BANM-də “Məzun günü” keçirilib
Bakı Ali Neft Məktəbində (BANM) növbəti “Məzun günü” keçirilib. Bu, ali məktəbin bakalavriat səviyyəsi üzrə 8-ci, magistratura səviyyəsi üzrə 6-cı buraxılışıdır.
 
Bu barədə "Azərbaycan müəllimi"nə BANM-dən məlumat verilib. Bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
 
Tədbiri açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov əlamətdar gün münasibətilə məzunları təbrik edərək deyib: “Böyük qürurla vurğulamaq istərdim ki, ali məktəbimizin builki məzunları SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, xarici şirkətlərdə, özəl və dövlət qurumlarında çalışır, dünyanın nüfuzlu universitetlərinə qəbul olur, təqaüd qazanır və təhsillərini davam etdirirlər.
 
Əldə olunan nailiyyətlər bir daha sübut edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizinin bariz nümunəsi olan, ölkə rəhbərinin müvafiq Fərmanı ilə SOCAR-ın strukturunda yaradılan Bakı Ali Neft Məktəbi fəaliyyətə başladığı gündən yüksəkixtisaslı, ingilisdilli peşəkar kadrlar hazırlamaq missiyasını uğurla həyata keçirir”.
 
Rektor Elmar Qasımov onu da vurğulayıb ki, BANM bütün məzunlara diplomları məhz “Məzun günü”ndə təqdim etmək ənənəsinə bu il də sadiq qalır.
 
Sonra SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva çıxış edib. O, ali məktəbin tələbələrə yüksəkkeyfiyyətli təhsil verməklə yanaşı, onların işlə təminatına da xüsusi diqqət yetirildiyini söyləyib. Məzunların SOCAR da daxil olmaqla, bir sıra böyük yerli və xarici şirkətlərdə, dövlət müəssisələrində uğurla fəaliyyət göstərdiyini deyən Ziba Mustafayeva qeyd edib ki, bu il Bakı Ali Neft Məktəbindən 268 tələbə məzun olur. Onlardan 23-ü fərqlənmə diplomu ilə bitirir, 117 nəfəri isə xanımdır.
 
Daha sonra ali məktəbin kimya mühəndisliyi ixtisasının məzunu Faiq Əliyev çıxışında BANM-də peşəkar kadr kimi yetişdiyini, burada aldığı bilik və bacarıqların həyatının növbəti mərhələsində böyük rol oynayacağını bildirib. Eləcə də 2024-cü il məzun buraxılışı üzrə ali məktəbin birincisi - “İlin tələbə”si, kimya mühəndisliyi ixtisasının məzunu Aysu Zamanova adını fəxri kötüyə həkk edib. O, BANM-in məzunu olmaqdan qürur duyduğunu söyləyib, mütəxəssis kimi yetişməsində, bilik və bacarıqlarının formalaşmasında böyük əməyi olan fədakar müəllimlərə və valideyninə təşəkkür edib.
 
Ali məktəbi fərqlənmə ilə bitirən məzunlara, ixtisas birincilərinə, sonra hərbi xidmətə yollanacaq məzunlara diplomlar verilib. Məzunların diplomlarının təqdimatından sonra tədbir bədii hissə ilə davam etdirilib.
 
Qeyd edək ki, 2023/2024-cü tədris ilində Bakı Ali Neft Məktəbinin bakalavriat səviyyəsindən 169, magistratura səviyyəsindən 99 nəfər olmaqla, ümumilikdə 268 tələbə məzun olur. Məzunların 27 nəfəri isə SOCAR-ın Gənc İstedadlar Proqramının iştirakçısıdır. Bu tədris ilində bakalavriat səviyyəsi üzrə neft-qaz mühəndisliyi ixtisasından 46, kimya mühəndisliyi ixtisasından 56, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasından 37, informasiya təhlükəsizliyi ixtisasından 23 nəfər, eləcə də magistratura səviyyəsi üzrə mühəndislik ixtisaslarından 15, MBA proqramından isə 84 tələbə məzun olur.


10.07.2024 | 16:09