Ali təhsil müəssisələrinin rəhbər heyəti və məsul şəxsləri üçün təlim keçirilib - FOTO+VİDEO

5 iyulda Bakı Dövlət Universitetində Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsi tərəfindən “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi)” qaydaları ilə bağlı təlim keçirilib.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, təlimin keçirilməsində məqsəd ali təhsil müəssisələrinin rəhbər heyətinin və məsul şəxslərinin yeni qəbul olunmuş qaydalarla tanış edilməsidir.
 

Təlimdə Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman şöbənin fəaliyyət istiqamətləri, təlimin məqsədi və Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarına aid ümumi müddəaları barədə iştirakçılara məlumat verib.


Şöbə müdiri, həmçinin elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlərin dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı ilə Elm və Təhsil Nazirliyinə həvalə oldunduğunu xatırladıb.

 

Daha sonra Elm və ali təhsil siyasəti şöbəsinin müdir müavini Nərgiz Qaraxanova “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi)” qaydaları ilə bağlı müvafiq təlimatları təlim iştirakçılarına çatdırıb.

 

Yekunda Elm və ali təhsil siyasəti şöbəsi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Elm və Ali Təhsil Agentliyinin əməkdaşları ali təhsil müəssisələrinin rəhbər heyətinin və məsul şəxslərinin qaydalarla bağlı suallarını cavablandırıb, təklif və tövsiyələrini dinləyiblər.

 

Qeyd olunub ki, Elm və ali təhsil siyasəti şöbəsi tərəfindən təlimlər mütəmadi olaraq davam etdiriləcək.

 



08.07.2024 | 11:27