və texniki elmlər, Gənclər üçün, Dövri-mətbuat, Xarici ədəbiyyat, Dissertasiya, Musiqi və digər zallar.
 
Mütəmadi mütaliə edən oxucularımız çoxdur. Milli Kitabxananın daxilində fəaliyyət göstərən zallarımızla yanaşı, sərbəst mütaliə imkanlarının yaradılması məqsədilə 2016-cı ildən Milli Kitabxananın nəzdində həftənin bütün günləri, 24 saat xidmət göstərən “Mən oxudum, sən də oxu” devizi altında işləyən “Açıq kitabxana” yaratdıq. "Açıq kitabxana"da ayrı-ayrı oxucular, yazıçılar, şairlər, görkəmli elm və mədəniyyət xadimləri tərəfindən kitabxanaya hədiyyə edilən kitablar nümayiş olunur və onların mütaliəsinə şərait yaradılır. Eyni zamanda Açıq kitabxanada kitabların mütaliəsi ilə bərabər, mübadiləsinə də gözəl imkan yaradılıb. Kitabxanada “Mən oxudum, sən də oxu” devizi altında kitabı-kitaba dəyişmə guşəsi, Milli musiqi guşəsi, Dövri mətbuat və Uşaq ədəbiyyatı guşələri fəaliyyət göstərir.Hər bir vətəndaş artıq mütaliə etdiyi öz kitabını "Açıq kitabxana"ya təhvil verməklə oxumadığı yeni bir kitab əldə edə bilir. Beləliklə, hər bir kəs mütaliə etdiyi və oxuduğu kitabların başqa şəxslər tərəfindən də mütaliə olunmasına şərait yaradır. Nəticədə insanlar təmənnasız olaraq yeni kitablar götürüb oxumaq və sonra gətirib yenisi ilə dəyişmək imkanı qazanırlar. "Açıq kitabxana"da poeziya günləri, mütaliə axşamları, ayrı-ayrı yazıçı və şairlərlə görüşlər, imza törənləri keçirilir, yeni kitabların təqdimat mərasimləri təşkil olunur. "Açıq kitabxana"da sərbəst Wi-Fi şəbəkəsi mövcuddur. Milli Kitabxananın elektron xidmətlərindən yararlanmaq üçün şərait yaradılıb.
 
- Övladları ilə birgə kitabxanaya üz tutan valideynlər üçün hansı şərait yaradılıb?
 
- Milli Kitabxananın yeni layihələrindən biri olan “Uşaq bölməsi və uşaq istirahət guşəsi” 2022-ci ildən istifadəyə verilib. Bu yeni xidmət sahəsi uzun müddət yaranmış tələbatdan irəli gələrək həyata keçirilib və kitabxananın çoxsaylı istifadəçi kütləsi tərəfindən tədqirəlayiq hal kimi qiymətləndirilib. Belə ki, valideynləri ilə birlikdə kitabxanaya gələn uşaqların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi daşıyan bölmədə uşaqlar dincəlir və mütaliə edirlər. Bu baxımdan azyaşlı uşaqların və məktəblilərin mütaliə vərdişlərinin formalaşdırılmasında bölmənin fəaliyyəti müstəsna əhəmiyyətə malikdir.
 
- Tədqiqat istiqamətində kitabxanaya üz tutanlar daha çox hansı sahə ilə məşğul olan şəxslərdir?
 
- Bütün elm sahələri üzrə müraciətlər var. Hazırda tədqiqat istiqamətində Milli Kitabxanaya tarix, hüquq, mədəniyyət, filologiya və tibb sahəsi ilə məşğul olanlar daha çox müraciət edir.
 
- Oxucu kütləniz daha çox hansı yaş aralığındadır?
 
- Milli Kitabxananın oxucularının əksəriyyətini gənclər təşkil edirlər. Oxucularımızın 80 faizi gənclərdir.
 
- Kitabxananın daimi oxucularının sayı nə qədərdir?
 
- Hazırda Milli Kitabxananın daimi oxucularının sayı 257 697 nəfərdir.
 
- Kitabxanaya daxil olan yeni kitabların sayı nə qədərdir və əsasən hansı sahə ilə bağlıdır?
 
- 2023-cü ildə Milli Kitabxananın fonduna müxtəlif mənbələrdən 23 360 nüsxə, 2024-cü ilin 6 ayı ərzində isə 15 457 nüsxə  ədəbiyyat daxil olub. Kitabxananın fondu 4 662 010 nüsxədən ibarətdir. Milli Kitabxananın fondu universaldır. Bütün elm sahələrinə dair kitablar daxil olur.
 
- Hansı mövzuda olan kitablar daha çox oxunur?
 
- Hər bir kitabın öz oxucusu var. Bütün kitablar oxunur. Elmi kitablar da, bədii kitablar da. Milli Kitabxanada elmi kitablar daha çox oxunur.
 
- Ümumiyyətlə kitabxanaya daxil olan kitabların mənbəyi haradandır?
 
- Respublika nəşriyyatları, Ali Attestasiya Komissiyası, elmi-tədqiqat institutları, görkəmli şəxsiyyətlərin kolleksiyaları, səfirliklər, respublika kitab mağazaları, abunə, beynəlxalq kitab mübadiləsi və s.
 
- Bazanızın yenilənməsi üçün hansı tədbirlər görülür?
 
- Milli Kitabxanamız istər ənənəvi, istərsə də elektron bazalarını yeniləmək üçün yeni layihələr həyata keçirir. Son layihələrimizdən biri olan “Azərbaycan musiqi kitabxanası” layihəsi haqqında bir neçə kəlmə söyləmək istəyirəm. 
 
Azərbaycan Milli  Kitabxanasının “Not nəşrləri və səsyazmaları” şöbəsinin fondunda mühafizə olunan səsyazılarından 29732 nüsxə nadir və zəngin qrammofon valları CD disklərə köçürülərək elektron bazası yaradılıb. Respublikamızda yeganə olan bu nadir Səsyazıları fondunun mühafizəsində və gələcək nəsillərə çatdırılmasında mühüm pol oynayan baza böyük əhəmiyyət kəsb edir. Yaxın zamanlarda təqdimatını planlaşdırırıq.
 
- Milli musiqi irsimizin təbliği məqsədilə hansı layihələr həyata keçirilir?
 
- Ümumiyyətlə,  Azərbaycan Milli Kitabxanası milli musiqi irsimizin təbliği istiqamətində bir çox layihələr həyata keçirib. Respublikamızın və dünyanın hər bir yerindən internetə çıxışı olan “Musiqi kitabxanası” layihəsi və Azərbaycan musiqisinin dünyada  geniş miqyaslı təbliğinə nail olmaq məqsədilə Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən "Azərbaycan musiqi irsinin dünyada təbliği” adlı birgə layihə də böyük əhəmiyyət kəsb edir. Azərbaycan Milli Kitabxanasının əməkdaşları Azərbaycan xalq mahnıları və bəstəkarlarının 300-dən çox musiqi əsərinin notlarını, habelə Azərbaycanın korifey ifaçılarının səsyazılarını mp3 formatında “Petruççi  Musiqi Kitabxanası”nda  (www.imslp.org) yerləşdirib. Burada Azərbaycanın Dövlət Himni, “Sarı gəlin”, “Qarabağ şikəstəsi” kimi şedevrlərin həm notu, həm də səsyazıları, korifey ifaçılarımızdan ölməz Bülbülün, Xan Şuşinskinin, Azərbaycan musiqisini dünyaya tanıdan unudulmaz Rəşid Behbudovun, Lütfıyar İmanovun, Habil Əliyevin və digər görkəmli sənətkarlarımızın ifasında xalq mahnılarımızın və bəstəkar mahnılarımızın lent yazıları yerləşdirilib.
 
Azərbaycan Milli Kitabxanası milli musiqi irsimizin təbliği istiqamətində işini davam etdirərək son illər ərzində “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından məşhur bəstəkarlarımızdan Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Müslüm Moqamayevin, Cahangir Cahangirovun, Rəşid Behbudovun, Bülbülün, Niyazinin, Süleyman Ələsgərovun və digərlərinin fundamental biblioqrafiyalarını hazırlayaraq nəşr edib və elektron məlumat bazalarını yaradıb. 
 
 
Günel ABBAS


16.07.2024 | 12:38