“Kamil müəllim necə olmalıdır?”

Ən yeni yanaşmaların, innovasiyaların tətbiq olunduğu müasir təhsil müəllimdən son dərəcə yüksək hazırlıq, təhsildə yeni metodologiyaları operativ mənimsəmək və tətbiq etmək bacarığı tələb edir. Müəllimlərin müasir tələblərə uyğun hazırlığını təmin etmək üçün müxtəlif beynəlxalq təşkilatlar, təhsil mərkəzləri çox sayda treninqlər keçirir.

 

Belə treninqlərdən biri də bu yaxınlarda Malayziyanın Kuala-Lumpur şəhərində baş tutmuşdu. Pendidikan Quru İnstitutunun (Müəllimlər üçün təhsil) təşkil etdiyi bu treninqə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə mən də dəvət olunmuşdum. 12 ölkənin nümayəndələrinin iştirak etdiyi həmin treninq müxtəlif ölkələr arasında təhsil körpüsü qurmaq, iştirakçıları kamil müəllimin necə olması prinsipləri ilə tanış etmək, onları bu istiqamətdə təkmilləşdirmək,  təcrübə mübadiləsi aparmaq, əldə edilmiş bilikləri gənc nəslin inkişafında tətbiq edə bilmək  bacarığı formalaşdırmaq məqsədi daşıyırdı.

 

Treninq müddətində biz müxtəlif məktəblərə getdik, kurikulum üzrə aparılan tədris prosesi, XXI əsr təhsilinin tələblərinə uyğun innovasiyalarla tanış olduq. Biz, həmçinin, mükəmməl dərsliklərin hazırlanması mexanizmi, metodologiyası, düzgün dərs planının necə tərtib olunması haqqında yeni məlumatlar əldə etdik. Düzgün dərs planı motivasiya, qrup işi, işçi vərəqələri üzrə iş, məlumat mübadiləsi, nəticə və qiymətləndirmə kimi mühüm elementləri nəzərdə tutur. “Kamil müəllim necə olmalıdır?” adlanan  bu proqram üzrə məşğələlər müəllimin sinifdə şagirdləri idarə etməsi, şəxsiyyətyönümlülük, şagirdlərdə düşüncə bacarığının inkişaf etdirilməsi, onlarda düzgün davranış mədəniyyəti formalaşdırılması, kurikulum metodunun tətbiqi və müəllimin müasir təlim işi - fəal dərsin təşkili kimi məsələlər üzərində qurulmuşdu.

 

Proqramın davam etdiyi müddətdə biz Malayziyanın paytaxtı Kuala-Lumpurun gözəl və mənzərəli guşələri, tarixi yerləri, qədim məbədləri, Malakka şəhərinin görməli yerləri ilə tanış olduq.

 

Hesab edirəm ki, bu treninqlər bizə çox şeylər öyrətdi.

 

Reyhan RZAYEVA,

Bakı şəhər 207 nömrəli tam orta məktəbin ingilis dili müəllimi, filologiya üzrə fəlsəfə doktoru



17.11.2018 | 10:11