UNEC-də Türkiyə universitetləri ilə əməkdaşlığa həsr olunan beynəlxalq konfrans

UNEC-də “UNEC və Türkiyə universitetlərinin əməkdaşlıq istiqamətləri: mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr olunan beynəlxalq konfrans keçirilib.

 

UNEC-in təşkilatçılığı və Türk Dünyası Araşdırmalar Vəqfinin (TDAV) dəstəyi ilə keçirilən konfransda universitetin rəhbərliyi və professor-müəllim heyəti ilə yanaşı, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə Cümhuriyyətinin gənclik və idman naziri Dr.Mehmet Muharrem Kasapoğlu, Türk Dünyası Araşdırmalar Vəqfinin rəhbəri Közhan Yazgan, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, AKP İstanbul millət vəkili Şamil Ayrım, İstanbul Universitetinin rektoru, professor Mahmut Ak və digər nüfuzlu qonaqlar iştirak ediblər.

 

UNEC-in rektoru, professor Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetində Türkiyə türkcəsində tədrisi türkçülüyə verilən önəm və dəyərin ən böyük göstəricilərindən biri adlandırıb. Türk dilində tədrisin TDAV-nin mərhum rəhbəri, professor Turan Yazganın təşəbbüsü ilə yaradıldığına diqqət çəkən rektor, Türk Dünyası İqtisadiyyat Fakültəsinin (TUDİFAK) hədəflərindən söz açıb: “Hədəfimiz TUDİFAK-ın türk dünyasına və dünya miqyasında keyfiyyət tələblərinə cavab verə biləcək təhsil məkanına çevrilməsidir. Son hədəf isə fakültə bazasında yeni universitet yaradılması və türk dünyası gənclərinin həmin universitetdə təhsil almasına şərait yaratmaqdır”. Fakültədə bu ildən yeni ixtisasların açıldığını bildirən rektor, fakültəyə qəbulda ötən dövrlərlə müqayisədə yüksək bal toplayan abituriyentlərin sayının artdığını qeyd edib. Ə.Muradov TUDİFAK-da təhsilin keyfiyyətinin və cəlbediciliyinin artırılması üçün Türkiyə universitetləri ilə ikili diplom proqramlarının reallaşdırılmasının vacibliyini vurğulayıb.

 

UNEC-in Türkiyənin nüfuzlu universitetləri ilə əməkdaşlıq etdiyindən söz açan rektor, birgə dərsliklərin hazırlanması və elmi məqalələrin tanınmış dərgilərdə çap olunmasının hər iki ölkənin təhsilinin keyfiyyətinin artırılmasında mühüm rol oynayacağını bildirib.

 

Konfransda çıxış edən Erkan Özoral Türkiyə-Azərbaycan münasibətlərindən söz açıb. Hazırda Azərbaycanın dünya arenasında öz layiqli yerini tutduğunu bildirən səfir, hər iki ölkənin qardaşlıq və dostluq münasibətləri ilə yanaşı, bütün sahələrdə uğurlu əməkdaşlıq etdiyini bildirib. Türkiyədə təhsil alan azərbaycanlıların sayının ildən-ilə artdığına diqqət çəkən səfir, bu istiqamətdə universitetlərin əməkdaşlığının mühüm rol oynadığını vurğulayıb. “Hədəfimiz hər iki ölkənin akademik səviyyəsinin daha da yüksəlməsidir” deyən türkiyəli diplomat, konfransın təşkilinin bu istiqamətdə əhəmiyyətli rol oynayacağına əminliyini vurğulayıb.

 

Dost və qardaş ölkədə olmaqdan məmnunluğunu ifadə edən Mehmet Muharrem Kasapoğlu Türkiyənin bütün sahələrdə Azərbaycanı dəstəklədiyini bildirib. Bu münasibətlərin təməlinin tarixi köklərlə bağlı olduğunu söyləyən  M.Kasapoğlu, ümummilli lider Heydər Əliyevin bu istiqamətdə əvəzsiz rol oynadığını diqqətə çatdırıb. Nazir Azərbaycanın uğurlu hərtərəfli inkişafını qürurla izlədiyini xüsusi vurğulayaraq, hər iki dövlət arasında imzalanan mühüm iqtisadi layihələrdən söz açıb.

 

Millət vəkili Şamil Ayrım professor Turan Yazganın elm və təhsil sahəsindəki xidmətlərindən bəhs edib. T.Yazganın milli-mənəvi dəyərlərə bağlı gənclərin yetişməsində böyük xidmətlər göstərdiyini bildirən millət vəkili məhz belə gənclərin sayəsində Azərbaycanla bərabər, Türkiyənin də problemi sayılan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olunacağına əminliyini bildirib.

 

İstanbul Universitetinin rektoru, professor Mahmut Ak mərhum professor Turan Yazganın həyat və fəaliyyətindən bəhs edib. Onun Türk dünyasında, o cümlədən Azərbaycanda təhsilin inkişafına böyük önəm verdiyinə diqqət çəkərək, bu siyasətin əsas məqsədinin türk millətini birləşdirmək olduğunu bildirib.

 

Konfransda Atatürk liseyinin şagirdlərinin ifasında şeirlər səsləndirilib.

 

Beynəlxalq konfrans “UNEC və Türkiyə Universitetlərində akademik fəaliyyətin keyfiyyətinin artırılması istiqamətində əməkdaşlıq istiqamətləri” mövzusunda panel müzakirələrlə davam edib. 



16.11.2018 | 14:11