MBBİ-də “Elm və İnnovasiya” proqramının məzun günü keçirilib | |
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyin “Elm və İnnovasiya” proqramının təşkilatçılığı ilə keçirilən proqram çərçivəsində tələbələrə ixtisasları istiqamətində aktual mövzular üzrə seminarlar, mühazirələr təşkil olunub.
İnstitutdan "Azərbaycan müəllimin"nə bildirilib ki, tələbələr laboratoriya işlərinə cəlb olunub, elmmetrik bazalarda axtarış və istifadə qaydaları, elmi icmalların yazılması, istinadların verilmə qaydaları kimi bacarıqlara yiyələniblər. Proqrama müraciət edən 500-ə yaxın tələbə arasından 30 nəfər seçilmiş və müvafiq elmi-təqdiqat müəssələrində, o cümlədən AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) təcrübə keçmişlər. Onlar İnstitutun müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarında aparılan elmi tədqiqat işləri ilə tanış olublar.
Proqramın məzun günü AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda keçirilib.
Tədbirdə çıxış edən MBBİ-nin baş direktoru, akademik iradə Hüseynova gəncləri təbrik edərək Azərbaycan elminin gələcəyinin onların bilik, bacarıq və səylərindən asılı olduğunu vurğulayıb. Akademik Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun gənclərinin nailiyyətlərindən, xarici ölkələrin nüfuzlu universitetlərində doktorantura təhsili alan gənclərdən bəhs edib. Fəlsəfə doktoru dissertasiyalarını Fransanın Monpelye Universitetində uğurla müdafiə edən Fidan Hüseynova və İngiltərənin Oksford Universitetində müdafiə edib post-doktor kimi elmi fəaliyyətini davam etdirən Gülnar Abdullayeva kimi gəncləri misal gətirən akademik İradə Hüseynova onların bütün gənclərimiz üçün nümunə olacağını vurğulayıb. Tədbirin sonunda tələbələrə sertifikatlar təqdim edilib.
|
|
08.07.2024 | 16:43 | |
|
|
|