Dövlət Agentliyinin şöbə müdiri: Bağçalara olan tələb artıb - MÜSAHİBƏ | |
"Azərbaycan müəllimi" APA-ya istinadən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər Təhsilin Təşkili şöbəsinin müdiri İlahə Rəsulovanın müsahibəsini təqdim edir.
- İlahə xanım, artıq uzun müddətdir ki, "məktəbəqədər tərbiyə" anlayışı "məktəbəqədər təhsil" anlayışı ilə əvəz olunub. Elm və təhsil naziri Emin Əmrullayev də qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində tərbiyə, qayğı ilə yanaşı, tədris işi də aparılmalıdır. Hədəf bu tədrisin keyfiyyətini yüksəltməkdir. Bu istiqamətdə məktəbəqədər təhsil müəssisələrində tədrisin keyfiyyəti üzrə qiymətləndirmə necə aparılır?
- İndiyədək valideynlər, məktəbəqədər təhsil sahəsində çalışanlar, ümumilikdə, cəmiyyət tərəfindən məktəbəqədər müəssisə qayğı mərkəzi kimi qəbul edilir. Uşaq sadəcə, yesin, yatsın, bu kifayət edir. Müasir dövrün tələbləri bu yanaşmanın dəyişilməsini qaçılmaz edir. Qeyd edim ki, təhsil sahəsində PIRLS, PISA və TİMSS kimi beynəlxalq qiymətləndirmə proqramları var.
Azərbaycan hər 5 ildən bir IV sinif şagirdləri arasında keçirilən PIRLS - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatda (Progress in International Reading Literacy Study) iştirak edir.
Bundan başqa ölkəmiz İqtisadı Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir 15 yaşlı uşaqlar arasında keçirilən Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı – PİSA (Programme for International Student Assessment) və 4 ildən bir 4-cü və 8-ci siniflər arasında təşkil edilən Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramına (TIMSS) qoşulub. Hər üç tədqiqatın nəticələri və araşdırmalar göstərir ki, uşaqların akademik nəticələrinə təsir edən faktorlardan biri də onların məktəbəqədər təhsilə cəlb olunmalarıdır.
Çünki beş yaşa qədər olan dövr uşaqların inkişafı üçün çox vacibdir. Bu dövrdə uşaqların sosial-emosional və fiziki bacarıqları inkişaf edir. Bu mərhələdə azyaşlılar müsbət, pozitiv öyrənmə mühiti ilə əhatə olunmalıdırlar. Çünki uşaqlar bu yaş dövründə ətrafda baş verən və olan hər şey haqqında məlumat almağa və öyrənməyə can atırlar. Kiçik bir kağız parçası belə onlarda maraq oyadır. Bunun üçün bahalı oyuncaqlara ehtiyac yoxdur.
Məktəbəqədər dövrdə qayğı ilə yanaşı, qeyri-formal öyrənmə komponenti mühüm elementdir. Artıq iki ildir ki, məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tərkibinə keçib. Amma tələb-təklif arasında fərq olduğuna görə Elm və Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil sahəsində alternativ modellər tətbiq edilir. İcma əsaslı məktəbəqədər təhsil qrupları, qrant layihələr çərçivəsində yaradılan qısamüddətli təlim qrupları bunlara misaldır. Sözsüz ki, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi ilə yanaşı, keyfiyyəti də önəmlidir. Bu məqsədlə məktəbəqədər təhsil müəssisələrində mütəmadi olaraq monitorinqlər keçiririk. Monitorinqlər beynəlxalq standartlara uyğun hazırlanmış çərçivə sənədi və alətlərlə aparılır. İnfrastrukturdan tutmuş məzmun, kommunikasiya, bağça sənədləri, qida və s proseslər yoxlanılır.
- Ölkə üzrə 1668 məktəbəqədər təhsil müəssisəsi var. Bu müəssisələrdə təhsil verənlərin sayı isə 17 mindən çoxdur. Lakin məktəbəqədər təhsil müəssisəsi olmayan kəndlər, ərazilər hələ də qalmaqdadır və ya valideyn olduğu ərazidən uşağını müəssisəyə aparmaq üçün uzun bir məsafə qət etmək məcburiyyətində qalır. Təhsil isə hamı üçün əlçatan olmalıdır. Bu istiqamətdə hansı işlər aparılır?
- Doğrudur ki, ölkə üzrə 1668 bağça, 6254 qrup var. Eyni zamanda, ölkə üzrə boş yerlərin sayı 57 237 olaraq proqnozlaşdırılır. Bağçaların böyük hissəsi Bakının payına düşür. Paytaxtda təxminən 330-dan çox məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bəzi regionlar var ki, bağçaların sayı azdır. Hər kənddə bir bağça tikmək uzun və bahalı bir prosesdir. Dünyada bununla bağlı uğurlu təcrübələr var. Onlardan biri icma əsaslı məktəbəqədər təhsil qruplarıdır. Altıncı ildir ki, ölkəmizdə fəaliyyət göstərən icma əsaslı qrupların 80%-i regionların payına düşür. Bu, çox uğurlu modellərdən biridir. Üç-dörd yaşlı təxminən 16 550 uşaq həmin qruplara cəlb edilib. Bu il əlavə olaraq 140 mərkəzdə icma əsaslı təhsil qrupları açılacaq. Bu, ümumilikdə, 1168 qrup deməkdir. Belə qruplar əsasən, bağça olmayan ərazilərdə yaradılır. Tədris prosesinə valideynlər də cəlb edilir. Çünki valideynlər uşaqların həm də ilk müəllimləridir.
Alternativ məktəbəqədər təhsil modellərindən biri bağçaların içərisində olan boş otaqların dəyərləndirilməsinə yönəlib. Məsələn, Şirvanda və Zaqatalada biz bu modeli tətbiq etmişik. Bu otaqlarda qısamüddətli təlim qruplarına tam gün bağçaya gələ bilməyən, lakin bağça yaşında olan uşaqlar cəlb edilir.
Digər model isə ailə tipli təlim qruplarıdır. Şəki, Zaqatala və Balakəndən ümumilikdə, 40 ailə seçdik və onlar üçün proqram və resurslar qutusu hazırladıq. Bu qutuda təlimata uyğun resurslar yerləşdirdik. Hər həftə valideyn məktəbə gəlir və mentorlarla plan tuturlar. Məsələn, sabah uşağa yol hərəkət qaydaları öyrədiləcək. Hər şey izah olunur. Valideyn bu proqramı evdə öz övladına öyrədir. Həftədə bir dəfə isə valideyn övladı ilə birgə müəssisəyə gəlir. Burada təkcə uşaqlar deyil, həm də valideynlər öyrənirlər.
Bu yaxınlarda Şəkinin Çapağan kəndində olduq. Orada alternativ məktəbəqədər təhsil layihəsinə 8 qadın cəlb olunub. Onlardan beşi ilə görüşdük. Qadınlar məhz bu layihə vasitəsilə məktəbəqədər təhsillə bağlı xeyli sayda bilik və bacarıqlar əldə etdiklərini bildirdilər. Əvvəllər bu barədə düşünmədiklərini ifadə etdilər. İlk baxışda say az görünə bilər. Lakin bu rəqəm də son nəticədə məktəbəqədər təhsilin əhatə dairəsinə təsir edir.
- Dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirilməsi bu il tamamlanacaq. Bununla bağlı məlumat verərdiniz. Diaqnostik qiymətləndirmədə təhsilverənləri hansı istiqamətdə suallar gözləyir? Suallar konkret vəsaitdən hazırlanacaq?
- 2026-cı ilə qədər tərbiyəçi müəllimlərin və məktəbəqədər təhsil müəssisələrində çalışan metodistlərin sertifikasiyası keçiriləcək. Bununla bağlı artıq qaydalar da təsdiqlənib. Amma biz düşündük ki, sertifikasiyadan öncə insanları prosesə hazırlayaq. Yəni diaqnostik qiymətləndirmədən keçirək. Diaqnostik qiymətləndirmənin iki məqsədi var:
Birincisi, sertifikasiyaya hazırlıqdır, ikinci isə onların təlim ehtiyaclarını aydınlaşdırmaqdır. Bununla yanaşı, diaqnostikadan əvvəl məktəbəqədər təhsil müəssisələrində çalışanlar üçün könüllü sınaqlar təşkil olunacaq. İki sınaqla bərabər vebinarlar da təşkil olunacaq. Diaqnostik qiymətləndirmə ilə bağlı çərçivə sənədi hazırlanıb. Sözsüz ki, bu imtahanlarda Azərbaycan dili, riyaziyyat kimi fənlər deyil, daha çox məktəbəqədər təhsillə bağlı metodika, pedaqogika, uşaq psixologiyası, məktəbəqədər təhsilin təşkili, kurikulum üzrə suallar salınacaq. İstifadə olunan ədəbiyyatlar da çərçivə sənədində qeyd olunub. Əlavə edim ki, biz 11-15 iyun tarixlərində bütün regionlara səfər etmişik. Məktəbəqədər təhsil müəssisələrində çalışan müəllim, müdir və metodistlərlə görüşlər keçirmişik. Onlara çərçivə sənədi təqdim edilib. Bu ay dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsil verənlərin diaqnostik qiymətləndirmə öncəsi sınaq imtahanları həyata keçiriləcək. Bu sınaq həm onlayn, həm də əyani olaraq könüllülük prinsipi əsasında təşkil ediləcək. Diaqnostik qiymətləndirmə ilin sonunadək həyata keçiriləcək.
- Bağçalarda qeyri-ixtisaslardan olan çox sayda təhsilverən çalışır. Onların sayı bəllidirmi, hazırda məktəbəqədər təhsil müəssisələrində nə qədər qeyri-ixtisasdan olan mütəxəssis çalışır?
- Bununla bağlı monitorinqlər var. Bu statistika müntəzəm olaraq dəyişir. Çünki dövlət məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra məktəbəqədər ali və orta ixtisas təhsili olan namizədlər mərkəzləşdirilmiş qaydada imtahana cəlb olunurlar. 564 tərbiyəçi-müəllim məhz bu qaydada işə götürülüb.
İlkin statistikaya baxdıqda o zaman bağçalarda çalışanların yarısı qeyri- ixtisas sahibi olan şəxslər idi. Onlar əvvəlki dövrlərdə işə qəbul olunublar və əksəriyyətinin 10-20 il təcrübələri var. Amma təcrübə anlayışı peşəkar hazırlığı artırmaq, yeni yanaşma və metodikanı tətbiq etmək, nəzəri və praktik biliklərini artırmaq kimi qəbul olunmalıdır. Bir şəxsin 20 il hansısa binaya gedib-gəlməsi hələ təcrübəli kadr olması demək deyil. Bu, sadəcə, staj müddətidir.
Bütün bunlar sertifikasiya ilə tənzimlənəcək. Lakin o vaxta qədər biz onların ehtiyaclarını öyrənmək və onlara dəstək olmaq istəyirik.
- 5 yaşdan aşağı uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlb olunması və 5 yaşlıların bu prosesə cəlb olunması nisbəti necədir?
- Bağçalara olan tələb artıb. Hazırda tələb və təklif arasında boşluq var. Amma bununla bağlı həqiqətən, işlər görülür. Buna misal olaraq Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən tədbirləri, Heydər Əliyev Fondu tərəfindən tikilən bağçaları və alternativ modelləri göstərmək olar. 2026-cı ilə qədər 1-5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması səviyyəsini 50%-ə çatdırmaq əsas hədəflər sırasındadır. Hazırda, bu göstərici 35%-dir.
- Məktəbəqədər təhsil müəssisələrinə cəlb olunma ilə bağlı əsasən hansı bölgələrdə lənglik var və bunun səbəbi nədir?
- Bəzi bölgələr var ki, biz orada bağçaların boş olduğunu görürük. Bunun bir neçə səbəbi ola bilər: infrastruktur və bəzi valideynlərin ənənəvi yanaşması: “Uşaq balacadır, məktəbə gedəndə öyrənər, xəstələnər” və sair. Bu kimi düşüncələr səbəbindən də bəzi valideynlər övladlarını bağçaya qoymurlar.
Biz belə ərazilərdə təşviqatı gücləndirmişik ki, valideynlər bu fikirdən daşınsınlar. Övladlarını bağçaya cəlb etsinlər. Bu kimi hallarla bir çox regionlarda, məsələn, Şəkidə rastlaşmışıq. Hətta Bakının Nəsimi rayonunda bəzi bağçalar var ki, davamiyyət çox zəifdir. Burada infrastruktur məsələsi də rol oynaya bilər.
- Özəl bağçalarda dövlət hesabına təhsil almaq mümkün olacaq. İstərdim, bu barədə danışaq. Bu layihə haqda ətraflı məlumat verə bilərsinizmi, kimlər bu imkandan yararlana biləcəklər?
- Özəl bağçalar ödənişli əsaslarla fəaliyyət göstərir və bütün valideynlərin buna imkanı çatmaya bilər. Bu səbəbdən dünya təcrübəsi əsas götürülərək, belə bir layihə hazırlanıb. Belə ki, maliyyənin müəyyən hissəsini dövlət qarşılayacaq, qalan hissəsi isə valideyn tərəfindən ödənəcək. Yəni, tamamilə pulsuz olmayacaq. Şəhid və qazi övladları, əlilliyi olanlar, tək işləyən, təhsil alan valideynlərin övladları üstünlük hüququna malik olacaqlar. Sonra isə dövlət bağçalarına elektron sistem üzrə növbə gözləyən valideynlərə təklif göndəriləcəl. İlkin olaraq özəl bağçalarla görüşlər olub, fikir mübadiləsi aparılıb. Yaxın günlərdə bununla bağlı ictimaiyyətə daha geniş məlumat veriləcək.
- Məktəbəqədər təhsil müəssisələri ilə bağlı infrastruktur problemləri barədə danışmaq istəyirəm. Real çətinliklər hansılardır və hansı təkliflər hazırlanıb, hansı işlər aparılır?
- Bu günə qədər bizim 8 yeni bağçamız fəaliyyətə başlayıb. Bakıda, İsmayıllıda, Şirvanda, Yevlaxda, Samuxda, Böyük Qayıdış proqramı çərçivəsində Talış və Ağalı kəndlərində açılan yeni bağçalar artıq fəaliyyətə başlayıb. Sus və Zabux kəndlərində bağçaların fəaliyyətə başlaması planlaşdırılır.
- Məktəbəqədər təhsildə kurikulumun tətbiqi necə həyata keçirilir? Tədrisin məzmun və strukturu dünya standartları ilə və müasir dövrün tələbləri ilə uyğunlaşdırılıbmı?
- Kurikulum dedikdə, insanların ağlına qəliz metodlar gəlir. Amma bu sənəddə hər yaş qrupunun inkişaf sahələri üzrə standartları əks olunub. Tərbiyəçi-müəllimlər həmin standartlar əsasında günlük məşğələlərini, fəaliyyətlərini qurmalıdırlar.
Məsələn, “3-4 yaşındakı uşaq 10-a qədər saymağı bacarmalıdır” standartı qoyulubsa, tərbiyəçi-müəllim bu məqsədə çatmaq üçün müxtəlif öyrənmə metodlarından istifadə edə bilər. Məsələn, 5 rəqəmini oyun vasitəsilə, şəkil çəkmək, plastilindən fiqur düzəltmək, 5 rəqəmi ilə bağlı nağıl danışaraq və digər üsullarla öyrətmək olar. Bu artıq, tərbiyəçi-müəllimlərin yaradıcılığına bağlıdır.
Bundan başqa müəllimlərə dəstək olmaq üçün məktəbəqədər təhsil metodları ilə bağlı metodiki vəsait də var. Bu vəsait Təhsil İnstitutunun saytında yerləşdirilib.
- Sağlamlıq imkanları məhdud olan uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi üçün hansı işlər görülür?
- Bizim 7 xüsusi təyinatlı bağçamız var. Onlar Sumqayıt, Bakı və Mingəçevirdə yerləşir. Həmin müəssisələrə sağlamlıq imkanları məhdud olan uşaqlar cəlb edilir. Bizim pedaqoji-tibbi-psixoloji komissiyalarımız var. Valideynlər öz övladlarını bu komissiyalara apardıqda, aidiyyəti üzrə yönləndirilirlər. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 2024-cü il üzrə illik fəaliyyət planına əsasən, xüsusi təhsil sektoru məktəbəqədər təhsil müəssisələrində pilot inklüziv qrupların təşkil olunması üçün layihə hazırlayır. Çünki yüngül dərəcəli əlilliyi olan uşaqları digər uşaqlarla bir qrupa cəlb etmək olar. Amma bunun üçün meyarlar hazırlanmalıdır. Tərbiyəçi müəllimlər təlim keçməlidirlər.
- Tərbiyəçi müəllimlərin peşəkar inkişafına dəstək olmaq üçün hansı addımlar atılır?
- Bu günə kimi altı minə qədər tərbiyəçi müəllim və müdir peşəkar inkişaf təlimlərinə cəlb edilib. Bu il də 3 500 nəfərin peşəkarlığının artırılması üçün təlimlərə cəlb edilməsi gözlənilir. Mərkəzləşdirilmiş imtahan yolu ilə bağça müdirlərinin işə qəbulu da yeni bir yanaşmadır. Birinci mərhələdə bağçada işləyən müəllim və metodistlər bu imkandan yararlana bildilər, 43 yeni müdir təyinat aldı. Bu karyera pilləsində yüksəliş deməkdir. Bu il isə əvvəllər bağçada işləyən, lakin hazırda, işləməyən insanlar üçün şərait yaradıldı. Hazırda 117 nəfər test imtahanı mərhələsindən uğurla keçib və müsahibə mərhələsinə qatılıb.
- Dövlət məktəbəqədər təhsil müəssisələrinə uşaq qəbulu ilə bağlı danışmaq istərdim. Burada valideynləri narahat edən “növbənin sıfırlanması” məsələsinə aydınlıq gətirə bilərsinizmi?
- Bağçalara uşaq qəbulu il boyu davam edir. Amma may ayında biz bu qəbulu müvəqqəti olaraq dayandırırıq. Çünki uşaqlar böyüdükcə onların qrupdan-qrupa keçirilməsi yaşlarına uyğun tənzimlənir. Hansısa uşaqlar məktəbə hazırlıq qruplarına keçirlər. Nəticədə yerlər boşalır. Məktəbəqədər təhsil müəssisələrinin direktorları boş yerlərlə bağlı proqnoz verirlər. Həmin məlumatlar sistemə işlənir. Bütün hazırlıq prosesindən sonra iyul ayının ortaları bağçalara elektron qeydiyyat başlayır. Bir sözlə, yaş artdıqca qrupların dəyişdirilməsi zərurəti və valideynin yeni bir bağça seçimi ehtimalına görə sistemə giriş məhdudlaşdırılır. Biz valideynlərə şərait yaradırıq ki, əgər bu il başqa bir bağçaya qeydiyyatdan keçmək istəyirsə, bunu rahatlıqla edə bilsin. Bundan başqa valideynlərin növbəyə durduqları bağçalarda ola bilsin ki, artıq uşağın növbəti yaşına görə qrup olmasın. Bu səbəblərə görə növbələrin yaradılmasına fasilə verilir.
|
|
13.07.2024 | 09:05 | |
|
|
|