BMU-İNHA İDP çərçivəsində “Yay məktəbi”nə başlanılıb
Bakı Mühəndislik Universitetində (BMU) tədrisi Koreyanın İNHA Universitetinin 22 nəfər professor-müəllim heyəti tərəfindən aparılacaq 3 həftəlik “Yay məktəbi”nə start verilib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə BMU-dan məlumat verilib.
 
Bildirilib ki, BMU ilə İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı çərçivəsində təşkil edilən “Yay məktəbi”ndə “İnformasiya texnologiyaları”, “İnşaat mühəndisliyi”, “Elektrik mühəndisliyi” və “Elektronika mühəndisliyi” ixtisasları üzrə dərslər keçiriləcək.
 
Akademik tədris ilinin davamı hesab olunan “Yay məktəbi”ndə koreyalı professor və müəllimlər sözügedən ixtisaslar üzrə “İKT-ya giriş”, “Siqnallar və sistemlər”, “Rəqəmsal dövriyyələr”, “Ətraf mühit mühəndisliyi və laboratoriya”, “İlkin müşahidə və praktika”, “Yaradıcı düşüncə və problem həlli”, “Rəqəmsal siqnalların emalı”, “Rəqəmsal sistemlərin layihələndirilməsi”,  “Maşın öyrənməyə giriş", “Avtomatik idarəetmə”, “Elektron dövrələri-II”, “Genişləndirilmiş struktur analizi”, “Hidrologiya” fənlərini tədris edəcəklər.
 
“Yay məktəbi” 26 iyulda başa çatacaq.
 
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında icra olunan BMU-İNHA İDP-nin icrasına 2020-ci ildə başlanılıb. 3+1 modelinə əsaslanan proqram çərçivəsində ümumilikdə 385 tələbə təhsil alır. Proqrama uyğun olaraq BMU-nun “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Elektrik mühəndisliyi” və “Elektronika mühəndisliyi” ixtisasları üzrə bu il ilk dəfə 61 tələbə məzun olub.


11.07.2024 | 15:34