Yardımlıda Atropatena dövrünə aid arxeoloji tədqiqatlar aparılıb
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun monitorinq qrupu Yardımlı rayonunda fəaliyyət göstərən Azərbaycan-Amerika birgə ekspedisiyasının apardığı arxeoloji çöl-tədqiqat işləri ilə tanış olub. Monitorinq komissiyası institutun direktoru Fərhad Quliyev, tarix elmləri doktoru, professor Hidayət Cəfərov, əməkdaşlar Ceyhun İzmayılov, Şamil Əsgərovun iştirakı ilə təşkil olunub.
 
Bu barədə "Azərbaycan müəllimi"nə institutdan məlumat verilib. Bildirilib ki, monitorinq komissiyası tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi ilə “Azərbaycanın cənub-şərq dağlıq ərazilərinin antik dövr abidələrinin tədqiqi” layihəsi çərçivəsində Urakəran kəndi ərazisində yerləşən Bilgə nekropolunda, eyniadlı kənd ərazisində yeni aşkara çıxarılmış antik dövr yaşayış yerində, həmçinin Gilar kəndi ərazisində aparılan çöl-tədqiqatlarını yaxından izləyiblər. Beynəlxalq ekspedisiyaya Amerika tərəfdən Hamilton Kollecinin Antropologiya kafedrasının dosenti professor Hannah Lau rəhbərlik edib.
 
Bilgə nekropolunda ilk tədqiqatlar Ceyhun Eminlinin rəhbərliyi ilə 2019-cu ildə başlanılıb. Sonrakı illərdə orada meqalit örtüklü daş qutu və küp qəbirlər aşkara çıxarılıb. Nekropolda torpaq qəbirlərin də olması dəqiqləşdirilib. Bir hektardan böyük ərazisi olan nekropol eramızdan əvvəl III əsrdən eramızın III əsrinə qədər 600 illik xronoloji çərçivəni əhatə edir. Builki tədqiqat mövsümündə eramızdan əvvəl III əsrə aid 1 torpaq qəbir, eramızdan əvvəl I əsrə aid 3 daş qutu qəbir və eramızın II-III əsrlərinə aid küp qəbirlər aşkar edilərək tədqiq olunmaqdadır. Diqqəti cəlb edən məqamlardan biri nekropol daxilində eyni ardıcıllıqla və eyni istiqamətdə dəfn olunmuş 8 ədəd at qəbrinin üzə çıxmasıdır. Atların xüsusi ardıcıllıqla, eyni istiqamətdə və eyni formada dəfn edilməsi xüsusi ritualdan xəbər verir.
 
Bilgə nekropolundan təxmini 300 metr cənub-qərbdə aşkar edilmiş tikili qalıqları da xüsusi diqqət çəkir. Ətrafda yaşayış yerinin aşkar edilməsi istiqamətində görülən bu işlər kəşfiyyat xarakterli olsa da, uğurlu nəticə verib. Burada müxtəlif istiqamətlərə uzanan iri bina qalıqları müəyyən edilib. Bəzi yerlərdə iri bina qalıqlarının döşəmələrinin izləri də aşkar edilib. Tədqiqatın gedişindən məlum olur ki, buradakı tikililər müxtəlif vaxtlarda modifikasiya olunub. Binanın aşkar edildiyi əsas qazıntı yerindən əlavə, tikilinin kənarlarında yoxlama qazıntıları da qoyulub və nəticədə onun daha geniş ərazini əhatə edəcəyi məlum olub. Möhkəm özülü və divarları olan bu tikililərin müdafiə istehkamı olması da istisna edilmir.
 
Sonuncu tədqiqat aparılan Gilar kəndi ərazisi olub. Ceyhun Eminlinin verdiyi məlumata əsasən, əvvəlki illərdə burada təsərrüfat işləri zamanı Bilgə nekropolu materialları ilə həmdövr olan oxşar nümunələr tapılıb və əraziyə baxış keçirilərkən burada antik dövr qəbirlərinin dağıdılması məlum olub. Bu səbəbdən Gilar ərazisində araşdırmalar ekspedisiyanın builki tədqiqat planına daxil olub. Burada da antik dövrə aid tikili qalıqları aşkara çıxarılaraq tədqiq olunmaqdadır. Çay daşlarından hörülmüş divar qalıqlarının qarşısında isə küp və daş qutu qəbirlər müəyyən edilib.
 
Qeyd edək ki, Yardımlı ərazisi antik dövrdə mövcud olmuş Atropatena dövlətinin sərhədləri daxilində olub. Azərbaycan tarixi üçün mühüm əhəmiyyət kəsb edən Atropantena dövləti arxeoloji cəhətdən zəif öyrənilib. Bu səbəbdən ekspedisiyanın aşkara çıxartdığı və tədqiq etdiyi yaşayış yerləri və qəbir abidələri Atropatenanın arxeoloji cəhətdən öyrənilməsi üçün olduqca vacibdir. Ekspedisiyanın verdiyi məlumata əsasən, tədqiqat mövsümü bitdikdən sonra aşkar edilmiş tikili qalıqları və daş qutu qəbirlərinin kənar divarları yerində saxlanılmaqla, tədqiqat yerləri torpaqlanacaq və torpaq sahiblərinə təhvil veriləcək. Abidənin ilkin qorunması üçün torpaqla örtülməsi yaxşı olsa da, digər tərəfdən tikili qalıqları təsərrüfat işləri səbəbindən ciddi təhlükə ilə qarşı-qarşıyadır.
 
Monitorinq komissiyası ekspedisiyanın fəaliyyətini yüksək qiymətləndirib. Tədqiqatlar iyulun 24-dək davam edəcək.


15.07.2024 | 16:37