Qarabağ Universitetində ilk ustad dərsini özüm keçəcəyəm – Mənsum İbrahimov
Qarabağ Universitetinin yaradılmasının sosial, siyasi-iqtisadi əhəmiyyəti olduğu qədər, mənəvi əhəmiyyəti də var. Tarixi ədalətin bərpa olunması baxımından Qarabağ Universitetinin məhz Xankəndidə olması da xüsusi önəm daşıyır. Şübhə yoxdur ki, Qarabağda yaradılan bu böyük universitet Azərbaycan təhsilində özünəməxsus yer tutmaqla bərabər, dünya reytinqlərində də önə çıxacaq.
 
Xalq artisti Mənsum İbrahimov “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, hər bir vətəndaş Qarabağ Universitetinin regionda aparıcı ali təhsil ocağına çevrilməsi istiqamətində aparılan işlərdə iştirak etməlidir:
 
“Bir vaxt Qarabağa qayıtmağı arzu edirdik. Ancaq bu gün xəyallarımızdan daha artığını yaşayırıq. Xankəndidə universitetimiz açılıb və artıq tələbə qəbul edəcək. Biz illərlə bunu gözləmişik, bu gün isə xəyallar reallığa çevrilib. Qarabağ həmişə mədəniyyətin, muğamın, musiqinin mərkəzi olub və bu gün orada incəsənət fakültəsi açılıb. Mən universitetin rektoru ilə danışmışam və öz təkliflərimi vermişəm. Bizim muğam kafedrasının əməkdaşları, tanınmış muğam ustaları Qarabağ Universitetində ayda bir, yaxud iki dəfə ustad dərsləri keçəcəklər. Bunlar çox önəmli məqamlardır. Düşünürəm ki, az bir vaxtdan sonra universitet bölgədə çox məşhur ali təhsil ocağına çevriləcək. 
 
Çünki oraya həm xaricdən, həm də ölkəmizdən olan çox yaxşı təhsil işçiləri dəvət olunur. Buna görə də həm sənət insanları, həm Azərbaycanın ziyalıları mənim səsimə səs verməlidirlər. Hər birimiz oranı tez-tez ziyarət etməli, orada görüşlər keçirməli, konsertlər, tədbirlər həyata keçirməliyik. Çünki 30 illik müddətdə o torpaqlarda Azərbaycanla bağlı hansısa bir tədbir keçirilməyib. Bu gün dövlətimiz əlindən gələni edir. Biz də xalq olaraq, necə ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın ətrafında birləşib, torpağımızı azad elədik, bu gün də hər birimiz bir yumruq kimi birləşməliyik”. 
 
M.İbrahimov qeyd edib ki, Qarabağ Universitetinin həm də siyasi önəmi var: 
 
“Bu dünyaya bir mesajdır ki, bu torpaq bizim torpağımızdır. Çünki vaxtilə orada bizim universitetimiz olub və biz yenidən onu bərpa eləmişik. Bəzən mən baxıram ki, gənclər arasında tərəddüd var, onlar prosesi tam bilmirlər. Ancaq mən deyərdim ki, heç nədən narahat olmasınlar, orada tamamilə təhlükəsiz mühit formalaşdırılıb. Oralar artıq Azərbaycanın suveren ərazisidir və biz gedib orada öz təhsilimizi davam etdirməli, quruculuq işləri ilə məşğul olmalıyıq. Orada insanlar məskunlaşmalıdır. Mən özüm də Xankəndidə olmuşam. Oralar sözün əsl mənasında cənnətdir. Çox böyük quruculuq işləri gedir və bizim ölkəmizin insanları orada çalışırlar. Bütün qurumlar orada artıq fəaliyyət göstərir. Mən Xankəndini dünyanın cənnəti adlandırardım. Elə buna görə də, bütün abituriyentlərə, müəllimlərə çağırış edirəm ki, Qarabağ Universitetinin ilk tələbəsi olmaq, müəllimi olmaq böyük bir işdir. Buna görə də abituriyentlər düşünmədən ilk sırada Qarabağ Universitetini qeyd etməlidirlər. İnanıram ki, bu cür də olacaq”.
 
Mənsum İbrahimov qeyd edib ki, azsaylı fakültələr arasında məhz incəsənət fakültəsinin də yer alması təsadüfi deyil:
 
“Azərbaycanın korifey sənətkarlarının demək olar ki, böyük əksəriyyəti o torpaqlarda doğulub. Qarabağda təhsil alıblar və öz sənətlərini dünyaya təqdim ediblər. Biz Qarabağın şöhrətini yenidən özünə qaytarmalıyıq. Bu, həm də siyasi mesajdır. O deməkdir ki, bu torpağın sahibi qayıdıb. 30 il sonra ədaləti özümüz bərpa edərək doğma torpaqlarımıza qayıtdıq və indi də haqq işimizi davam etdiririk. Bilirsiniz ki, işğal dövründə ermənilər torpaqlarımızda məskunlaşmaqla yanaşı, bizim musiqimizi də mənimsəməyə çalışırdılar. İndi biz öz torpaqlarımıza qayıtmışıq və orada artıq öz musiqimizi özümüz təbliğ edəcəyik. İncəsənət fakültəsinin Qarabağ Universitetində fəaliyyətə başlaması həm də bu baxımdan bir mesajdır.
Ona görə də mən düşünürəm ki, biz musiqimizi, sənətimizi daha çox təbliğ etməliyik. Biz dünyaya nümayiş etdirdikdən sonra onlar bu musiqini bizdən götürüb istinadla oxuya bilərlər. Çünki musiqini qadağa etmək olmur”.
 
Xalq artisti diqqətə çatdırıb ki, Qarabağ Universitetində ilk ustad dərsini elə özü keçəcək və gələcəkdə dərslərin tədrisi prosesində də iştirak etməyi planlayır:
 
“Qarabağ mənim doğulduğum, səsimi qazandığım torpaqdır. Mən bilavasitə bu torpağa bağlı bir insanam. Mənim beş qardaşım Qarabağ müharibəsi iştirakçısı, qazisidir və bir qardaşımın oğlu da İkinci Qarabağ müharibəsində şəhid olub. O vaxtı necə ki, arxa cəbhhədə, ön cəbhədə iştirak edirdik, məncə bu da bir cəbhədir. Bu da quruculuq cəbhəsidir. Hər kəsi bir daha Qarabağ Universitetinin inkişafında, dünyada tanınmasında, öz yerini tutmasında iştirak etməyə çağırıram”.
 
Günel ABBAS


12.07.2024 | 16:53