AzTU-nun koordinatorluğu ilə hazırlanan layihə Avropa Komissiyası tərəfindən qalib elan olunub
Azərbaycan Texniki Universiteti (AzTU) növbəti uğura imza atıb.
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.
 
Belə ki, AzTU-nun koordinatorluğu ilə hazırlanan “Gürcüstan, Azərbaycan və Qazaxıstanda optik şəbəkələr və optik kommunikasiyalar üzrə ali təhsil müəsisələrinin monitorinq və idarəetmə potensiallarının artırılması” (Enhancing monitoring and management capacities of Higher education institutions on optical networks and optical communication in Georgia, Azerbaijan, Kazakhstan, ERASMUS-EDU-2024-CBHE-STRAND-2 -“OPTIFY”) adlı "Erasmus+" layihəsi Avropa Komissiyası tərəfindən qalib elan olunub.
 
Layihə çərçivəsində Azərbaycanda genişlənməkdə olan optik şəbəkələrin monitorinqi və idarəolunması üzrə magistratura səviyyəsində yeni ixtisas açılacaq.
 
Bu ixtisas üzrə müasir səriştələrə və bacarıqlara malik kadr hazırlığı yerinə yetiriləcək, akademik heyətin qabaqcıl Avropa ali təhsil müəssisələrində müvafiq məzmun və müasir tədris üsulları üzrə təlimi yerinə yetiriləcək.
 
Həmçinin layihənin tərəfdaş universitetlərinin bazasında yeni tədris laboratoriyası yaradılacaq, sənaye üçün müvafiq məzmunlu təhsil modulları formalaşdırılacaq.
 
Qeyd edək ki, layihənin Azərbaycan üzrə tərəfdaşları Elm və Təhsil Nazirliyi, Bakı Mühəndislik Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Texnologiya Universitetidir. Layihə konsorsiumuna Avropa Komissiyasının proqram ölkələrinə daxil olan 4 , Qazaxstandan 3 və Gürcüstandan 3 tərəfdaş ali təhsil müəsisəsi daxil edilib. 


11.07.2024 | 16:50