Müəllim və müəllim olmaq istəyənlər üçün kitab tövsiyələri – SİYAHI | |
Müəllimlər təhsil sisteminin əsasını təşkil edir və dəyişən müasir dünyada daim öz üzərlərində işləmək, ömürboyu öyrənmək ehtiyacı duyurlar. Müəllimlər öz şəxsi inkişafı ilə təhsil sistemində irəliləyişlərə dəstək verə bilərlər. Bunun üçün də ən yaxşı yollardan biri də məhz kitab oxumaqdır. Kitab oxumaq nə qədər vacibdirsə, hansı kitabları oxumaq da bir o qədər vacibdir.
Bu yazımızda şagird və tələbələrlə daha yaxından ünsiyyət qurmaq, müxtəlif təhsil təcrübələri haqqında məlumatlanmaq, təlim-tədris prosesini effektiv təşkil etmək istəyən müəllimlər, həmçinin müəllim olmaq istəyənlər üçün müəyyən kitablar topladıq.
“Azərbaycan müəllimi” olaraq pedaqoqların müəllimlər və müəllim namizədlərə tövsiyə etdiyi kitabların bir qismini oxucular ilə bölüşürük.
Daniel Qoleman – “Emosional zəka”
David Elkind – “Oyunun gücü”
Uşaq inkişafı üzrə mütəxəssis David Elkind bizi inandırır ki, planlaşdırılmamış, yaradıcı oyun uşaqları akademik və sosial həyatda uğura hazırlamaq üçün daha yaxşı bir vasitədir. Bu kitab evdə, məktəbdə və cəmiyyətdə uşaqların həyatında mühüm rol oynayan oyunların necə səmərəli tətbiq edilə biləcəyini izah edir. Qeyd edək ki, kitab müəllim və müəllim olmaq istəyənlərlə yanaşı, təhsil və inkişaf psixologiyası sahəsində çalışanlar, məktəbəqədər təhsil mütəxəssisləri və valideynlər üçün də olduqca maarifləndirici mənbədir.
Jan Jak Russo –“Emil və ya tərbiyə haqqında”
Russo ilə birlikdə müəllim mərkəzli təhsildən başlayaraq şagird mərkəzli anlayışa qədər təkamül prosesi başlamışdır. Russo bu əsəri ilə pedaqoji fəaliyyətə yeni anlayış və baxışlar gətirib. Bu işdə mütəfəkkir uşaq və onun inkişafını mərkəz hesab edərək öz-özünə inkişaf edən pedaqoji ideya yaradır. Onun fikrincə, bir şəxsiyyət kimi uşağın anadangəlmə bir çox xüsusiyyətləri var. Təlim-tərbiyənin vəzifəsi uşağı sıxışdırmadan, təbii qaydada onun mövcud qabiliyyətlərini inkişaf etdirməkdir. Uşaqların yaş dövrləri və inkişaf mərhələlərini müxtəlif dövrlərə ayıraraq təhlil edən Russo kitabda uşaqların düzgün təlim-tərbiyə alması, istedadlarının üzə çıxarılması, mənəvi dəyərlərin aşılanması kimi mühüm məsələlərə diqqət çəkib.
Qlasser bu kitabında uğursuzluq məsələlərini həll etmək üçün müəllimlərin tələbə və şagirdləri alternativ metodlarla tədrisə cəlb etmələrini tövsiyə edir. Ona fikrinə əsasən, məsuliyyət hissinin formalaşdırılması ilə uşaqların potensialını üzə çıxarmaq mümkündür. Əsərdə məktəblərdə daha uğurlu bir ekosistemin necə qurulmalı olduğunu göstərmək üçün real təcrübələr əks olunur. Kitab müəllimlərə və məktəb rəhbərlərinə praktiki məsləhətlər təqdim edir, həmçinin təlim-tədris prosesində yaradıcı və effektiv metod və vasitələrin istifadə edilməsinin önəmini vurğulayır.
Malkolm Qladvel – “Dahilər və autsayderlər”
Qriqoriy Petrov – “Bəyaz zanbaqlar ölkəsində”
Finlandiyanın milli dirçəliş hekayəsini əks etdirən bu əsər hər bir təhsil işçisi üçün oxunması vacib olan kitablardandır. Qriqoriy Petrov tərəfindən yazılan bu əsər Finlandiyanın tarixi dövrlər boyu isveçlilər və rusların hakimiyyəti altında olan, lakin milli xüsusiyyətlərini, milli-mənəvi dəyərlərini qoruyub saxlayaraq yenidən azadlığa qovuşmasını əks etdirir. Kitabda Finlandiyanın məhdud resurslarına baxmayaraq, onların milli ruhunu və dəyərlərini qorumaq üçün səyləri vurğulanır, məhz təhsil vasitəsilə ölkələrinin inkişafına nail olmaları diqqətə çatdırılır. Müəllimlər bu əsəri oxuyaraq şagirdlərinə milli dəyərlər, mədəniyyət və tarixin vacibliyini daha dərindən təbliğ edə bilərlər.
Cəlil Məmmədquluzadə – “Anamın kitabı”
Vaqif FƏTULLAYEV |
|
08.07.2024 | 10:32 | |
|
|
|