Öyrətməyi və öyrənməyi xoşlayan insan | |
Mən müsabiqə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna (hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutu) elmi işçi qəbul olanda cəmiyyətimizdə elmə son dərəcə yüksək qiymət verirdilər. Kənd məktəbindən gəlib həyatımı elmə sərf etmək qərarına gəlmişdim. Elmin yolu isə enişli, yoxuşlu idi. 400 manatlıq əməkhaqqından, şəxsi evdən ayrılıb, 100 manat maaşı, kirayənişinlik həyatını seçdim. Qabaqda nələr olacaqdı - bilmirdim. Amma ilk günlərdən hiss edirdim ki, belə həyat heç də asan keçməyəcək.
O zamanlar institut arı pətəyinə bənzəyirdi və işgüzarlıq çox yüksək idi. İnstitutun aparıcı elmi işçiləri vardı və kollektivin bütün ağırlığını çiyinlərində daşıyırdılar. Onlar Zahid Qaralov, Yəhya Kərimov, Əziz Əfəndizadə, Əliheydər Həşimov, Ağadadaş Babayev, Azər Abaszadə, Ramazan Babayev və bir də haqqında söz açacağımız Şəmistan Mikayılov idilər.
Bir ilin içərisində üç nəfər - Əziz Əfəndizadə, Yəhya Kərimov və Şəmistan Mikayılov doktorluq dissertasiyası müdafiə etdilər.
Professor Şəmistan Mikayılov hələ o vaxtlar diqqətimi çəkmişdi - xeyirxahlığı, səmimiliyi, işgüzarlığı, tədqiqatçılıq qabiliyyəti, gənc elmi işçilərə qayğı göstərməsi ilə.
İnstitutun adlı-sanlı alimləri ilə biz gənclərin arasında 15-25 il yaş fərqi vardı. Biz onların hörmətini, ehtiramını saxlayaraq, istedad və qabiliyyətlərinə həsədlə yanaşaraq, elmi şuralarda, iclaslarda çıxışlarını diqqətlə dinləyərək öyrənir, eyni zamanda onlara müraciət edəndə çəkinir, məsuliyyət hissi duyur, utanırdıq. Lakin Şəmistan müəllimə nədənsə ürək qızdıra, sözümüzü deyə bilirdik. Bu, ondakı sadəlikdən, müsahibinin vəziyyətini, öyrənmək yanğısını əlüstü anlamasından, qayğıkeşliyindən irəli gəlirdi. Elə şərait yaradırdı ki, ondan çəkinməyək. Bizi özü söhbətə tutur, halımızı-əhvalımızı xəbər alır, nədə çətinlik çəkdiyimizi soruşurdu. Gənclər bir yerə toplaşanda yaxın gəlib söhbətə qoşulurdu, özünü sevdirirdi, istədirdi.
Bir dəfə Sokratdan xəbər alırlar: “Sən nə üçün çox zaman yeniyetmələrlə həmsöhbət olursan?” O, cavabında deyir: “Çünki nazik və tər budaqları düzəltmək asandır, təravəti getmiş, qabığı qurumuş, üzü bərkimiş ağacı düzəltmək isə mümkün deyildir”.
Hərdən Şəmistan müəllimi görəndə Sokratın sözləri yadıma düşürdü. Görünür, cavanlarla həmsöhbət olması idi ki, onu qocalmağa qoymur, gənclik eşqi ilə yaşayıb fəaliyyət göstərməyə sövq edirdi. 90 yaşına çatmağa bir il qalmasına baxmayaraq quş kimi çevik, qıvraq idi, şax yeriyir, üzü həmişə gülürdü.
Şəmistan müəllimin bir müsbət keyfiyyəti də vardı: gənclərə bilik və bacarığını verməklə yanaşı, bu və ya digər məsələlərə onların münasibətini soruşur, bir növ öyrədir və öyrənir, dəqiqləşdirirdi. Mütəxəssislə məsləhətləşməyi özü üçün qəbahət bilmirdi. Qəribədir ki, bəzi şəxslərdə bu cəhət çatışmır, özlərini hər şeydən xəbərdar, məsləhətləşməyə ehtiyacı olmayan sanırlar. Unudurlar ki, elm bir dəryadır və bizim hər birimiz olsa-olsa bu dəryadan bir damla götürürük, həmişə öyrənməyə, soruşmağa, məsləhətləşməyə ehtiyacımız var. Elm özü də bu yolla inkişaf edir.
İllər quş qanadlıdır. Ötüb keçir. 43 il bundan əvvəl ilk dəfə gördüyüm və o zamanlar 46 yaşı olan Şəmistan müəllimin yaşının üstünə xeyli yaş gəldi. O vaxtlar da onun saçları düm ağ idi, 90 yaşı haqlamaqda olduğu vaxtda da. Mən onun saçlarını heç vaxt qara görməmişəm. Ağ saçlar müdrikliyin, ağsaqqallığın, böyüklüyün əlamətidir. Və mən hərdən fikirləşirəm ki, Şəmistan müəllimin saçları heç vaxt başqa rəngdə olmayıb, müdrikliyinin, kamilliyinin, mehribanlığının, xeyirxahlığının və sadəliyinin tarixi də ağ saçların tarixindən başlanıb.
Mən onu 46 yaşında görəndə də, sonralar da müdriklik, ucalıq, ağsaqqal, yol göstərən timsalında olub.
Pedaqoji elmlər doktoru, professor, Prezident təqaüdçüsü Şəmistan Mikayılov ağ saçların - müdrikliyin poemasını yaza-yaza sərasər 89 il yaşadı. Mənalı həyat sürdü. Çoxlu fəlsəfə doktoru yetişdirdi. Onların sayı 24-dür. 12 namizədlik, 5 elmlər doktoru dissertasiyalarının müdafiəsi zamanı rəsmi opponent kimi çıxış edib. Xeyli elmi əsərlər yazıb yaratdı. “Ədəbiyyat nəzəriyyəsi” dərsliyinin, ümumtəhsil məktəbləri üçün “Ədəbiyyat” dərsliklərinin (IV və V siniflər üçün), VIII sinif üçün “Ədəbiyyat müntəxəbatı”nın və fənn proqramlarının, “Elmi-metodik əsərlərindən seçmələr”in, onlarla elmi məqalə və kitabların müəllifi oldu.
İnstitutda baş elmi işçi, Ədəbiyyatın tədrisi metodikası şöbəsinin müdiri, Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun direktoru, respublika Təhsil Nazirliyinin kollegiya üzvü olub. Bundan əlavə, 1997-1998-ci illərdə pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə institutda fəaliyyət göstərən müdafiə şurasına rəhbərlik edib. XX əsrin 70-80-ci illərində respublika Maarif Nazirliyinin nəzdindəki tədris-metodik şuranın, ədəbiyyat fənnindən təlimin məzmununu müəyyən edən komissiyanın sədri, 90-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında ekspert komissiyasının üzvü kimi fəallıq göstərib.
Son zamanlar professor Ş.A. Mikayılov institutda böyük elmi məsləhətçi vəzifəsində çalışırdı.
Bu günlər acı xəbər institutun qapısını döydü. Pedaqogika üzrə elmlər doktoru, professor, Prezident təqaüdçüsü, ədəbiyyatın tədrisi metodikası ixtisası üzrə görkəmli mütəxəssis Şəmistan Abdu oğlu Mikayılov dünyasını dəyişmişdir. Bu xəbər institutun bütün işçilərinin, doğmalarının və onu tanıyanların ürəyini ağrıtdı. Gözəl insanlardan, dəyərli alimlərimizdən biri də bizi tərk etdi. Təsəllimiz budur ki, o, yaxşı ad qoyub getmişdir. Allah rəhmət eləsin! Yeri cənnətlik olsun!
Akif ABBASOV, Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim |
|
16.11.2018 | 16:15 | |
|
|
|