Britaniya Şurası tərəfindən Naxçıvan Dövlət Universitetinə beynəlxalq sertifikat təqdim olunub
Naxçıvan Dövlət Universitetində (NDU) IELTS imtahanında uğurlu nəticə göstərənlərə beynəlxalq sertifikatların təqdim edilməsi münasibətilə tədbir keçirilib.
 
NDU-dan "Azərbaycan müəllimi" nə xəbər verilib ki, tədbirdə universitetin rektoru Elbrus İsayev ölkənin təhsil məkanında ilk dəfə Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən IELTS Qeydiyyat və İmtahan Mərkəzində növbəti imtahanın uğurla başa çatdığını bildirib. Qeyd olunub ki, Britaniya Şurası ilə səmərəli əməkdaşlıq çərçivəsində IELTS mərkəzi muxtar respublikada populyarlaşıb və imtahanda iştirak edənlərin sayında artım dinamikası hiss olunur. Müəllimlərin peşə bacarıqlarının artırılaraq günün tələbinə uyğunlaşdırılması, həmçinin dil biliklərinin inkişaf etdirilməsi məqsədi daşıyan IELTS imtahanları universitet əməkdaşları üçün tam maliyyə dəstəyi ilə həyata keçirilir. Bu da imkan verir ki, universitetdə ingilis dilli ixtisaslarının sayı daha da artsın.
 
Rektor qeyd edib ki, muxtar respublikada ingilis dilli kadrların yetişdirilməsində NDU-nun Beynəlxalq Məktəbinin “Kembric” statusu alması gələcəkdə bu sahədə peşəkar kadrların artmasına hesablanmış ən mühüm addımdır.
 
Elbrus İsayev imtahanda yüksək nəticələr əldə edənləri təbrik edərək fəaliyyətlərində uğurlar arzulayıb.
 
Cənubi Qafqaz ölkələri üzrə imtahanlar departamentinin müdiri Nərgiz Əkbərova dünyanın 3000-dən çox nüfuzlu universitetində tətbiq olunan IELTS imtahanlarının üstünlüklərindən danışıb. Bildirilib ki, Britaniya Şurası əməkdaşlıq çərçivəsində IELTS imtahanlarının uğurlu təşkilində universitetin işini təqdirəlayiq hesab edir.
 
IELTS mərkəzinin koordinatoru Bayram Əliyev qeyd edib ki, ingilisdilli təhsilin həyata keçirilməsində mərkəzin əhəmiyyətli rolu var. İmtahanların təşkil edilmə prosesindən söz açan Bayram Əliyev yaradılan şəraitə görə minnətdarlığını bildirib.
 
Sonra Britaniya Şurasının Azərbaycanda ilk dəfə Naxçıvan Dövlət Universitetində açılan yeganə imtahan mərkəzi olduğunu təsdiq edən sertifikat təqdim edilib. IELTS imtahanında yüksək nəticə göstərənlərə beynəlxalq sertifikatlar verilib.


09.07.2024 | 13:45