Xaçmazda sertifikatlaşdırmada yüksək bal toplamış müəllimlərlə görüş keçirilib

Xaçmaz rayonunda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində yüksək bal toplayan müəllimlərlə görüş keçirilib.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, məktəb direktorları və müəllimlər iştirak ediblər. 

 

Tədbiri giriş sözü ilə açan icra başçısı Elnur Rzayev müəllimləri qazandıqları uğur münasibəti ilə təbrik edib, Azərbaycan müəlliminin keçdiyi uzun və şərəfli yoldan danışıb. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun məntiqi nəticəsi kimi bu gün ölkəmizdə təhsil sahəsində çox mühüm işlər görülüb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə müasir tələblərə cavab verən yeni məktəb binaları inşa olunub, təhsil ocaqlarının maddi texniki bazası xeli yaxşılaşdırılıb. Xaçmaz rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər davam etdirilir. 

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin nəticələri barədə məlumat verib. Qeyd edib ki, Xaçmaz rayonu üzrə 343 müəllim imtahanlarda iştirak edib. Onlardan 128 nəfəri 50 baldan yuxarı toplayıb. 54 müəllimin imtahan nəticələri 55 baldan yüksək olub. Müəllimlərdən 25 nəfəri 55, 13 nəfər 56, 4 nəfər 57, 3 nəfər 58, 6 nəfər 59, 3 nəfər isə ən yüksək nəticəni göstərərək 60 bal toplayıb.

 

Çıxış edən yüksək bal toplayan müəllimlər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Sonda imtahanlarda yüksək nəticə göstərən müəllimlər fəxri fərmanla mükafatlandırılıb.



08.07.2024 | 19:55