Müəllimi cəbhədə, özü isə olimpiadada tarix yazaraq "Birincilərin birincisi" oldu | |
Olimpiadanın qızıl medalçısı, "Birincilərin birincisi"
İyulun 5-də Bakı Konqres Mərkəzində Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, mərasimdə Respublika Fənn Olimpiadalarında ən yüksək nəticə göstərmiş 8 şagird "Birincilərin birincisi" nominasiyası üzrə mükafata layiq görülüb. Onlardan biri Saatlı rayonunda fəaliyyət göstərən Cəbrayıl rayon Tatar kənd tam orta məktəbin məzunu Alimə Əliyevadır. O, 3 il ardıcıl olaraq tarix fənni üzrə keçirilən Respublika Fənn Olimpiadalarına qatılıb, bürünc, gümüş və qızıl medal qazanıb. Qeyd edək ki, Alimə bu il "Birincilərin birincisi" olmuş yeganə kənd məktəbi şagirdidir.
Alimə təhsil aldığı müddətdə bir sıra görüş və konfranslarda iştirak edib. “Məktəblilər arasında könüllülüyün təbliği” layihəsində, 2021-ci ildə “Azərbaycan Uşaqlarının V Ümumrespublika formunda”, 2021-ci ildə ABŞ-nin Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənən və Biləsuvar və Cəbrayıl rayonlarında təhsil alan şagirdləri əhatə edən “Becoming accurate and fluent in English” adlı layihədə, 2022-ci ildə “Bankçılıq və rəqəmsal ödənişlər” virtual kursunda, 2024-cü il 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin təşkil etdiyi tədbirdə fəal iştirak edib.
Xəyallarımı gerçəkləşdirmək üçün gecəmi gündüzümə qatdım
Alimə Əliyeva təəssüratlarını bizimlə bölüşərkən dedi ki, bu fənni ona 7-ci sinifdən tarix fənnini tədris edən Vüsal Ramizov sevdirib. Tarix fənninə olan həvəsini görən Vüsal müəllimin təklifi ilə o, 7-ci sinifdən yay tətili boyunca onlayn şəkildə Respublika Fənn Olimpiadalarına (RFO) hazırlaşmağa başlayıb. Və sonra müəllimi II Qarabağ müharibəsinə gedib.
"Fikirləşdim ki, müəllimim orada tarix yazırsa, mən də olimpiadalara qatılıb tarix yazmalıyam. Həmin tədris ili sadəcə ilk turu uğurla keçdim. Amma bu məni məyus etmədi. Daha da həvəsləndim, mükafatlandırma mərasimi keçirilən videolara baxdım və duyğulandım, xəyallar qurdum. Həm özümə, həm müəllimimə söz verdim ki, qalib olacağam və oldum da. Xəyallarımı gerçəkləşdirmək üçün gecəmi-gündüzümə qatdım. Növbəti il daha ciddi hazırlaşmağa başladıq. Müəllimim Vüsal Ramizov ilə həm məktəbdə, həm onlayn dərslərə davam etdik. Nəticədə 9-cu sinifdə bürünc, 10-cu sinifdə isə gümüş medala layiq görüldüm.
Müəlliminin dəstəyi ilə qızıl medal qazandı, "Birincilərin birincisi" oldu
Artıq çox qərarlı idim, 11-ci sinifdə özümə söz verdim ki, qızıl medal alacağam. Gecə və gündüz bütün gücümlə çalışdım. Nəhayət ki, Vüsal müəllimin dəstəyi ilə qızıl medala, həmçinin "Birincilərin birincisi" nominasiyasına layiq görüldüm. Sevincimi sözlə ifadə etmək çətindir, zəhmətimin nəticəsini görmək qürurvericidir. Qarşıma qoyduğum hədəf məni həvəsləndirir. Arzum hüquq üzrə təhsil almaqdır. Bu ixtisasa xüsusi rəğbətim var. Qəbul imtahanından ümumilikdə 657 bal toplamışam. Məşğələlərə isə demək olar çox getməmişəm, öz fənn müəllimlərimin dəstəyi ilə bu nəticəni əldə etmişəm. Bu ixtisasa isə ADA universitetində yiyələnmək istəyirəm. Arzum Vətənimə layiqli töhfə verən bir hüquqşünas kimi yetişməkdir. Təhsilimi isə xaricdə davam etdirmək arzusundayam".
Sifai SƏFƏROVA
|
|
10.07.2024 | 11:03 | |
|
|
|