Növbəti üç rayon üzrə şəffaflığın artırılmasına dair seminarlar

Təhsil müəssisələrində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın artırılması istiqamətində seminarlar daha üç rayon üzrə keçirilib.

 

Paytaxtın Xəzər, Nizami və Sabunçu rayonlarının ümumi təhsil məktəblərini əhatə edən seminarlarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər və valideynlər iştirak ediblər.

 

BŞTİ tərəfindən keçirilən seminarların əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində təhsil sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, müvafiq normativ-hüquqi sənədlərin tələblərinin bir daha diqqətə çatdırılması və bu baxımdan qarşıda duran məsələlərin müzakirəsindən ibarətdir.

 

Tədbirlərdə çıxış edənlər təhsil sahəsində göstərilən elektron xidmətlərin sırasının kifayət qədər genişləndirilməsi və bu prosesin səmərəli şəkildə davam etdirilməsi nəticəsində bütün xidmətlər üzrə subyektiv amillərin maksimum azaldılması və şəffaflığın genişləndirilməsinin təmin olunması ilə bağlı həyata keçirilən tədbirləri diqqətə çatdırıblar. Bildirilib ki, ümumi təhsil müəssisələrində pedaqoji, inzibati-idarəetmə və tədris köməkçi heyətin işə qəbulu, uşaqların I sinfə və məktəbəhazırlıq qruplarına qəbulunun elektron sistem (www.mektebeqebul.edu.az) vasitəsilə aparılması, BŞTİ-nin tabeliyindəki lisey və gimnaziyaların V və VII siniflərinə şagird qəbulunun elektron qeydiyyat və müsabiqə yolu ilə həyata keçirilməsi, vətəndaşlarla iş və vətəndaş müraciətlərinə baxılması, Səyyar qəbulların səmərəli aparılması, məktəb-valideyn əməkdaşlığının genişləndirilməsi və ictimaiyyətə açıqlığın təmin olunması məsələləri bunun bariz nümunələridir.

 

Seminarların sonunda müvafiq mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, seminarların davam etdirilməsi nəzərdə tutulur.

 



16.11.2018 | 12:30