Peşə təliminə cəlb olunan bir qrup məcburi köçkünə dövlət nümunəli sertifikatlar verilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində məcburi köçkünlər üçün keçirilən qısamüddətli kursları bitirən və buraxılış-ixtisas imtahanından müvəffəqiyyətlə keçən müdavimlərə Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş dövlət nümunəli sertifikatların təqdim edilməsi mərasimi keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov qeyd edib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyinin qarşısında konkret hədəflər qoyulub. Xüsusilə də yaxın gələcəkdə geri qayıdan əhalinin məşğulluq imkanlarının artırılması və sosial müdafiəsinin təmin edilməsi sahəsində peşə təhsili sisteminin xüsusi rolu müəyyən olunub. “Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Qarabağda 8 peşə təhsil müəssisəsinin qurulması o cümlədən 5000 nəfərin qısamüddətli, 1000 nəfərin isə ixtisasartırma təlimlərinə cəlb olunması planlaşdırılır. 
 
Qəbələ rayonunda məskunlaşan 84 nəfər keçmiş məcburi köçkün dayə, arıçı, aşpaz-qənnadıçı, çilingər-santexnik, heyvandarlıq mütəxəssisi, bərbər, əməliyyatçı mühasib və turizm təşkilatçısı ixtisasları üzrə qısamüddətli kurslara cəlb edilib. İxtisaslar Qəbələ rayonu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə aparılmış sorğulara əsasən müəyyən edilib.
 
Qısamüddətli kursların müddəti təlim proqramlarına uyğun olaraq 3 ay müddətində olub. Təhsil proqramları nəzəri bilik və praktik bacarıqların vəhdəti əsasında tərtib edilib. Kurs iştirakçıları ilk 2 həftədə nəzəri biliklər əldə edir, sonrakı 10 həftədə isə istehsalat təlimi və nəzəri biliklər üzrə tədris alırlar. Adıçəkilən kurslar geri qayıdan əhalinin peşəkar bilik və bacarıqlarını artıraraq, onların sosial-iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq və iş imkanlarını genişləndirmək məqsədi daşıyır.
 
Bu günə kimi, Gəncə, Mingəçevir və Qəbələdə ümumilikdə 114 nəfər məcburi köçkün sözügedən təlim proqramlarına cəlb edilib. Proqramı bitirən məcburi köçkünlərdən Gəncə şəhəri üzrə 26%-i, Mingəçevir şəhəri üzrə 29%-i və Qəbələ rayonu üzrə 45%-i işlə təmin olunub.


11.07.2024 | 11:48