“Elsevier”in region üzrə meneceri BMU-da olub
Dünyanın aparıcı elmi-analitika şirkəti “Elsevier”in Türkiyə, Qətər və Mərkəzi Asiya regionu üzrə meneceri Yasemin Karabagli Solay Bakı Mühəndislik Universitetində (BMU) olub.
 
BMU-nun əməkdaşları ilə görüşən qonağı beynəlxalq əlaqələr üzrə prorektor Ətrabə Gül salamlayaraq universitet alimlərinin elmi məqalələrinın yüksək indeksli nüfuzlu jurnallarda nəşrinə dair məsələlərin “Elsevier” şirkətinin nümayəndələri ilə müzakirə edilməsinin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə səslənən təklifləri dinləməyə hazır olduqlarını önə çəkib.
 
Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə xəbər verilib. Bildirilib ki, “Elsevier” şirkətinin meneceri Yasemin Karabağli Solay gənc ali təhsil ocağı olmasına baxmayaraq, BMU-nun bir sıra uğurlara imza atdığını, universitet alimlərinin dünyanın ən böyük elmmetrik bazası olan "Scopus"da məqalələrlə çıxış etdiyini bildirib. O, təqdimatında "Scopus" üzərindən alınan datalarla bağlı tam fərqli analitik araşdırmalarından danışıb, BMU-nun bu araşdırmalardakı yerinə, həmçinin universitet alimlərinin məqalələrində toxunulan sahələrə diqqət çəkib.
 
Bundan başqa, müvafiq bazalara ümumi baxış, onların əhatə dairəsi, istifadə imkanları, elmi bazaların tətbiq etdiyi yeniliklər barədə ətraflı məlumat verilib.
 
Görüşdə, habelə təkmilləşdirilmiş analitik həll metodu olan SciVal proqram təminatı vasitəsilə universitetin elmi məhsuldarlığının artırılması, əməkdaşlıq tərəfdaşlarını kəşf etmə qabiliyyətini, tədqiqat meyillərini müəyyənləşdirməsi, təhlil, vizuallaşdırma və s. geniş müzakirə olunub.
 
Sonda qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirilib.


09.07.2024 | 15:26