ATU beynəlxalq əlaqələr sahəsində daha bir uğura imza atıb
Azərbaycan Texnologiya Universiteti (ATU) Avropa Komissiyasının Erasmus+ proqramının iki beynəlxalq layihəsində iştirak etmək hüququ qazanıb. 
 
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, birinci layihə “Azərbaycan, Gürcüstan və Qazaxıstanda optik şəbəkələr və optik kommunikasiyalar üzrə ali təhsil müəsisələrinin monitorinq və idarəetmə potensiallarının artırılması” (OPTİFY) adlanır. Layihə çərçivəsində optik şəbəkələrin monitorinqi və idarəolunması üzrə magistratura səviyyəsində yeni ixtisasın açılması nəzərdə tutulub. Bu ixtisas üzrə müasir səriştələrə və bacarıqlara malik kadr hazırlığı yerinə yetiriləcək, akademik heyətin qabaqcıl Avropa ali təhsil müəssisələrində müvafiq məzmun və müasir tədris üsulları üzrə təlimi yerinə yetiriləcək. Həmçinin yeni tədris laboratoriyası yaradılacaq, sənaye üçün müvafiq məzmunlu təhsil modulları formalaşdırılacaq. Layihənin koordinatoru Azərbaycan Texniki Universitetidir. 
 
Digər layihə “Təhsil və innovasiya vasitəsilə ikili “yaşıl” və rəqəmsal keçidin təşviq edilməsi” (GreenTech Horizons) adlanır, yaşıl keçid və rəqəmsal transformasiya dövründə mühəndislik və idarəetmə bacarıqlarını gücləndirmək məqsədi daşıyır. Layihənin koordinatoru Novi Sad Universitetidir (Serbiya).


16.07.2024 | 11:32