Agentliyin direktor müavini Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

 

Orxan İrşad oğlu Abbasov 1987-ci ildə Gəncə şəhərində anadan olmuş, 2009-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Mühasibat uçotu və audit fakültəsinə 620 balla qəbul olmuş, bakalavr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
2009-2010-cu illərdə Azərbaycan Respublikasının Ordu sıralarında qulluq edərək həqiqi hərbi xidmət keçmişdir. 2012-2014-cü illərdə ABŞ-nın Qərbi Miçiqan Universitetində dünya iqtisadiyyatı üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2014-2015 illərdə Bakı Avropa Oyunları Əməlliyyat Komitəsində təlimlər üzrə mütəxəssis, 2015-2017-ci illərdə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin təhlil sektorunda məsləhətçi, 2017-2020-ci illərdə  Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin Təhsildə innovasiyalar sektorunun müdiri, 2020-2023-cü illərdə Təhsil Nazirliyinin Ümumi və Məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini, yerli təhsili idarəetmə orqanları ilə iş sektorunun müdiri, 2023-cü ildə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini  işləmişdir.
 
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevinin 15 iyul 2024-cü il tarixli, 217 saylı Sərəncamı ilə Orxan İrşad oğlu Abbasov  Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
 
Yeni Azərbaycan Partiyasının üzvüdür.
     
Ailəlidir, 2 övladı var.


15.07.2024 | 13:51